Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:42

«Təhqiqatçı Elvin Abdullazadənin üzərindən narkotik çıxacağını əvvəlcədən bilirmiş»


Elvin Abdullazadə
Elvin Abdullazadə

-

«Məhkəmənin birtərəfli və yarımçıq apardığı istintaqda tədqiq edilmiş sübutların özünə belə obyektiv hüquqi qiymət verilərsə, Elvin Abdullazadənin belə bir cinayət hərəkəti etmədiyi açıq-aşkar bilinmiş olar».

Bunu AXCP üzvü Elvin Abdullazadənin məhkəməsində vəkili Əli Mehtiyev müdafiə çıxışında deyib. Elvin Abdullazadəyə qarşı qaldırılmış ittiham üzrə proses mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Vəkil bildirib ki, məhkəmə müdafiə etdiyi şəxsin bəraət almasına gətirib çıxara biləcək vəsatətlərin heç birini təmin etməyib. Bununla da məhkəmə işlə bağlı tam və obyektiv araşdırma aparmayıb:

«Vəsatətlərdə qaldırdığım məsələlərin heç biri məhkəmə istintaqında tədqiq edilmədi. Bu səbəbdən məhkəmədə müdafiəsiz vəziyyətdə qalmış olduq».

«QANUN KOBUD ŞƏKİLDƏ POZULUB»

Vəkil müdafiə çıxışında bir daha qeyd edib ki, Elvin Abdullazadə qanunsuz 8 saat saxlandıqdan sonra üzərinə baxış keçirilib, protokol qanunun tələbləri pozulmaqla tərtib olunub, tədqiqat və istintaq orqanı qanunun tələblərini kobud şəkildə pozub:

«Baxış keçirilmədiyi, Elvin Abdullazadənin üzərində narkotik olub-olmaması müəyyən edilmədiyi halda, onu narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilmək onu göstərir ki, təhqiqatçı Elvin Abdullazadənin üzərində narkotik olmasını əvvəlcədən əminliklə bilirmiş».

«NARKOTİKİN ELVİNİN CİBİNDƏN ÇIXMASI...»

Əli Mehtiyev bildirib ki, prosesdə nümayiş olunan videomaterialda Elvin Abdullazadənin narkotik vasitəni görən kimi davranışı həmin vasitədən xəbərsiz olduğunu göstərir:

«Həmin maddəni görən zaman Elvin Abdullazadənin şaşqın vəziyyətdə olması və davranışı onun həmin narkotik vasitədən xəbərsiz olmasını təsdiq edir. Narkotik vasitənin Elvinin cibindən çıxması o demək deyil ki, bu narkotik Elvinindir və o, narkotik maddəni qanunsuz əldə edib. Əksinə, Elvin Abdullazadənin polis idarəsində 8 saat qanunsuz saxlanması, bu müddət ərzində onun üzərinə baxış keçirilməməsi, təhqiqatçının vəkil dəvət etməsi və vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilməsi onu göstərir ki, Elvinin cibindən narkotik vasitənin çıxacağını Elvindən başqa baxışda iştirak edən digər şəxslər əvvəlcədən bilirmişlər».

Vəkil bir daha qeyd edib ki, Elvin Abdullazadənin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və daşıması nə istintaq, nə də məhkəmədə sübuta yetirilib. O, müdafiə etdiyi şəxs barədə bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra hakim məhkəmədə son söz demək üçün Elvin Abdullazadəyə müraciət edib. Elvin Abdullazadə çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Növbəti proses iyunun 1-nə təyin olunub.

Elvin Abdullazadə narkotik maddə saxlamaqda ittiham olunur. Ailəsi və üzvü olduğu partiya onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG