Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:32

Azərbaycan tərəvəzinə Rusiyada "yaşıl işıq"


Arxiv fotosu
Arxiv fotosu

.

Hər il Yalama sərhəd gömrük nəzarət-buraxılış məntəqəsində kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları günlərlə Azərbaycan və Rusiya gömrükçülərinin “razılığını” almaq üçün növbələrdə dayanmağa məcbur olurlar. Bu il vəziyyət deyəsən kökündən dəyişəcək.

İyulun 3-də Moskvada Azərbaycan və Rusiya gömrük xidmətlərinin rəhbərləri Aydın ƏliyevAndrey Belyaninov görüşərək, vacib razılaşma əldə ediblər.

Onlar gömrük orqanları arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol imzalayıblar. Tərəflər həm də gömrük idarələrinin və postlarının rəisləri səviyyəsində işçi görüşlərin keçirilməsi qrafikini razılaşdırıblar.

DGK-nın mətbuat xidməti məlumat verir ki, gömrük prosedurlarının sadələşdirilməsi Azərbaycandan Rusiyaya ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə, ixracatın artmasına şərait yaradacaq.

Belə ki, Azərbaycan tərəfinin kənd təsərrüfatı malları ixracatçılarına verdikləri sənədlər Rusiya gömrükçülərinın həmin malları maneəsiz qəbul etmək üçün əsas olacaq.

Azərbaycan Rusiyaya əsəsən, xiyar, pomidor, soğan, kartof, alma, xurma, çəyirdəkli meyvələr (gilas, albalı, gavalı, şaftalı) və s. ixrac edir. DGK-nın məlumatına görə, 2014-cü ildə Rusiyaya ümumi dəyəri 243,7 milyon dollar olan 268,1 min ton kənd təsərrüfatı məhsulu göndərilib.

2014-cü ildə Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi nəticəsində bu ölkəyə Avropadan ərzaq məhsullarının idxalına qoyulan embarqo Azərbaycan fermerlərinin satış bazarının genişlənməsi ümidlərini artırdı.

Həmin ilin sentyabrında Moskva meri Sergey Sobyanin Bakıya səfər edərək Azərbaycan hökuməti ilə kənd təsərrüfatı məhsullarının idxalının artırılmasını da nəzərdə tutan bir neçə sənəd imzaladı.

Lakin Rusiyada iqtisadi vəziyyətin ağırlaşması və rublunun dəyərini itirməsi bu ölkədəki bazarların Azərbaycan fermerləri üçün cəlbediciliyinə xeyli mənfi təsir etdi. Rusiyaya meyvə ixrac edənlərin bir çoxu bu əməliyyatdan zərərlə çıxdılar.

Hazırda Rusiya bazarındakı müəyyən stabilləşmə meyilləri Azərbaycan ixracatçıları üçün buraya üzünü tutmağa şərait yaradır. Gömrük qurumlarının qarşılıqlı razılaşması isə lap göydəndüşmə oldu.

İqtisadçı ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna deyib ki, əslində Azərbaycanın kənd təsərrüfatı məhsulları ixracatçılarına əsas maneəni Rusiyanın deyil, Azərbaycanın gömrükçüləri yaradıb və yaratmaqda davam edirlər.

“Azərbaycan tərəfi süni ajiotaj yaradaraq, guya Rusiyanın malları buraxmadığı təəssüratı yaradır. Məqsəd ixracatçıları qeyri-rəsmi ödənişlərə sövq etməkdir. Meyvə-tərəvəz xarab olmasın deyə ixracatçılar bu qarmağa düşürlər”, deyə ekspert bildirir.

Vahid Məhərrəmov həm də hesab edir ki, mövcud istehsal həcmləri daxilində Azərbaycanın ixrac potensialı məhduddur. Bundan başqa, Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində qiymətlər də çox əlverişli deyil.

“Şəmkirdən zəng edən fermerlər deyirlər ki, istixana şəraitində yetişdirdikləri pomidorun 1 kiloqramını yerində 10 qəpiyə istəyirlər, bu da onlara sərf etmir”, Vahid Məhərrəmov belə deyir.

XS
SM
MD
LG