Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Banklar müflis olur - Kreditçilər sevinir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanın bank sektorundakı böhran davam edir. Banklar bağlanır, səlahiyyətləri məhdudlaşdırılır, müflisləşir. Bankların müflisləşməsindən istifadə edən vətəndaşlar isə həmin banka olan kreditlərini ödəməyi gecikdirirlər. Düşünürlər ki, bununla onların kreditləri silinəcək. Lakin heç də belə deyil.

İqtisadçı-ekspert Vüqar Bayramov modern.az-a açıqlamasında bildirib ki, müflisləşən və ya müflisləşməkdə olan banklara borcu olan şəxslərin kreditlərini ödəməməsi faktiki mümkün deyil:

«Bu, yanlış yanaşmadır. Vətəndaş krediti qaytaracaq. Çünki qanunvericiliyə görə, bank müflis olduqdan sonra Mərkəzi Bankda komissiya yaradılır və bankın öhdəlikləri bir neçə bank arasında bölüşdürülür. Kredit öhdəlikləri verilən banka vətəndaş öz borcunu ödəməlidir. Nəzərə alsaq ki, müflisləşən bankın əmanətləri də var, kreditlərin qaytarılması bu əmanətlərin ödənilməsi üçün də vacibdir. Burada kreditin qaytarılmaması və ya hər hansı güzəştin tətbiq edilməsi mümkün deyil. Kredit əvvəlki qaydada, şərtlər dəyişmədən öhdəliyinə verilən banka ödənilir».

YAP-ÇILAR KÜTLƏVİ İŞDƏN ÇIXARILIR

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında kütləvi ixtisarlar başlayıb.

«Azadlıq» qəzeti 6 avqust tarixli sayında yazır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni baş direktoru Taleh Ziyadov bu vəzifəyə təyinatından bir müddət sonra kollektivin sayını azaltmağa başlayıb: «İşçilərin sayı 700 nəfərdən 250-300 nəfər endirilib. Maraqlıdır ki, Taleh Ziyadovun çıxardığı işçilər əsasən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir».

DƏRMANLARIN 90%-NİN QİYMƏTİ DÜŞƏCƏK

«Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə» tarixi sosial qərar ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib.

yap.org.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O xatırladıb ki, yeni satış qiymətləri sentyabrın 15-dən qüvvəyə minəcək:

«Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcək…Gələn ilin mart ayına kimi bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq».

REGİONLARDA İLAN SANCANI BAKIYA GƏTİRİRLƏR

Zərdab varsa, niyə xəstəyə elə yerindəcə yardım edilmir? ANSPress kiçik araşdırmasında bu suala cavab axtarır.

Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov deyir ki, hər il bölgələrdə yerləşən xəstəxanalara Səhiyyə Nazirliyi tərəfindən zərdab paylanılır. Xəstəyə zərdab vurulsa da, onun sonrakı müalicəsini davam etdirmək üçün rayon xəstəxanalarında buna çox vaxt şərait olmur. Ona görə də ilan sancan şəxs paytaxta göndərilir:

«İlk öncə ilan sancan yerə yod çəkmək lazımdır. Bundan başqa yaranın yerinə təcili olaraq buz qoymaq lazımdır. Yaranı nə çərtmək, nə kəsmək, nə zəhəri sormaq, nə də qatıq sürtmək olmaz».

Təkcə bu ilin mayında 12 nəfəri ilan sancıb. Onlardan üçü uşaq, qalanları isə böyüklər olub. İyunda 15, avqust ayı başlayandan isə üç nəfər sürünənlərin hücumuna məruz qalıb.

XS
SM
MD
LG