Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:27

Gələn il Azərbaycanın idxal qaza ehtiyacı qalmayacaq


Qaz alınması ilə bağlı Rusiya və İranla danışıqlar davam edir
Qaz alınması ilə bağlı Rusiya və İranla danışıqlar davam edir

«Turan enerji» dərgisinin redaktoru İlham Şaban deyir ki, beynəlxalq təşkilatların hesablama sistemlərində qaz sərf edilməsi ölkələrdə əhalinin milyon nəfərinə 1 milyard kub metr götürülür. Bu düsturdan çıxış edəndə - Azərbaycanın ən uzağı - 8.5 milyard kubmetr qaza ehtiyacı olduğunu deyə bilərik. Bu ehtiyacı isə gələn il Azərbaycan özü də ödəyə biləcək və nə İran, nə də Rusiya qazına ehtiyacı qalmayacaq.


Azərbaycanın anbarlarda gələn il üçün 1.1 milyard kubmetr qazı ehtiyat var, 6 milyard kubmetr qazı isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) çıxaracağı proqnozlaşdırılır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) isə 1.4 milyard kubmetr səmt qazı verəcək, əlavə olaraq 2.3 milyard kubmetrin isə «Şahdəniz»dən alınacaq. Bunları hesablayanda Azərbaycanın heç idxal qazına ehtiyacı qalmır.


«Turan enerji» dərgisinin rəsmi rəqəmlərə dayanan hesablamalarına görə, gələn il Azərbaycan daxili imkanları hesabına 10.7 milyard kubmetrə yaxın qaz çıxara biləcək. Azərbaycanın enerji sisteminin reallıqda nə qədər qaz yandırmasına gəldikdə isə, «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Nazim Səmədzadə respublika ərazisində bu ilin 10 ayı ərzində 9 milyard kubmetrdən çox qaz istifadə olunduğunu bildirib: «9 milyard 134 milyon kubmetr qaz almışıq. Bunun 3 milyard 645 milyon kubmetri idxal qazı olub, qalanı isə yerli qaz».


Bu rəqəmlərdən çıxış edərək, Azərbaycanın illik qaz istehlakının 11 milyard kubmetr ətrafında dəyişəcəyini güman etmək olar. Belə də doğrudan da Azərbaycanın gələn il daxili imkanları hesabına əldə edəcəyi 11 milyard kubmetr yaxın qaz yetərli ola bilər. Elə ölkənin enerji sektoruna cavabdeh olan məmurları da bir ay öncəyə qədər verdikləri açıqlamalarda Azərbaycanın özünün gələn il qaz ehtiyacını ödəyə biləcəyini və artıq Rusiyadan alınan qaza ehtiyac qalmayacağını deyirdilər. Bu il Azərbaycan Rusiyadan 4.5 milyard kubmetr qazın hər min kubmetrini 110 dollara alır-yəni təxminən yarım milyard dollara. Gələ il üçünsə Rusiya qazın qiymətini yenə də artırmaq niyyətindədir - Gürcüstan üçün artıq hər min kubmetrinə 230 dollar istənilib. Bəzi yerli media qurumaları Azərbaycana da eyni qiymətlə qaz satılacağı haqda informasiya yaysalar da, Rusiyanın qaz istehsalçısı olan «Qazprom»-un Bakıdakı nümayəndəliyindən Akif Həsənov deyilənləri təkzib edir: «Qiymətlə bağlı-heç soruşmayın-hələ dəqiq heç nə yoxdur. Deyilənlər, şayiədən başqa bir şey deyil. Hələ heç bir qiymət elan edilməyib».


Sənaye və energetika Naziri Natiq Əliyev Rusiyadan alınacaq qazın həcmi və qiymətiylə bağlı danışıqların Rusiya-Ukrayna danışıqlarından sonra başlanacağını bildirmişdi. Rusiya Ukrayna danışıqları isə-öncədən 230 dollar ətrafında başlasa da, sonra tərəflər hər min kubmetri üçün 130 dollar qiymətində razılaşdılar. Azərbaycan və Rusiya tərəfi arasında danışıqların noyabrın sonuna qədər başa çatacağı gözlənilir. Buna qədər isə, Azərbaycan artıq İranla qazla bağlı danışıqlara başlayıb və hər min kubmetri üçün qiyməti 120 dollardan baha olmamaq şərtilə 2 milyard kubmetr həcmində qaz alınmasıyla bağlı danışıqlar hələ başa çatmayıb.


XS
SM
MD
LG