Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:20

Çində uyğur qadınların niqabını dartıb çıxarırlar


2010-cu ilin fotosu. Urumçidəki bazarda uyğurlar, Çin
2010-cu ilin fotosu. Urumçidəki bazarda uyğurlar, Çin

-

Çinin Xinjiang bölgəsində yaşayan uyğurlar hökumətin onlara qarşı ayrıseçkilik siyasəti apardığını, etiqad azadlıqlarını məhdudlaşdırdığını, dini heysiyyatlarıyla oynadığını bəyan edirlər.

Bölgədə vəziyyət yenə qarışıb. Ötən həftə 20-dək şəxs - onların əksəriyyəti bir ailənin üzvləridir - polis postuna basqın edib.

Bu ailənin torpağının zorla alınaraq çinli iş adamına verildiyi bildirilir. Ailə az qala 10 il torpağını qaytarmaq üçün mübarizə aparıb.

İyunun 22-dəsə Tsintszyan bölgəsinin Kaşqar şəhərində Tahtakoruk adlı yoxlama buraxılış məntəqəsində polisə bıçaq və partlayıcı maddəylə hücum ediblər. Yerli sakinlərin məlumatına görə, insident nəticəsində azı 19 adam ölüb. Ölənlərdən 3-ü polis, 16-ı uyğurdur.

Hadisənin səbəbi hələlik araşdırılır.

Şahidlər onların inanclı müsəlman olduqlarını bildirirlər. Onu da deyirlər ki, polis bir neçə dəfə zorla ailədəki kişilərin saqqalını qırxıb, qadınların isə niqabını dartıb çıxarıb.

Armudun kəndində uyğurlar, Çin, 2011
Armudun kəndində uyğurlar, Çin, 2011

“Amma onlardan heç kim ölüm hökmünə məhkum edilməmişdi ya da azadlıqdan məhrum edilməmişdi, ona görə bunu məyusluqdan etdiklərini düşünmürəm” - deyir sakinlərdən biri.

Polis bildirir ki, meyitləri yoxlayarkən basqınçıların bir-biriylə bağlı olduqlarını müəyyən ediblər.

Uyğur qadın
Uyğur qadın

Ertəsi gün polis ailə başçısı Atawulla Dawutu dindirmək istəsə də, bu mümkün olmayıb, o özünü partladıb.

TAİLANDA SIĞINAN 173 NƏFƏR QURTULSA DA, SAXLANANLAR DA ÇOXDUR

Urumçidə məscid, 23 may, 2015
Urumçidə məscid, 23 may, 2015

Bu həftə 173 uyğur qadın və uşaqdan ibarət qrup Türkiyəyə gətirilib.

Onlar da Çinin Tsintszyan vilayətində yaşayıblar. Dediklərinə görə, hökumətin təqiblərindən canlarını qurtarmaq üçün qanunsuz olaraq Tailanda gəliblər. Onlar bir ildən çoxdur ki, bu ölkənin immiqrasiya xidməti tərəfindən düşərgədə saxlanıblar.

Münhendə yerləşən Ümumdünya Uyğur Konqresinin vitse-prezidenti Seyit Tumturk Azad Asiya Radiosunun uyğur xidmətinə deyib ki, 173 nəfərlik qrup iyunun 30-da İstambula çatıb.

“Onlar 2014-cü ildə Tailandda həbs olunan uyğurların bir hissəsidir. Gələnlərdən təxminən 120-si uşaq, 50-si qadındır. Ümid edəki ki, indi həbsdə olanlara da yaxın zamanlarda belə bir şans veriləcək” - deyir Tumturk.

Onun sözlərinə görə, qrup üzvləri İstanbuldan Türkiyənin Kayseri bölgəsinə aparılıblar. Burda başqa uyğurlar da məskunlaşıblar.

370 müsəlman uyğur ötən ilin martından Tailandda qaçqın düşərgələrində saxlanırlar. Şahidlər onların antisanitariya və darısqal şəraitdə yaşadıqlarını bildirirlər. Türkiyəyə aparılan qadın və uşaqlar da burda yaşayıb.

Uyğurlar ABŞ-da Çinin siyasətinə etiraz edirlər. (Arxiv)
Uyğurlar ABŞ-da Çinin siyasətinə etiraz edirlər. (Arxiv)

Burdakıların çoxu şəraitin daha da pisləşməsindən, yeməyin keyfiyyətsizliyindən şikayətlənir. Padang Besar bölgəsindəki düşərgədə saxlananlar şəraitin dəyişdirilməsi üçün bu ilin yanvarında aclıq aksiyası keçiriblər. Saxlananlar arasında bir oğlan uşağı ötən ilin dekabrında vərəmdən ölüb.

Son bir neçə ildə uyğurlar Çini kütləvi şəkildə tərk edirlər. Məqsəd, söylədiklərinə görə, hökumətin təqib və repressiyalarından qurtulmaqdır. Onların dininə və mədəniyyətinə kütləvi hücumdan narazıdırlar.

Tumturk deyir ki, bu bölgədən olan uyğurlar qonşu ölkələrə keçə bilib Türkiyəyə gələ bilmək üçün Çin qaçaqmalçılarının şəbəkəsinə düşüblər. “Çin onları insanlıq ləyaqətindən, insan haqlarından, dini azadlıqlarından, eləcə də başqa haqq və azadlıqlardan məhrum edir. Ona görə də onlar insan kimi yaşamaq üçün Türkiyəyə gəlirlər” - deyir Tumturk.

O, Türkiyə hökumətinə minnətdardı ki, ötən il həbs edilənləri buraya gətirib.

Türkiyə hökuməti bu həftə - iyunun 30-da Çində Ramazan ayında uyğurlara qoyulan qadağalarla bağlı dərin narahatlığını bildirib.

Yanvarda Türkiyəyə daha 500 uyğur gəlib.

XS
SM
MD
LG