Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:38

Vergi borclarını necə yığdılar


-

Vergi borcuna görə siyahıya alınmış əmlak satışından dövlət büdcəsinə 29 milyon manat köçürülüb.

Bu ilin I yarısında Azərbaycanda ümumilikdə 117 min 271 vergiödəyicisinin borcları tamamilə ləğv edilib. Borclu vergiödəyicilərinin sayının ümumi vergiödəyicilərinin sayında xüsusi çəkisi 9.4 faiz təşkil edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin yaydığı məlumata görə, vergiödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 33 min 343 sayda əmlakın siyahıya alınması barədə qərar açılıb. Bu qərarların 63.6 faizi borclar ləğv edildiyi üçün bağlanıb.

Nazirlik bildirir ki, fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 700 min manat borc dövlət büdcəsinə ödətdirilib. Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə 886 vergiödəyicisi üzrə 39.9 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

DAHA AZ CƏRİMƏ İMKANI

Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna bildirir ki, hüquqi cəhətdən vergi borcunun avtomobilin hesabına tutulmasında problem görmür: «Sahibkar bütün əmlakı ilə vergi borcuna görə cavabdehdir. Verginin özünün düzgün tutulub-tutulmaması isə hər bir halda konkret məsələdir. Ola bilər ki, kimdənsə düz tutublar, kimdənsə yox. Ümumən onu bilirəm ki, bir qayda olaraq, vergi orqanları fiziki şəxslərə artıq vergi hesablamır. Problem fərdi sahibkarlarda və hüquqi şəxslərdə olur».

Əkrəm Həsənov deyir ki, əksər sahibkarlar məhkəmədə özlərini müdafiə edə bilmirlər, çünki mühasibat və uçot işini düzgün qurmurlar, sənədləri qaydasında olmur, qanunun tələblərinə riayət etmirlər: «Buna görə də vergi yoxlaması zamanı, o cümlədən məhkəmədə mövqeləri zəif olur. Vergi orqanları və məhkəmələr də bundan istifadə edərək onların əleyhinə qərarlar çıxarır. Bəzən çox sərt. Halbuki hətta belə halda da sahibkar düzgün müdafiə olunsa, daha az cərimə oluna bilər».

XS
SM
MD
LG