Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:11

Alekseyevka kəndində “əjdahalar” peyda olub...


-

Sosial problemlər məngənəsində əzilən alekseyevkalılar... Kəndin müxbir çağıran "demaqoq"u Yadulla... Vəd verən icra nümayəndəsi...

“Su yox idi... Bax, çəkiliş gələn kimi suyu buraxdılar...”

“Qardaş, sən gələnə qədər buralar qupquru idi. Gör necə buraxdılar suyu...”

Axar suyun başına fırlananlar Xaçmazın Alekseyevka kəndinin kişiləridir. Deyirlər, neçə vaxtdır susuzluqdan dad döysələr də, səslərinə səs verən tapılmazmış. Əlikameralı müxbir görününcə, qonşu kənddə suyun üstündə oturan “əjdahalar” kəndin suyunu buraxıblar.

“Ruzi qazanmalıyıq, balalarımızı dolandırmalıyıq. Su yoxdur... Gəlmir... Biri orda dayanıb əzrayıl kimi... Əjdahadır... Nə vaxt kefi istəsə, su verir, kefi istəməyəndə vermir. Bir zəng, bir yoxlama, gəlincə, suyu açır, onlar gedən kimi bağlayır”.

Milyonluq layihələr, dəyişməyən nəticə- Alekseyevka su üçün dad edir
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

"DEMAQOQ YADULLA...

Sakinlər bu yay da həmişəki su qıtlığı ilə üzləşiblər. Kənd sakini Nizaməddin Yüzbəyov deyir, istilər düşüncə, suyun kanalla keçib gəldiyi qonşu kəndlərdəki “əjdahalar” suyun önünü kəsirlər.

Söhbət sahələri suvarmaq üçün istifadə olunan sudan gedir, ancaq... Ancaq kənddə heç içməli su da yoxdur:

“Gəldilər layihələşdirdilər ki, 1-ci rübdə sizə su vurulacaq. Guya içməli sudan korluq çəkməyəcəkdik. Hələ də xəbər-ətər yoxdur”.

Bu kənddə düzü-düz, əyrini-əyri üzə deyən, kəndlilərin haqqını tələb edən biri var. Adı Yadulladır. Əvvəllər də kəndin problemlərini AzadlıqRadiosuna sadalayıb. Ötən il bu vaxtlar su quyusuna görə yerli bələdiyyə ilə sözü çəp gələn Yadulla indi də, özü demiş, “kanalın üstünü kəsdirib oturmuş “əjdahalarla” döyüşür”. Kəndlilər, arada-sırada elə bu Yadullanın hesabına sahələrini suvara bilirlər. Onun özü belə deyir:

“Yuxarıda neft şirkətidir... Orada biri də var, iri nohur qazıb, ancaq nohuru doldurmaqla məşğuldur. Bir də Qıraqlı kəndində Tahir adlı adam var. Limit, açar onun əlindədir. Su məsələsinə o baxır. Bu boyda kəndə gündəlik cəmi 100 kub su verir.

Halbuki 300-500 kub verilməlidir. Kəndin yiyəsi yoxdur. “Kənd soveti”, bələdiyyə məsuliyyəti bir-birlərinin üstünə atmaqla məşğuldular”.

“AXI BU SU NİYƏ GƏLMƏSİN?”

Murad Əzimov deyir, illərlə barını gözlədikləri ağacların dibi susuzluqdan cadar-cadar olub:

“Əziyyət çəkirsən, ağac əkirsən, 10 il gözləyirsən ki, meyvə götürəsən, bu da ağaclar... Hamısı susuzluqdan quruyur. Gəl oturaq maşına, gedək bizim həyətə... Bax gör, əkdiyim şitillər nə gündədir. Axı bu su niyə gəlməsin?”.

Bir başqa sakin də belə deyir:

“2-3 nəfərə su buraxırlar. Zəngə işləyirlər. “Filankəs zəng elədi, suyu burax” məsələsi... Biri də kanalın üstündə villa tikib. Özü üçün ördək-qaz saxlayır. Biz o sudan, məcburiyyət qarşısında qalanda, içmək üçün də istifadə edirik. Bu adam kanalın üstünü “setkaya” aldırıb, orada ördək-qaz saxlayır”.

“GƏLƏCƏKLƏR Kİ, SUPULU VER...”

Kənd sakinlərinin sözlərinə görə, istifadə edə bilmədikləri suya görə onlardan supulu tələb olunur:

“Sahələr yanır. Bu gün-sabah gələcəklər ki, supulu ver, vergi ver. Əkib, becərib, satıb, xeyir götürməyəndən sonra bu pulu hardan versin camaat? Sahələr quruyub, ağaclar quruyub, heç nə yoxdur. Pul da verən olmayacaq”.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Alekseyevka inzibati ərazi idarəsinin nümayəndəsi Rasim Qasımov AzadlıqRadiosuna deyib ki, kənddəki su problemi tezliklə həllini tapacaq:

“Sizdən 1 saat öncə bizə də müraciət ediblər. Məsələ ilə bağlı araşdırma gedir. Rayon icra hakimiyyətinə də müraciət olunub. Yəqin ki, su problemi qısa müddət ərzində öz həllini tapacaq”.

KƏNDİN DƏRDİ BİR DEYİL, İKİ DEYİL...

Kənddə ortalama 500 ailə təsərrüfatı var. Bağça var, uşaqlara yer yoxdur. Xəstəxananı tibb məntəqəsinə çeviriblər. Baş həkim ölüb, yerinə heç kim təyin olunmayıb. Yolları bərbad gündə, qaz əvəzinə də odundan istifadə olunur. Yel əsəndə işıq dirəkləri də yerində durmur. Alekseyevkalılar dərdlərini deməyə yer tapmırlar.

XS
SM
MD
LG