Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

32 yaşında nənə, Kəpənəkçi kəndi və ürəkli Ləman- [video]


Kəpənəkçi kənd orta məktəbindən reportaj
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Kəpənəkçi kənd orta məktəbindən reportaj

-

1-ci epizod

Kəpənəkçi kəndinin kəpənək ömürlü qadın arzuları

… Bir azdan öyrənəcəyik ki, kəndin tozlu, kələ-kötür yollarında ara-sıra gözə dəyən, yanıyla apardığı uşağı geridə qalanda çevrilib ona çəmkirən, ayağındakı uzunboğaz kişi çəkmələri mane olsa da gölməçələrin üstündən məharətlə hoppanan, bənizi də, geyimi də solğun qadınları birləşdirən yalnız onlar haqqında ilk baxışda yaranan təəssürat-yoxsulluq deyil…

Bu qadınların çoxu zorakılıq qurbanıdır- onları məktəbdən zorla çıxarıblar, bir çoxunu isə zorla ərə veriblər.

Gürcüstanın azərbaycanlılar yaşayan Bolnisi rayonun Kəpənəkçi kəndindən son 15 ildə ilk dəfə 2015-ci ildə yeganə qız şagird Tbilisidə ali məktəbə qəbul olunub.

Kənd məktəbinin yarımqaranlıq sinif otağı. 10-a yaxın oğlan şagirdi arxa cərgələrdə, ikiqız şagird öndə əyləşib. Dərsin bitməsini gözləyib, söhbətə başlayırıq.

Məlum olur ki,bu kənddə qızlar 9-cu sinifdən sonra məktəbə gəlirlərsə, onlara pis baxırlar ki, ərə getməyib. 11-ci sinfə çatanda sinifdə əsasən oğlanlar qalır.

Şagirdlərdən biri Günel Veysəlova danışır: “Bizim kənddə qızların oxumağına münasibət çox pisdir. Mənim ailəm fərqlidir sadəcə, ona görə məni buraxdılar”.

Günellə məktəbin həyətində söhbət edirik. Məktəb başımıza yığışıb. Qızlardan biri özü yaxınlaşıb danışmaq istədiyini deyir.

Bu ürəkli qızın - Ləman Zərgərovanın 14 yaşı var:

-9-cu sinifdə oxuyuram. Mənə evdə deyiblər ki, gələn ildən məktəbə getməyəcəksən. Amma mən oxumaq istəyirəm.

-Nə deyiblər ki, sənə?

- Özləri deyiblər ki, qoymayacağıq. Bu il zorla gəlmişəm. Müəllimlərin zoru ilə.

- Dərsə qoymayıb nə edəcəklər? Sənlə bağlı planları nədir?

- Bilmirəm.

Məktəbin oğlanlarına sarı dönürük. Onlar qızların yuxarı sinifdə də öz aralarında görmək istəyirlər: “Qızların oxumağı daha vacibdir”. Gənclərin ümumi fikri budur…

Məktəbin direktoru Süleyman Zərgərov da şagirdlərin dediyini təsdiqləyir:

“9-cu sinifdən sonra ya qızlar özləri istəmirlər oxumaq, ya da ailələrin təsiri altında məktəbdən çıxıb ərə gedirlər. 12-ci sinfimizdə ümumiyyətlə qız yoxdur”.

… Bu kəndin qadınları məktəbli qızlar kimi ürəkli deyillər, onlar danışmırlar. Döydüyümüz darvazaları üzrxahlıq edib üzümüzə bağladılar. Onları evdə danlayarlar jurnalistlə söhbət etdikləri üçün.

Bu kəndinkişilərindən bu sualı soruşanda incidilər: “Bizim kənddə zorakılıq yoxdur, ümumimiyyətlə belə problem yoxdur”.

2-ci epizod

32 yaşında nənə

32 yaşlı Rəna nəvəsiylə birlikdə
32 yaşlı Rəna nəvəsiylə birlikdə

Rəna Musayeva qucağına nəvəsini saçlarına dən düşməmiş alıb- 32 yaşında. İndi özünün 34, nəvəsinin iki yaşı var. Tbilisidə yaşayır. 13 yaşı olanda atası onu özündən beş yaş böyük əmisi oğluna ərə verib.

“Evdə idim, məndən xəbər almamış “hə”mi verdilər. Gəldim dedim məni məndən xəbərsiz niyə vermisiz? Dedilər sənin nəyindən xəbər alacağıq. Mən də kirimişcə durdum”.

Rəna deyir ki, həyatından narazılığı olmayıb, iki uşaq böyüdüb, onların sevincini yaşayıb, amma Gürcüstanda yaşayan azərbaycanlı qızların onun kimi çox erkən ərə getməsindən narahatdır, öz təcrübəsini məsləhət görmür. Deyir ki, peşəsi yoxdur, məcbur olub dayə işləyir.

“Ailələr səhv edib qızları erkən ərə verirlər. Səhv edirlər. Ərə getmək həmişə mümkün olacaq. Kaş ki mən təhsil almış olaydım, peşəm olardı.. normal işim olardı..”.

Gürcüstanın Kvema-Kartli bölgəsində 200 mindən çox azərbaycanlı yaşayır.

Gürcüstanda yaşayan azərbaycanlı fəal Aydan Yusuf AzadlıqRadiosuna müsahibəsində deyir ki, bu problem azərbaycanlılar yaşayan əksər kəndlər üçün aktualdır.

“Biz kəndlərdə monitorinq aparmışdıq. Bir çox hallarda valideynlər qızlarının yaxşı ər tapa bilməyəcəyindən ehtiyat edib, qızları məktəb yaşında ərə verirlər”.

Qardabaninin Candar Kənd orta məktəbinin direktoru Elnarə Məmmədova deyir ki, onların da məktəbində yuxarı sinif şagirdlərinin üçdə iki hissəsi oğlanlardır. Qızları 9-cu sinifdən sonra ərə verirlər.

“Heç bir el qınağı bunlara təsir etmir. Bunun yeganə çıxış yolu inzibati yolla, hüquqi yolla tənzimləməkdir”.

AzadlıqRadiosu mövzu ilə bağlı Gürcüstanın Təhsil Nazirliyinə aprelin 14-də müraciət etsə də, hələ ki, cavab ala bilməyib.

Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanova deyir ki, valideynlər qızlarını erkən ərə vermələrini üç səbəblə əsaslandırırlar: din, adət-ənənə, kasıblıq.

Leyla Süleymanova deyir ki, Gürcüstan qanunları qızlar üçün 18 yaşından aşağı nigahı qadağan etsə də, hüquq-mühafizə orqanları erkən nigah zamanı qızları o vaxt qoruyur, o vaxt cinayət işi açılır ki, hökumətə siqnal getsin: “Valideynlər qız zorla qaçırılanda hökumətə xəbər edirlər. Əks halda, hüquq-mühafizə orqanlarının bu işdən xəbəri olmur”.

Leyla Süleymanovanın sözlərinə görə, yeni qanunlara görə, qadın 18 yaşı tamam olmamış ana olarsa, buna görə 10 min dollara yaxın cərimə ödəməlidir. Bu isə ailələr arasında münaqişə yaradır: “Cəriməni qız evi ödəməlidir, ya oğlan evi məsələsi qalxır”.

Leyla Süleymanova ümid edir ki, yeni qanunlar vəziyyəti müsbətə doğru dəyişəcək..

XS
SM
MD
LG