Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:07

Laçınlı köçkünlər Ermənistanı məhkəmədə uddular


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

-

İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası (AİHM) «Çıraqov və başqaları Ermənistana qarşı» şikayət ərizəsi üzrə qərarında mülkiyyətin, şəxsi həyatın toxunulmazlığı, ədalətli mühakimə hüququnun davamlı pozulduğu bildirilib.

apa-nın məlumatına görə, məhkəmə prosesinə AİHM sədri Dean Spielmann sədrlik edib. Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümian-ın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.

Azərbaycanın Laçın rayonunun bir qrup sakini 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçdiyi bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət etmişdilər. Strasburq Məhkəməsi on ildən sonra çıxartdığı qərarında şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib.

Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistan yurisdiksiyası altında olduğunu təsdiq edib.

«SÜLH DANIŞIQLARININ APARILMASI MƏSULİYYƏTDƏN AZAD ETMİR»

Strasburq məhkəməsi eyni zamanda şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. Sülh danışıqlarının aparılması hökuməti heç də digər tədbirlər görməkdən azad etmir. AİHM şikayətçi və oxşar vəziyyətdə olan digər şəxslərin öz mülkiyyət və kompensasiyalarının bərpa edilməsi üçün bunun asan və əlçatılan iddia mexanizmlərin yaradılmasının vacib olduğunu bildirib.

Bundan başqa, AİHM öz qərarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsini, eləcə də Laçın rayonun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqlarına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirir ki, Avropa Məhkəməsinin bu qərarı ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi bir daha təsdiqlənir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü kontekstində həllinin vacibliyini vurğulayır.

İŞİN TARİXÇƏSİ

İddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində göstəriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər.

Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olsa da, işə 5 il sonra baxmağa başlayıb.

Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edib.

XS
SM
MD
LG