Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Rəsul Cəfərovun məhkəməsində qadağalar


Rəsul Cəfərov. Foto: Arxiv
Rəsul Cəfərov. Foto: Arxiv

-

Hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi jurnalistlər, beynəlxalq təşkilat və diplomatik missiya nümayəndələrinin iştirakı olmadan keçirildi.

Hazırlıq iclası iyulun 21-də Bakı Apellyasiya Məhkəməsində baş tutdu.

Prosesə yalnız hüquq müdafiəçisinin ailə üzvləri və şahidlər buraxıldı. Prosesdə iştirak etmək istəyənlərə mühafizəçilər «hələ proses başlamayıb, başlayanda buraxacağıq» deyib qapıda gözlətdilər. Amma təxminən yarım saat sonra bəlli oldu ki, proses başlayıb da, bitib də.

Həsən Əhmədovun hakimliyi ilə keçirilən prosesdə vəkil Fariz Namazlı bir neçə vəsatətlə çıxış edib.

VƏSATƏTLƏR TƏMİN OLUNMADI

İlk vəsatət Rəsul Cəfərov barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə olub.

Daha sonra vəkil müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılıb onun yanında oturmasına şərait yaradılmasını istəyib. Şüşə qəfəs səs keçirmir və oradan zalla əlaqə yalnız ötürücü mikrofon vasitəsilə mümkündür.

Digər vəsatətlər məhkəmə istintaqının qismən aparılması və zərərçəkmişlərin statuslarına xitam verilməsi ilə bağlı olub.

Vəkil Fariz Namazlı məhkəməyə bildirib ki, cinayət işində adı keçən və birinci instansiya məhkəməsinin də zərərçəkən kimi tanıdığı 5 nəfərin hər biri zərər çəkmədiklərini deyir, hətta ikisi zərərçəkən kimi tanınmasından apellyasiya şikayəti də verib.

Hakim qaldırılan vəsatətlərdən heç birini təmin etməyib.

Növbəti proses iyulun 31-nə təyin olunub.

İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Əvvəl Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb. Sonradan onun işinə mənimsəmə və israf etmə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamları da əlavə olunub.

Bu il aprelin 16-da Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Özü ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayır. Rəsul Cəfərov «Amnesty International» tərəfindən «vicdan məhbusu» elan edilib.

XS
SM
MD
LG