Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Ağsaqqal-ağbirçəyin yanından velosipednən ötür...


Günel Mövlud
Günel Mövlud

- "Kişi gedib tində dayanan, ondan-bundan danışan kişilərə qoşulmurdu, qadın da su başında qeybət edən, yığışıb tum çırtlayan qadınlarla ünsiyyət qurmurdu.

O düşərgədə hamı o ailəyə dəli kimi baxırdı. Deyirdilər ki..."

Günel Mövlud

FƏRQLİLİYƏ DÜŞMƏN CƏMİYYƏT

Bizim tərəflərdə bir ailə vardı. Üç qız böyüyürdü o ailədə. Həyat tərzləri, fikirləri yaşadıqları əyalətin insanlarından çox şeylə fərqlənmirdi. Bircə məsələdən başqa.

Ata öz qızlarını əksər əyalət atalarından fərqli olaraq, çox sevir və istədiklərini alır, edirdi.

Böyük qızı yuxarı siniflərdən birində oxuyurdu. Bir gün atasından velosiped istəyir.

Bizim tərəflərdə qızın kəndin aralığında velosiped sürməyi nədi, sadəcə marağa çıxıb dolaşmağı da ayıb sayılırdı. O ata isə qızına velosiped aldı və ona icazə verdi ki, kəndin yollarında velosiped sürsün.

Onu da qeyd edim ki, ata yaxşı işdə işləyirdi, müəyyən vəzifəsi vardı və o bölgədə çoxlarının tez-tez ona işi düşürdü.

Uzun sözün qısası, yeniyetmə qız başladı kənd yollarında velosiped sürməyə. İlk reaksiya bu oldu ki, xeyli adam yola çıxıb tamaşa elədi.

Sonra ikibir-üçbir pıçıldaşmalar başladı. Daha sonra etirazlar səsləndi. Sonda qızın atasının vəzifəsini, ciddi adamlardan biri olduğunu, ona işləri düşdüyünü yadlarına saldılar, hamı əlini yelləyib, kənara, işlərinə-güclərinə çəkildi.

Amma hər yerin bir tərs adamı olur axı. Oralarda da bir agsaqqal tapıldı. Qızın atasına irad bildirmıyi qarşısına məqsəd qoydu.

Axşamüstü, qızın atası işdən qayıdanda ağsaqqal onun qarşısını kəsir və söhbətə bir az uzaqdan başlayır:

- Oğul, sən özün buraların ən hörmətli adamlarındansan. Bir qıza-gəlinə kəm baxdığını görən olmayıb. Ağsaqqal-qarasaqqal yeri bilən adamsan. Yəqin sənin də xəbərin yoxdu, qızın kəndin aralığında velosiped sürür.

Cavan ata da deyir ki, xəbərim var, hə, sürmək istəyirdi, velosiped aldım, nə olub ki?

Ağsaqqal yenə davam edir:

- Oğul, axı camaatın anası-bacısı var. Ağsaqqal-ağbirçək var. Belə olmaz axı. Özü də uşaq deyil axı, yekə qızdı.

Cavan ata bir az əsəbiləşir və üzünü bozardır:

- Ağsaqqal, mənim qızım camaatın anasına-bacısına nəsə deyib? Nəsə bir hörmətsizlik eləyib? Bəlkə velosiped sürəndə harasısa açılıb, harasısa görünüb? Nə olub axı?

- Yox ee, a bala, deyirəm yəni, axı ağsaqqal-ağbirçəyin yanından velosipednən ötür...

- Ötür, ötür də, velosiped bəyəm ağsaqqala hörmətsizlikdi?

- Yox ee, ay bala, yəni dediyim odu ki, axı səndən başqa kimin qızı velosiped sürür? Birdən-ikiyə buralarda qız velosiped sürməyib axı. Yaxşı deyil, adam...

- Yaxşı, ağsaqqal, söhbəti qurtaraq. Heç kimin qızı velosiped sürməyib, mənim qızım sürür amma.

Kefi istəyən qədər də sürəcək. Nəsə bir hörmətsizlik eləsə, deyərsən, cəzasın verərəm. Amma velosipediynən işimiz olmasın.

Velosiped sürmək o qız barədə xeyli söz-söhbətlərə səbəb oldu. Hamı ağzına gələni dedi. Təbii ki, arxada. Atasının hörmətli adam olması onların ağzını bir qədər yumurdu.

Qız məktəbi bitirəndən sonra şəhərdən təsadüfən kəndə gələn bir oğlan kənd yerində velosiped sürən qızın fərqliliyini görüb maraqlandı, sonra vuruldu, sonra bir-birilərini sevdilər, axırda da evləndilər.

Ailə qurandan sonra qız universitet oxudu, maşın sürmək öyrəndi, paralel olaraq üç uşaq dünyaya gətirdi. Həm oxudu, həm işlədi, həm müasir, gözəl ana oldu.

Mən o xanımı tanıyanda o, gənc idi, mənsə uşaq. Bu yaxınlarda eşitdim ki, üç uşağının üçü də ali məktəbdə oxuyur. Şəkillərinə baxdım, hələ də çox gənc və gözəl görünür.

Toyunda qalstuk taxmayan bəy, 44 növ salat verməyən toy sahibi, həyətində idman edən qadın, velosiped sürən qız, balet dərsinə gedən oğlan, ərə getmək istəməyən qadın, ya evlənmək istəməyən kişi, piknikə gedən qruplar... – bir sözlə, fərqli olmaq istəyən, fərqli olan hər kəs pisdir.

Bizim cəmiyyət təkcə mentalitetin, dinin, ənənələrin, qanunun qadağan buyurduğunu lənətləməklə, rədd, inkar etməklə, məhv etməyə çalışmaqla kifayətlənmir.

Ənənəvi cəmiyyət ümumiyyətlə, fərqliliyə, fərqli olana, davranana, danışana, düşünənə qarşıdır.

Ona yad, ögey, uzaq olan nə olursa olsun, müsbət və ya mənfi olsun, dəxi yoxdur, fərqlilik sevilmir.

İnsanlarımız fərqliliyə açıq deyil. Məsələn, sadə məişəti götürək. Yoxsulluq illərində hamı yamaqlı geyinir. Amma dövran düz olanda kiminsə fərqlilik naminə cırıq şalvar geyinməyinə pis baxırlar.

Azərbaycanlılar istəyirlər ki, hamı onlara oxşasın. Onlar kimi geyinsin, onlar kimi yaşasın, onlar kimi toy eləsin, onlar kimi danışsın, onlar kimi uşaq böyütsün.

Toyunda qalstuk taxmayan bəyə, 44 növ salat verməyən toy sahibinə, həyətində idman edən qadına, velosiped sürən qıza, balet dərsinə gedən oğlana, ərə getmək istəməyən qadına, ya evlənmək istəməyən kişiyə, piknikə gedən qruplara...

Bir sözlə, fərqli olmaq istəyən, fərqli olan hər kəs yaddır, ögeydir, ona münasibət birmənalı olaraq, pisdir.

Azərbaycanlılar istəyirlər ki, hamı onlara oxşasın. Onlar kimi geyinsin, onlar kimi yaşasın, onlar kimi toy eləsin, onlar kimi danışsın, onlar kimi uşaq böyütsün.

Məsələn, qonşu gəlir bir ailənin evinə, baxır ki, ata uşaqla çox mədəni davranır, suallarına hövsələ ilə cavab verir, ona iş tapşırmır, əsəbiləşir:

- Qudurtma uşağı. Sonra başına çıxacaq. Qabağını ala bilməyəcəksən. Qoy səndən qorxsun.

Adama izah eləmək mümkün deyil ki, sənin uşağın sənin başına çıxırsa, bu, ona verdiyin tərbiyənin nəticəsidir.

Evdə insanların mədəni davrandığını, mədəni danışdığını görən uşaq adamın üstünə at kimi şinəməz. Niyə uşaq məndən qorxmalıdır?

Olmaz ki, sevsin, hörmət eləsin, məni sevdiyi üçün incitməkdən çəkinsin? Elə gərək şillə-təpik qorxusu ilə yaşaya?

Köçkünlük illərində bir düşərgədə yaşayırdıq. İki min ailəlik düşərgədə bircə savadlı ailə vardı. Ata və ana müəllim idilər, oğul da universitet bitirib, gəlmişdi, bütün günü öz çadırlarında oturub, kitab oxuyur, söhbət edirdilər.

Kişi gedib tində dayanan, ondan-bundan danışan kişilərə qoşulmurdu, qadın da su başında qeybət edən, yığışıb tum çırtlayan qadınlarla ünsiyyət qurmurdu.

O düşərgədə hamı o ailəyə dəli kimi baxırdı. Deyirdilər ki, onlar hamısı oxumaqdan dəli olub. Uşaqlarının da əlində kitab görən valideynlər deyirdilər: “Neynirsən oxuyub, filankəsgil kimi başın xarab olacaq...”

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG