Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:40

Əziz oxucu, bilirəm ki...


Elçin İmanov
Elçin İmanov

-

"Necə olub ki, bu neçə vaxtı mən belə bir qiymətli kitabı, möhtəşəm həyat kitabını oxumamışam."

"Necə olub ki, mən hansı ölkədə, kulturada yaşadığımı, hansı adamların (obrazların) əhatəsində ömür sürdüyümü başa düşə bilməmişəm. Bu kitab gözümü açdı."

Elçin İmanov

Tutuquşunun kitabı işığında didaktik esse

Siz həqiqəti biləcəksiniz;

və həqiqət sizi azad edəcəkdir.

Yəhyadan İncil. 8:32

Əziz oxucu, bilirəm ki, isti yay günlərində sənin nəinki kitab, heç balaca bir yazı da oxumaq həvəsin olmur.

Anlaşılandır. Yayda şəhərimiz bir küncünə iri soba qoyulmuş balaca otağa oxşayır. Elə bil kimsə o sobanının qapısını açır və oradan çıxan qaynar istidən adamlar birtəhər olurlar.

Oxumaq da istirahətin bir növüdür və faydalıdır.

Hətta çar dövründə, adını bu yazı daxilində çəkmək istəmədəyim bir rus yazıçı Bakı səfərindən qayıtdıqdan sonra öz gündəliyində yazırdı:

“Mənə milyon da versələr bu şəhərdə yaşamaram”. Neyləmək olar. Antropologiya kimi, coğrafiya da insanın taleyidir.

Bütün ili qarışqa kimi zəhmətlə işləyən adamlar belə vaxtlarda imkan edib bir müddətlik istirahətə yollanırlar.

Kimin gücü nəyə çatırsa, maddi vəziyyəti nə qədər əl verirsə (yəni, qışda nə qədər yığa bilibsə) o qədər də dincəlir, yorğunluğunu çıxarır, zövqünə uyğun həyatdan maksimum həzz almağa çalışır.

İstirahət etməyəcəksənsə bəs onda niyə işləyəsən, bu qədər əziyyət nə üçündür? Düz də edirlər.

Di gəl ki, kitab, qəzet, jurnal, yazı yada düşmür. Ancaq içimdən bir səs deyir ki, əziz oxucu, bu yazını oxumaqla sən heç də vaxt itirmiş olmayacaqsan, əksinə, mənəvi aləmin az da olsa, çox da olsa (bu artıq asılıdır sənin kamalından) zənginləşəcək.

Çünki oxumaq da istirahətin bir növüdür və faydalıdır. Aqillər demişkən, fayda verən kərpic belə, yaxşıdır işə yaramayan adamlardan. Hər halda mənim buna ümid etməkdən başqa çarəm yoxdur.

Öz axıcı söhbətləri ilə uzun gecələri qısaldan rəvayətçilər və sayı bilinməyən əhvalatlardan şirin-şirin danışan hekayətçilər, əski sirlərin biliciləri belə nağıl edirlər ki, çox qədim zamanlarda, əsrlər, qərinələr öncə qədim bir hind şəhərində Mübarək adlı zəngin bir tacir yaşayırmış.

Onun var-dövləti başından aşsa da, oğlu yox idi, amma allahdan əlini üzmürdü. Bir gün doğrudan da, rəvayətçilərin təbiri ilə desəm, qurbanolduğum tacirə oğul yetirdi.

Tacir onun adını Meymun qoydu. Adın mənası xoşbəxt deməkdir. Meymun hədd-büluğa çatanda Xocəstə adlı gözəllər gözəli ilə evləndi.

Meymun bir gün bazardan keçəndə danışa bilən iki quş – tuti quşu və şərək quşu, yəni sığırçın gördü, maraq güc gəldi, onları alıb evinə gətirdi.

"Sanki həqiqətlər bir-bir kitabdan çıxaraq, insan cildinə girib, gəlib gözümün qabağında dayandılar və xorla dedilər: Bizi niyə görməmisən? Demə, bu xor hər yerdə imiş.

Günlərin bir günü Meymun uzaq səfərə yollanmamışdan qabaq arvadını çağırıb deyir ki, nə iş tutmalı olsan, mənim bu ağıllı, dilbilən quşlarımla məşvərət et, məsləhətləş, onlardan icazə al.

Qərəz, qadının əri gedəndən sonra müdrik və professional tutuquşu Xocastəyə ləyaqətsiz yola düşməsin deyə, hər gecə səhər açılanacan bir rəvayət danışır, başını qatır, qadını evdən çıxmağa, məşuqunun yanına getməyə qoymur.

Rus matryoşkası kimi hekayət içindən hekayət, əhvalat içindən əhvalat çıxır. Söz düşmüşkən deyim, Peru yazıçısı Lyosa bu priyomu “Çin mücrüsü” adlandırır.

“Tutinamə” də hind abidəsi “Şukasaptati”nin yenidən işlənmiş nüsxəsi, kopiyası sayılır.

Gözünüzün qabağına çoxlu sayda iç-içə yerləşdirilmiş mücrülər gətirin.

Nəticədə, söhbət səhərədək uzanır.

Beləliklə, bütün bu rəvayətlər, hekayətlər, əhvalatlar – zərif gecə söhbətləri hamısı bir yerdə Tutinamə adlanan kitabda toplanıbdır.

Tarixi-kulturoloji araşdırmalara görə, “Kəlilə və Dimnə” “Pançatantra”nın başqa bir versiyası olduğu kimi, müəllifliyi Əmir Xosrov Dəhləviyə aid edilən “Dörd dərviş” nağıllarının Hindistanda yaradıldığı güman edildiyi kimi, eynilə “Tutinamə” də hind abidəsi “Şukasaptati”nin yenidən işlənmiş nüsxəsi, kopiyası sayılır.

Necə deyərlər, zamanın damğasını sinəsində gəzdirən miflərə, nağıllara, bir sözlə, folklora dırnaqarası bamaq olmaz.

Kempbellin, Losyevin, Frezerin, Kosidovskinin əsərlərini oxuyanlar bilir nədən danışıram. Nə isə, dərinə getməyək. Nəzəriyyəbazlıq etməyə həvəs qalmayıb.

Əski zamanların nəfəsini, Min bir gecə nağıllarının havasını vərəqlərinə hopdurmuş bu 368 səhifəlik əyləncəli kitabda kimlər, nələr yoxdur?! Qoca dünya, qoca tarix!

Adi dərvişə kömək edən, onun xeyri üçün canından keçməyə hazır olan səxavətli və comərd şahlar, padşaha öz sədaqətini canı bahasına sübut edən döyüşçülər, brəhmənlər, kəramətli vəzirlər, dərrakəli şahlar, peyğəmbər ədaləti, səbəblə nəticənin dəyişik salınması, plebey ressentimenti, parazitizm, zənən məkri, skeptik mərdimazarlıq, yaltaqlıq və hiyləgərlik sirrləri par excellence və sair, ilaxır.

Tutinamə 52 gecədən ibarətdir. Hər hekayətin əvvəli günün batması, ayın çıxmasının təsviri ilə başlayır.

Maraqlı bir məqamı deyim. Təhkiyəçinin deyəsən yadından çıxıb ki, 52 gecə dalbadal Ay görünə bilməz. Nə isə, şərtilik deyib keçək.

Əsəri bitirdikdən sonra oturub bir xeyli düşündüm. Bu bəlağətli kitabı indiyə qədər oxumadığıma görə xəcalət təri tökdüm, kitabı qabağıma qoyub öz-özümü bir xeyli danladım.

Necə olub ki, bu neçə vaxtı mən belə bir qiymətli kitabı, möhtəşəm həyat kitabını oxumamışam.

Necə olub ki, mən hansı ölkədə, kulturada yaşadığımı, hansı adamların (obrazların) əhatəsində ömür sürdüyümü başa düşə bilməmişəm.

Bu kitab gözümü açdı. Sanki həqiqətlər bir-bir kitabdan çıxaraq, insan cildinə girib, gəlib gözümün qabağında dayandılar və xorla dedilər: Bizi niyə görməmisən?

Demə, bu xor hər yerdə imiş. Bəli. Şərq ölkəsində yaşayan adam olduğu yeri, xalqı, onun fəlsəfəsini, dünyagörüşünü, mentalitetini başa düşməsi üçün gərəkdir ki, şərq ədəbiyyatını oxusun.

Deməliyəm ki, bu müdriklik xəzinəsinin toplandığı kitabda tənbəllik, elmsizlik, quru boşboğazlıq, pulsuzluq, paxıllıq, pislik, sərsəri mütilik, zalımlıq, nankorluq, nadanlıq, acgözlük, zərərli işlər pislənilir.

Zamanla uyuşmaq, zirəklik, gör-götür, zəhmət, sədaqət, savad, elm, hiylə, fənd, gələcəyin işlərini bu günün aynasında görə bilmək bacarığı, səxavət, padşaha xidmət, sevgi, vüsal nərdini atıb şəhvət oyunu oynamaq qabiliyyəti, sirr saxlamaq hünəri, təhlükəli adamlardan uzaq gəzmək bacarığı, əməli salehlik, dostluq şiddətlə təbliğ olunur.

Məsələ burasındadır ki, sadaladığım keyfiyyətləri ayırd etmək, başa düşmək üçün kitabın oxucundan sadəcə bir istəyi var: mərifət və qanacaq.

Bu hikmətli kitabın olduqca qəddar və qanlı sonluğu var. Sonda tutinin dediyi bir cümlə bütün şərq kulturasının mahiyyətini açıb ortaya qoyur:

“Əgər insan tayfası budursa, mən onların arasında daha qala bilmərəm”.

Və ən nəhayət bu sözləri deməklə yazını bitirmək istəyirəm. “Tutinamə”ni oxuyandan sonra əmin oldum ki, şərq ədəbiyyatının necə incə yumoru var.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG