Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:25

Nizami və Şekspiri orijinalda oxuyanda


Dalğa Xatınoğlu
Dalğa Xatınoğlu

- "Şekspirin yumorik dili var, yerli-yersiz zarafatları, istehzaları var, ancaq Nizami əsərlərində özünü həddindən artıq ciddi aparır..."

Dalğa Xatınoğlu

Nizami və Şekspirin 20 fərqi və oxşarlığı

Neo-klassika məktəbinin dünya ədəbiyyatında ən ünlü şairlərindən olan Nizami Gəncəvi ilə Vilyam Şekspirin əsərlərini orijinal dildə oxuduğunda heyrətə gəlməmək olmur.

Onların Azərbaycan dilində tərcümə olunmuş əsərlərindən bir neçə nümunə görmüşəm, çox təəssüf ki, orijinal dildə olan keyfiyyət təxminən məhv olub; əslində tərcümədəki Nizami və Şekspir sıravı şairlərdir.

Nizami ilə bağlı haqq vermək olar, yəni tərcüməçinin suçu yoxdur. Onun şeirləri o qədər texniki elementlər, incəliklər və orijinal dilə məxsus imkanlarla doludur ki, tərcümə olunası deyil.

Mən "Xosrov və Şirin" əsərinin tərcüməsindən bir neçə hissəni oxudum, görünür, çoxlu zəhmət çəkilib, ancaq orijinal əsərin gözəlliyindən əsər-əlamət qalmayıb.

Şekspir də elədir, onun əcayib dramaturgiyası var, nə bir kəlmə artıq, nə də əskikdir. Məncə, hər iki şairin əsərləri nəsr kimi, izahlar daxil olmaq şərtilə yenidən tərcümə olunsa daha yaxşıdır.

Oxşarlıqlar:

1 - Hər iki şair neo-platonik məktəbin yetirmələridir, daha çox Platonun "Simpozium" əsərindən təsirləniblər və yunan ədəbiyyatı, fəlsəfəsininin təsiri altında olublar. Hər ikisinin əsas teması gözəlliyə vurğunluq və onu yenidən yaratmaqdır.

2 - Hər ikisi rəvayət yolunu (öyküləmə, ing: narration) seçiblər. Şekspir 38 dram yazıb (əksəri vəznlidir), Nizani isə poema janrında, bir çox qısa və uzun hekayələri şeirə çevirib.

3 - Hər iki şair, yaşadığı toplumda dominant dinin yaranışından öncəki zamana üz tutublar. Şekspirin diqqəti tamamilə Roma, Yunan ədəbiyyatına yönəlib, Nizami də elədir, Xristianlıqdan öncəki Yunan və İranın İslamdan öncəki dövrünə aid olan hadisələri, insanları, tarixi, mifləri diqqət mərkəzinə alıb.

4 - Hər iki şair özlərindən öncə yazılmış əsərləri yenidən yazıblar. Məsələn, Şekspirin yalnız "Tufan" əsəri öz xəyalından yaranmış əsərdir, başqa əsərləri ya öncə yazılmış əsərləri yenidən yazmaq, ya da tarixdən iqtibasdır.

Nizami də elədir. "Yeddi gözəl" əsərində İranın Sasanilər kralı Bəhramın həyatı haqda yazıb, "Xosrov və Şirin" poemasının hadisələri həmin sülalədən olan II Xosrov zamanı baş verir.

"İskəndərnamə"də Yunan kralı haqda yazır, həmçinin Yunan filosoflarının hekayələrini bu əsərin ikinci hissəsinə (İqbalnamə) daxil edib.

Hər iki şair həm epik, həm lirik, həm tarixi, həm sevgi temalarında əsər yaradıblar.

"Sirlər Xəzinəsi" əsərində isə müxtəlif hekayələr var, o cümlədən, Sasanilər kralı I Xosrov, Süleyman peyğəmbər və s. (İslamdan sonrakı hekayələr də bu əsərə daxildir).

5 - Hər ikisi yaratdığı əsəri zirvəyə qaldırıblar, yəni onlardan sonra, onların əsərlərini yenidən yaratmağa çalışan heç bir şair uğur qazana bilməyib.

Məsələn, Nizaminin "Sirlər Xəzinəsi"ni götürək. Bu əsər orijinalda "Məxzən-ul-Əsrar" adlanır. İndiyə kimi bu kitaba bənzər dörd yüzə yaxın əsər yazılıb, hamısının adı da bu əsərə bənzəyir, məsələn "Mətlə-ul-Ənvar", "Zubdət-ul-Əşar", "Məzhər-ul-Əsrar" (bu poema Nizaminin yaradıcılığına rəqib bir əsər kimi yazılıb) və digərləri. Hətta Nizaminin tozuna da çata bilmirlər.

6 - Hər iki şair yaşadığı dövrün kralları tərəfindən birmənalı şəkildə dəstəkləniblər.

7 - Hər iki şair neçə dil bilirmiş, baxmayaraq ki, Şekspirdən fərqli olaraq, Nizami Azərbaycan dilindən başqa, ərəb və fars dillərini mükəmməl bilirmiş.

8 - Hər iki şair qəzəl janrını da sınayıblar (Şekspirin sonetləri mahiyyətcə dəqiq qəzəl janrına bənzəyir, baxmayaraq ki, forma baxımından fərqlidir), ancaq Nizamidən fərqli olaraq, Şekspirin ən pik yaradıcılıq zirvəsi sonetləridir. Nizaminin qəzəlləri hədsiz dərəcədə zəifdir, təxminən göz yummaq olar.

9 - Hər iki şairin həyatı haqda təxminən heç nə bilmirik. Xüsusilə Şekspirin nə özü, nə də ailəsi haqda, hətta əsərlərinin içində bir kəlmə yazmayıb və onun yaşayışı haqda bəlkə yarım səhifədən artıq məlumat yoxdur.

10 - Hər iki şairin əsərləindəki aforizmləri çıxarsaq, elə əsərin özü boyda bir kitab alınar, həddindən artıq düşüncəyə diqqət göstərən sənətçilər olublar.

Fərqlər:

1 - Nizaminin şeirlərindəki dil çox ağır, mürəkkkəb və yüksək savadlılar üçündür, ancaq Şekspir olduqca sadə dildə yazıb, yəni onun dramları, hətta sonetləri mahiyyətcə avam xalqın başa düşəcəyi bir dildə yazılıb.

2 - Nizaminin yaratdığı qəhrəmanlar, nəinki müsbət xaratkerlər olub, həm də seçilmiş təbəqədəndirlər, ancaq Şekspirin yaratdığı xaratkerlər həm seçilmiş, həm adi xalqdan ibarətdir. Şekspirdə qəbirqazan Hamletin özü qədər önəmlidir.

3 - Şekspirin əsərlərində kral kral kimi, qəbirqazan, qəbirqazan kimi, əsgər əsgər kimi, qadın qadın kimi danışır, hər birinin özünə məxsus dili var, hətta aşağı təbəqədən olanların dialoqları çox vaxt nəsr kimi yazılıb.

Ancaq Nizaminin əsərlərində avam kənd qarısının ağzından çıxan sözlər sankı bir filosofun ağzından çıxır, yəni xaraterlərin hamısı eyni intonasiya, eyni düşüncə ilə danışırlar.

Başqa sözlə desəm, Nizami yaratdığı xaratkerlərin yerinə danışır, ancaq Şekspir imkan verir kər kəs öz dili ilə danışsın.

4 - Nizami öz zamanının elməri, bilikləri ilə dərindən tanış olub, məsələn, "Leyli və Məcnun" əsərində neçə səhifə ardıcıl astronomiya ilə bağlı yazıb, ancaq Şekspirin biliyi çox az olub, hətta mütaliəsi də yox səviyyəsindədir.

5 - Şekspir öz ana dilində yazıb, yaradıb və yüzlərlə yeni söz bu dilin lüğət xəzinəsinə artıb, əsərlərində 29 minə yaxın sözdən istifadə edib.

Nizami yad bir dildə yazıb, ancaq Fars ədəbiyyatının dilini tamamilə dəyişib, gözəlləşdirsə də, yeni sözlər yaratmayıb.

6 - Nizaminin əsərləri hədsiz dərəcədə təhrif olunub, məsələn, "Leyli və Məcnun" əsərinə onun ölümündən sonra 400 beytdən artıq əlavə olunub. İndi bu misralar əsərdən çıxarılıb.

Orijinal dildə dərhal bilmək olur ki, bu misralar həddindən artıq zəifdir və digər misralarla uyğunluğu yoxdur, eləcə də "Xosrov və Şirin" əsərində.

Hər iki əsərin içinə fəsillər, yeni hekayələr əlavə olunub. Ancaq Şekspirin bütün önəmli əsərləri təhrifdən uzaq qalıb, ola bilsin hansısa bir əsər səhvən onun adına tanınıb, ancaq o əsərin özü təhrif olunmayıb.

7 - Şekspirin əsərlərini oxuyanda təxminən Xristianlıqdan əsər-əlamət yoxdur, ancaq Nizami hər əsərinin başlanışında, bəzən hekayələrin içində dini şəxsiyyətləri uzun-uzadı mədh edib, baxmayarq ki, əsərlərini özü, mahiyyətcə dini şəxsiyyətlərdən uzaqdır.

8 - Şekspir komediya janrında da yazıb və bəzən çox möhtəşəm əsərlər yaradıb, ancaq Nizami bu janra tamamilə etinasız yanaşıb.

9 - Şekspirin yumorik dili var, yerli-yersiz zarafatları, istehzaları var, ancaq Nizami əsərlərində özünü həddindən artıq ciddi aparır.

10 - Şekspirin əsərlərinin hamısı "lambic pentameter" ritmdə yazılıb, hətta sonetlərinin hamısı bu ritmdədir (da DUM da DUM da DUM da DUM da DUM), ancaq Nizaminin hər poeması ayrıca bir vəzndə yazılıb.

XS
SM
MD
LG