Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

Ayı 8 min manata da kirayə bağ evi var


-

"Məndən də çox baha qiymətə bu bağı almaq istəyənlər var. Ancaq satmıram.

Acığa satmayacağam. Çünki bilirəm, söküb yerində imarət ucaldacaqlar. Hə, onda atamın-babamın sümükləri sızıldayacaq..."

Gözlə

No media source currently available

0:00 0:03:14 0:00
Direct-ə keçid

“Yay çoxdan girsə də, dincəlmək üçün hələ bir yer seçməmişəm. Xarici ölkələrdə dincəlmək bizə görə deyil. Azərbaycandakı istirahət yerləri xaricdən də bahadır. Ona görə ayı 100-150 manata ucuz bağ evi axtarıram. Dəniz olsun, uşaqlar çimsin, qumda oynasınlar, bəsimizdir”.

Müəllim Tamerlan Babayev 4 nəfərlik ailəsi üçün bağ evi axtarır. Yayın ortasıdı deyə istədiyi qiymətə bağ evi tapmaq asan deyil. Ev dəllalı Şahin Kərimov deyir ki, bir az gözləsin, uyğun variant olan kimi ona xəbər edəcək.

Dəllal yarızarafat-yarıgerçək söyləyir ki, “istirahət üçün Bakı bağlarını seçənlər ya kasıblardır, ya da çox varlılar”.

Nüsrət İbrahimov
Nüsrət İbrahimov

Kirayə verilən bağ evləri arasında ən geniş yayılanların aylıq kirayə haqqı ortalama 500 manatdır. Bunu isə kirayə bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir.

O deyir ki, yay mövsümündə bağ evlərinin qiyməti bahalaşır. Qiymətlər isə evin dənizə yaxın olması, otaqların sayı, içindəki şəraitə görə dəyişir:​

Yay mövsümündə bağ evlərinin qiyməti bahalaşır. Qiymətlər isə evin dənizə yaxın olması, otaqların sayı, içindəki şəraitə görə dəyişir.

Bahalı bağ evinin bahalı müştəriləri olur

“Ən ucuz bağ evini ayı 150-200 manata tapmaq olar. Bunlar adi, kiçik həcmli bağ evləridir. Kasıb təbəqə üçündür. Ən bahalı bağ evlərinin qiyməti isə ayı 3 min manatdır. Bunlar villalar, bahalı obyektlərdir. Dənizə çox yaxın, içərisində hər cür şəraiti olur”.

Bağ evlərinin kirayəsi ilə bağlı elanlardan birində Bilgəh kəndində iki elan xüsusi diqqət çəkir. İkimərtəbəli 5 otaqlı 7 min manata və 7 otaqlı 8 min manata olan evlər.

Həmin evləri kirayə verən şirkətin əməkdaşının sözlərinə görə, 7 min manat 2 ayın qiymətidir. Yəni, aya 3 min 500 manat düşür. 8 min manat isə elə bir aylıq kirəhaqqıdır:

“8 min manatlıq ev avrotəmirlidir, düz dənizin yanındadır”.

Xanim əməkdaş deyir ki, bu cür evlərin elə bu qiymətə müştəriləri çox olur. “Bahalı evlərin bahalı da müştəriləri olur”.

Bundan başqa Novxanıda 2 otaqlı bağ evinin kirayə haqqı 1800 manatdır. Buzovnada 3 otaqlı isə 1200 manatdır. Ayı 700-min manata olan evlər də az deyil.

Dədə-baba bağ evləri

“Əvvəl bağ evləri çox sadə olurdu. 2-3 otaqlı xudmani evlər. Həyətdə yaxşı qum, 5-10 əncir ağacı, talvar olurdu. Su da çirkli deyildi, ürəklə baş vururduq. İndi belə evlər azdır. Çoxu evini varlılara satıb. Onlar da həmin evləri söküb yerində 3-4 mərtəbəli villalar tikiblər. Hasarları da ki, nə hündürlükdə. Nə bilim vallah, mənim ürəyim götürmür elə şeyləri. Görməmişlik kimi baxıram. Deyərlər, “özünün yoxdur, ona görə belə deyirsən”. Ancaq elə deyil. Gərək Bakı kəndlərində elə evlərin tikilməsinə icazə verməyəydilər. Çünki dədə-babadan elə olmayıb”.

Bunu köhnə bakılı Həsənağa Əliyev deyir. Bir neçə ilə əvvəl Mərdəkandakı bağ evinin qonşuluğunda iri hasarlı 3 mərtəbəli ev ucalıb:

“İki günün içində gəldi aldı, sökdü, yerində nə boyda ev tikdi. Sağlığına qismət. Ancaq adam sıxılır, öz həyətində qurdalana da bilmir. Həmin evin sahibi qonşum idi. Dedim “satma”, imkansızlıqdan satdı. Məndən də çox baha qiymətə bu bağı almaq istəyənlər var. Ancaq satmıram. Acığa satmayacağam. Çünki bilirəm, söküb yerində imarət ucaldacaqlar. Hə, onda atamın-babamın sümükləri sızıldayacaq. Baba Ənvər kişi deyəcək ki, “Həsənağa, utanmadın, evi ona-buna satdın?”

Bağ mövsümü bir aydır başlayıb. Həsənağanın evi kimi bağ evlərinin 200 manata, qonşusunun villası kimi evlərin isə 3-5 min manata kirayə verildiyi bağ mövsümü.

XS
SM
MD
LG