Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:22

«Valideynlərim məni axtarmasa da, mən onları çox istəyirəm»


Sənubər, Aylin, Ayişə
Sənubər, Aylin, Ayişə

-

7-8 yaşında olan üç balaca rəfiqə - Sənubər, Aylin, Ayişə gülür, danışır oynayır, atılıb-düşürlər. Həyatla qaynayırlar. Ancaq valideynlərindən danışanda, gözlərində kədər görünür. Baxmayaraq ki, onlar üçün tam aydın deyil valideynləri onları niyə atıb. Bəlkə də fikirləşirlər ki, elə belə də olmalıdır.

Azərbaycan Uşaqlar Birliyinin sığınacağında hazırda 35 uşaq var. Bu üç qızcığaz da sığınacağın sakinlərindəndir. Danışanda qırıq-qırıq danışırlar, demək istədiklərini tam çatdıra bilmirlər.

«YAXŞI Kİ, ANAM YANIMDADIR»

7 yaşlı Sənubər aralarında ən dillisidir. Sığınacaqda anası ilə birlikdə qalır. Çünki atası ondan da, anasından da imtina edib. Bu ana-balanın kimsəsi olmadığından Uşaqlar Birliyi uşağa da, anaya da sahib çıxıb.

«Atam öz evində yaşayır, anamla mən sığınacaqda yaşayırıq», deyib mehribanlıqla gülümsünür. Anasına sığınır. Sənubər hələ məktəbə getməsə də, dərslərinə hazırlaşır:

«Məktəbə yox, hazırlığa gedirəm»

Burdakı dostları haqqında həvəslə danışır. Aylinlə Ayişəni göstərir. «Niyə onlarla dostluq edirsən» soruşanda, cavabı belə olur:

«Çünki onlar mənə yaxşılıq edirlər».

«VALİDEYNLƏRİM EVDƏDİR»

Ayişənin 8 yaşı var. Rəfiqələrini qucaqlayır. «Dostlarım Səbişdir, Aylindir» deyir.

Ayişə rəfiqəsi Sənubər kimi şanslı deyil, anası yanında yoxdur. Xəstələnmək istəmədiyini deyir. Çünki xəstələnəndə başını anasının-atasının köksünə qoya bilmir: «Həkim olmaq istəyirəm».

Mişa İvanişin
Mişa İvanişin

Valideynləri haqda «onlar evdədir» deyir.

Aylin isə ancaq gülür. Valideynlərinin harada olduğunu bilmir. Onu heç axtarmırlar da. Ancaq «mən onları çox istəyirəm» söyləyir.

Azərbaycan Uşaqlar Birliyi 1996-cı ildən fəaliyyət göstərir. 2007-ci ildə kimsəsiz uşaqlar üçün sığınacaq açıblar. Birliyin sosial işçisi Həcər Ağazadə deyir ki, buranın böyüklü-kiçikli 35, bəzən də 40 sakini olur. Onların arasında sığınacaqda müvəqqəti qalanlar da var, daimi qalanlar da. Daimi qalanlar sığınacağın qəyyumluğundadır. Bəzi uşaqlar valideynləri ilə qalır. Onların arasında 9 aylıq uşaq da var, 16 yaşlı yeniyetmə də. Uşaqlardan üçü bu il məktəbə gedir.

MİŞANIN ƏN BÖYÜK ARZUSU SAĞALMAQDIR

Burda bir oğlan var. Mişa İvanişin. 9 yaşı var. Əlil arabasında oturub. Valideynləri ilə Beyləqanda yaşayıb. Sonra evdən qaçıb. Zirzəmidə yaşadığından soyuqdan ayaqlarını don vurub:

«Kəmalə xanım (Uşaqlar Birliyinin sədri) məni xəstəxanada tapıb. Ayaqlarımı don vurmuşdu. Xəstəxanaya düşmüşdüm. Əməliyyat olundum. Əməliyyat günü Kəmalə xanım məni tapdı».

Mişa valideynləri haqqında bunları deyir:

«Onlar bilmirlər mən haradayam. Bəlkə də bilirlər, mən bilmirəm...».

Həcər Ağazadə
Həcər Ağazadə

Bəs Mişanın ən böyük arzusu nədir? – «Sağalmaq» söyləyir.

«HƏRƏSİNİN ÖZ HEKAYƏSİ VAR»

Həcər Ağazadə deyir ki, uşaqlar sığınacağa gətiriləndən sonra yaxınları axtarılır, sənəd problemləri həll edilir. Evdən qaçan uşaqlar valideynlərinə, yaxınlarına verilir. Bəziləri isə dövlət müəssisəsinə göndərilir. Heç kimi tapılmayanlar isə Uşaqlar Birliyinin himayəsinə verilir:

«Hərəsinin öz hekayəsi var. Böyük uşaqlar olub ki, evdən qaçıblar, valideynlərini tapıb vermişik. Çoxusu imtina olunmuş uşaqlardır. Elə uşaq olub biz onu bazardan tapmışıq, eləsi var, polis gətirib. Gələndə geydikləri ayaqqabı, paltarlarının rənginə qədər yadımdadır. Burda uşaqlar bir-birlərinə alışırlar. Olub ki, hansınınsa valideyni tapılıb, ya da yaxınlarına vermişik. Onda o birilər həmin uşaq üçün çox darıxır».

Bu uşaqlar 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı əyləndilər də, sevindilər də. Onlar da bayramı qeyd etdilər.

Azərbaycanda 2 milyondan çox uşaq var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, son iki il üçün küçə uşaqlarının qeydiyyatı ilə bağlı rəqəm yoxdur. 2011-2012-ci illərdə ölkədə 408 nəfər küçə uşağı qeydə alınıb.

XS
SM
MD
LG