Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Gizli sənədlərdən görünən Nərimanov


Firdovsiyə Əhmədova
Firdovsiyə Əhmədova

-

«Nəriman Nərimanov Cümhuriyyət xadimlərinin bağlı olduğu milli-mənəvi dəyərlərə önəm verən şəxsiyyət olub».

Nəriman Nərimanovla bağlı yenicə tapılmış sənədlərə şərh verən tarixçi-alim Firdovsiyə Əhmədova bu sözləri AzadlıqRadiosunun «İz» proqramına müsahibəsində dilə gətirib.

SöhbətRusiya Dövlət Sosial Siyasi Tarix Arxivində «Nərimanovun işi» adı ilə saxlanan 10 məxfi qovluqdakı sənədlərdən gedir.

İz - «Nərimanovun işi» adlı məxfi qovluqdan görünən N. Nərimanov
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

BİR DAHA «AYRILAN YOLLAR»...

Firdovsiyə xanımın dediyinə görə, cümhuriyyətçilər və Nərimanovun yolları, sadəcə, taktik baxımdan ayrılıb: «Düzdür, yazıb-qınayırlar ki, Nərimanov cümhuriyyət dövründə Nəsib bəy Yusifbəyliyə məktub yazıb, onu tənqid edib ki, Rusiyada inqilab baş verib, sizsə onun Azərbaycanda bəhrələnməsinə imkan vermirsiniz və s. Orda bilirsiniz nə yazır Nərimanov? Deyir, Ağ Rusiya və Qırmızı Rusiya arasında mübarizə gedir. Ağ Rusiya vahid, bölünməz Rusiya tərəfdarı idi. Onlar Qafqaz və Rusiya imperiyasının müstəqil dövlətlərini heç vuruşduqları dövrdə qəbul etmirdilər, o ki qala qalib gələcəkləri halda... Nərimanov yazır ki, ermənilər burada danışıqlar aparır bolşeviklərlə, Azərbaycanın müqəddəratı həll olunur. Odur ki, Nərimanovun mövqeyi sovet Rusiyası ilə bərabərhüquqlu ittifaqda olan bir dövlət qurmaq idi - əsarətdə olan deyil, bərabərhüquqlu!».

NƏRİMANOV: «AZƏRBAYCAN QUBERNİYALARA BÖLÜNMƏSİN!»

Tarixçi-alim maraqlı bir məsələyə diqqət çəkir: «Azərbaycan SSR daha sonra ittifaqa «qoşulanların» arasında Rusiya ilə ən yüksək münasibətlərə girən ilk dövlət olub. Ali respublika statuslu, çünki məsələ qoyulmuşdu və bəzi bolşeviklər deyirdi ki, Azərbaycan quberniyalara bölünərək Rusiyanın tərkibinə daxil edilsin. Nərimanov bölünməməkdə israrlı idi. Burada da ən böyük təcrübə Azərbaycan Cümhuriyyətinin mövcudluğu olub. Qonşuluqda Gürcüstan Respublikasının varlığı faktı vardı. Stalin özü etiraf edir ki, bunlar olmasaydı, onlara respublika statusu da verilməzdi. Nərimanov Azərbaycanın quberniyalara bölünməsinin qarşısını aldı».

Nəriman Nərimanov
Nəriman Nərimanov

TƏKBAŞINA...

Firdovsiyə xanım ərazi məsələsində də Nərimanovun ittiham olunduğunu bildirir: «Gerçəklik tam fərqlidir. Hələ Cümhuriyyət dönəmində - 1919-cu ilin dekabrında Azərbaycan parlamentinə teleqramlar daxil olurdu ki,Zəngəzur sarıdan başınız sağ olsun... Yəni erməni-daşnak qüvvələri cümhuriyyətlə bağlanmış 23 noyabr 1919-cu il sazişini pozmuşdular, Zəngəzur əhalisini qanına qəltan eləmişdilər və ərazi daşnakların əlindəydi. Ona görə də, 1920-ci ilin bütün yay və payızı da daxil, Leqran, Orconikidze, Çiçerin və Nərimanov arasında Azərbaycan ərazilərinin müqəddəratıyla bağlı teleqraflaşma gedirdi. Və o zaman Nərimanov birmənalı şəkildə deyir ki, Naxçıvan, Qarabağ, Zəngəzur, Şərur- Dərələyəz, Ordubad Azərbaycanın ayrılmaz hissələridir. Hətta Çiçerin Orconikidzeyə yazır ki, Müsavat hökuməti Şərur-Dərələyəzi Azərbaycanın saymır, amma Nərimanov onları da Azərbaycan torpağı hesab edir. Bax, Nərimanov belə gərgin situasiyada, təkbaşına mübarizə aparıb».

«FACİƏVİ QƏHRƏMAN, YOXSA QALİB?»

Aparıcının «Tapılan sənədlərdə Nərimanovun obrazı necə görünür, Çingiz Hüseynov demiş, faciəvi qəhrəman, yoxsa qalib kimi» sualı belə cavablandı: «Bunun xaricində Nərimanovun bircə çıxış yolu vardı – çıxıb qaçmaq. Amma Nərimanov bilirdi ki, bu yol daha fəsadlı olacaq Azərbaycan üçün. Ona görə də qaçmadı, inandığı, gerçəkləşdirmək istədiyi siyasətin acı sonunu görərək faciə yaşadı. Amma bu o demək deyil ki, o, inandığı ideyalardan imtina elədi. Sadəcə, reallığın o ideyalara uyğun olmadığını görüb əzab çəkdi».

«...STALİNƏ MƏKTUB»

«Tapılan yeni sənədlər nədən ibarətdir» sualına tarixçi-alim belə cavab verdi: «Orada Nərimanovun Stalinə yazdığı və 70 il yasaq saxlanan məktubu var: «Ucqarlarda inqilabımızın tarixinə dair və Stalinə məktub».1923-cü ildə bu məktubla bağlı xüsusi komissiya yaradılmışdı - Mərkəzi Nəzarət Komissiyasının sədri Yaroslavskinin başçılığı ilə. Rusiya KP-nin Siyasi Bürosu qərar çıxarmışdı ki, belə bir komissiya yaradılsın və aşkara çıxarılsın ki, Nərimanovun həmin məktubda yazdıqları həqiqətdir, yoxsa yox? 1923-cü ilin iyunundan noyabrın 15-dək bu komissiya həm Moskvada, həm də Bakıda işlədi. Çoxlu iclaslar keçirildi, protokollar tərtib olundu. Sonda komissiyanın rəyi ondan ibarət oldu ki, bu məktubda yazılanlar iftiradır, böhtandır. Demək, Nərimanovla bağlı ciddi bir qərar qəbul olunmalıydı...».

«MƏNİM SƏNDƏN-SƏNƏ ŞİKAYƏTİM VAR» - «GÜLLƏLƏNSİN!»

Firdovsiyə xanım həmin komissiya ilə bağlı bir nüansa da diqqət çəkdi: «Məktubda Nərimanov kimlərdən şikayətlənirdisə, o iclaslarda onlar da iştirak edirdilər. Məsələn, Mirzoyan iclasa sədrlik edirdi. Təbii ki, onun sədrliyi ilə keçən iclasda obyektivlik ola bilməzdi. Odur ki, iclasda Nərimanovun cəzalandırılması, güllələnməsi, partiyadan çıxarılması təklifləri səslənirdi. Əsas ittiham ondan ibarət idi ki, Nərimanov burjua millətçisidir, antisemit siyasət yeridir».

«RUHƏN MÜSAVATÇIDIR», AMMA...«TAM PARTİYA ETİMADI GÖSTƏRİLSİN»

Tarixçi-alim Nərimanovun müsavatçılıqda ittiham edildiyini də vurğuladı:

Nəriman Nərimanov həyat yoldaşı ilə birlikdə.
Nəriman Nərimanov həyat yoldaşı ilə birlikdə.

«Deyirdilər ki, o, ruhən müsavatçıdır və Məhəmməd Əmin Rəsulzadənin İstanbulda apardığı siyasəti Nərimanov Moskvada həyata keçirir... Ola bilsin ki, onların arasında əlaqə yoxdur, amma eyni siyasəti yürüdürlər. Nərimanovu partiya direktivlərindən kənar siyasət yürütməkdə də suçlayırdılar. Belə bir gərgin situasiyada komissiya Nərimanovun əleyhinə qərar çıxardı. Amma komissiyanın rəyi ilə tanışlıqdan sonra Nərimanov yeni müraciət hazırladı və növbəti dəfə özünün istefa məsələsini qoydu. O, komissiyanın işindən narazılıq etdi. Nəticədə mərkəzi hakimiyyət, Siyası Büro məcbur oldu ki, bu məsələni sovet hökumətinin maraqlarına, nüfuzuna zərər verməyən şəkildə çözsün. Çünki hər halda, Nərimanov Şərq dünyasında, müsəlman aləmində bolşevik kimi tanınan bir sima idi və elitada təmsil olunmuşdu. Bütün bunları nəzərə alaraq, Siyasi Büro qərar qəbul etdi ki, münaqişə aradan qalxmış sayılsın və Nərimanova tam partiya etimadı göstərilsin».

ÜÇHƏFTƏLİK MƏZUNİYYƏT

Firdovsiyə xanım 1923-cü il noyabrın 15-də qəbul olunan qərarın önəmini belə açıqlayır: «Bu sənəd önəmli sənəd idi. Düşünmək olardı ki, bu etimaddan sonra Nərimanov onların fikirlərini, mövqelərini dəstəkləyəcək. Qətiyyən yox! Qərardan sonra ona üçhəftəlik məzuniyyət verildi. Dekabrda Nərimanov o məktubuna yenidən özünün haqlı olduğunu sübut edən əlavələr elədi. Çünki bu məktubda çoxlu statistik məlumatlardan istifadə etmişdi».

«DELO NARİMANOVA»

Tarixçi-alim yeni əldə olunan sənədlərin («Delo Narimanova») həmin komissiyanın sənədləri olduğunu bildirir: «Məlumatlar Azərbaycandan götürülmüşdü. Nərimanov yazırdı ki, heç çar Rusiyası dövründə də Azərbaycan əhalisi belə sıxışdırılmırdı. Türk dili belə qadağan olunmurdu. Bakı Sovetinin tərkibini ortaya qoyurdu. Nə qədər qeyri millətlər var, nə qədər müsəlman. Və yaxud bir vəzifəyə təyin olunanda bir müsəlman bütün ölçüləriylə uyğun gəlirsə, onu qəbul etmirlər, amma qeyri milləti qoyurlar. Azərbaycanlılara qarşı diskriminasiya siyasəti yeridilməsinə sübutlar gətirirdi».

«STALİNƏ MƏKTUB»DA NEFT MƏSƏLƏSİ

Məktubun ən önəmli məqamı neft məsələsi idi: «Nərimanov Azərbaycanın öz neftinə sərəncam verən funksiyanı yerinə yetirməsini istəyirdi. Amma bu, alınmırdı. Uzun mübarizədən sonra ona nail oldu ki, neftdən gələn gəlirin, heç olmasa, 15 faizi Azərbaycan təhsilinə, səhiyyəsinə sərf edilsin. Siyasi Büronun qərarı olsa da, Serebrovski («Azneft»ə - Azərbaycan neftinin idarə edilməsinə rəhbərlik edən şəxs) onu da yerinə yetirmirdi. Bax, bütün bunlar Nərimanovun məruzəsində yer almışdı».

NƏRİMANOV «ŞİRMA»-PƏRDƏ OLDUĞUNU BAKIDA ANLAYIR...

F.Əhmədova işğaldan sonra Bakıya gələn Nərimanovun xəyal qırıqlığına uğradığını bildirir: «Bakıya gələndə, onun məqsədi Şərqə nümunə olacaq bir respublika yaratmaq idi, amma burada «Talan həftəsi»ni, XI ordunun özbaşınalıqlarını, qarət-talanı görərək ilk istefa ərizəsini yazır (N.Nərimanov 1920-ci il mayın 16-da Bakıya gəlib. Rus-bolşevik işğalından sonrakı həftə tarixə «Talan həftəsi» adıyla düşüb. Ac-yalavac bolşevik əsgərləri şəhərin canına daraşaraq evləri, dükan-bazarı çapıb-talayıblar - S.İ.).Nərimanov şirma (pərdə) olduğunu Bakıda anlayır».

Nəriman Nərimanov
Nəriman Nərimanov

«O, MƏNƏ DEKORASİYA, BAYRAQ KİMİ LAZIMDIR»

Yeni tapılan sənədlərdə Stalinin 1919-cu ildə Leninə yazdığı məktub da var:

«Stalin yazır ki, bizim siyasətimiz indi Şərqdə uğur qazanır. Amma Şərq aləmi üçün bizə üzdə olan, danışıqlar aparan bir kadr lazımdır. Bu, müsəlman olmalıdır. Türkiyədə sovet hökuməti adından danışığı erməni Qaraxan aparır (Qaraxanyan Çiçerinin - Xarici İşlər Komissarının müavini idi - S.İ.). Bu, yolverilməzdir. Ona görə də, Nərimanovun üzərində dayanır. Yazır ki, bəlkəUzaq Şərqi yaxşı bilməsin, bəlkə orta partiya stajlı bir şəxs olsun, amma o, mənə bir dekorasiya, bir bayraq kimi lazımdır. Stalin belə yazır. Bunu Nərimanov Bakıya gələn kimi başa düşdü. Ona səlahiyyət verilmirsə, özləri idarə edirlərsə, dönə-dönə bildirir ki, məni «şirma» edə bilməzsiniz».

NƏRİMANOVUN TƏZYİQ VASİTƏLƏRİ

Firdovsiyə xanım qəribə bir situasiya alındığını bildirdi: «Nərimanovun təzyiq vasitələri vardı: XI ordu buradadırsa, heç olmasa, hərbi şuraya daxil olub söz sahibi olsun. Azərbaycan Mərkəzi Komitəsində onu dəstəkləyəcək qüvvələrin sayı çox olsun. Bunları tələb eləyirdi, hansı istəyinəsə nail olmayanda, istefa ərizəsi yazırdı... Bilirdi ki, onlara dekorasiya kimi lazımdır... Bilirdi ki, istefaya yol verməyəcəklərsə, hansısa bir tələblə razılaşacaqlar».

HANSINA ƏMƏL OLUNDU?

Aparıcının «Hansısa tələbinə əməl olunurdu» sualını verilişin bələdçisi belə cavabladı: «Orconikidze deyirdi ki, sənin tələbinlə biz 30-dan çox aparıcı bolşevik kadrını Azərbaycandan geri çağırdıq. Onların arasında Mikoyan, Laminadze kimi kadrlar da vardı. Və yaxud, 1921-ci ildə İranla Rusiya müqavilə imzalayanda, İran tələb qoymuşdu ki, siz bizə müsadirələrə görə 30 milyon pul ödəməlisiniz. Nərimanov mərkəzi hakimiyyətə demədən buna razılıq vermişdi. Qars müqaviləsi imzalananda, Türkiyə hər respublika ilə ikitərəfli müqavilə imzalamaq istəyirdi, mərkəzsə buna qətiyyən razı deyildi. O, mərkəzə bunun qarşısını alacağını bildirdi, türklərlə söhbətdə isə ikitərəfli müqavilə vədi verdi... Yəni Nərimanovun son çarəsi ona qalırdı ki, tələblər, istefa və s. artıq effekt verməyəndə, birbaşa, müstəqil sərəncam versin».

«BURJUA MİLLƏTÇİSİSƏN!»

Cümhuriyyət xadimlərinin, milli burjuaziyanın qorunmasında, onlara xarici pasport verilməsində, təhlükəsizliklərinin təmin olunmasında da Nərimanovun rolu olub. Məsələn, Behbud Cavanşir - Cümhuriyyətin daxili işlər naziri Behbud Cavanşirə məxsus (sonradan İstanbulda erməni terrorunun qurbanı oldu - S.İ.) əmlakın müsadirəsi zamanı Nərimanov bunun müqabilində ona 4 min 500 funt sterlinq ödənməsi barədə sərəncam vermişdi – öz imzasıyla. Bu üzdən Nərimanovu burjua millətçiliyində günahlandırır, deyirdilər ki, sən onları himayə edirsən, məsələn, hacı Zeynalabdin Tağıyevə loyal münasibət bəsləyirsən».

«ƏZİZ OĞLUM NƏCƏF, ƏGƏR MƏNƏ YAŞAMAQ QİSMƏT OLSA...»

Nərimanov bütün Şərqi əsarətdən qurtarmaq istəyirdi. Düşünürdü ki, Azərbaycanda o dərəcədə nümunəvi respublika qurulmalıdır ki, Şərqə örnək olsun. Şərqlə bağlı xəyalları puça çıxınca, arzularını Azərbaycanda gerçəkləşdirmək istədi. Onun Azərbaycana gəlişini əngəlləyirdilər. Adını çəkmək qadağan idi. 1925-ci ilin əvvəllərində ictimai-ədəbi fəaliyyətinin 30 illiyi Moskvada qeyd olundu, Bakıda yox. Bakıya gələndə də kimsə cəsarət edib onunla görüşmədi. Təcrid vəziyyətindəydi. 1924-cü ilin dekabrında məruzəsinə yeni əlavələri də Nərimanovun əvvəlki mövqeyində qaldığını göstərir. 1925-ci il yanvarın 28-də oğlu Nəcəfə yazdığı «Bitməmiş məktub»da çəkdiyi vicdan əzabı öz əksini tapıb».

1925-Cİ İL. NOVRUZA BİR GÜN QALMIŞ...

Firdovsiyə xanım daha bir maraqlı nüansa toxundu: «Sovet hakimiyyəti hər yerdə sovet ordusunun süngüsü hesabına qurulurdu. Amma heç birində, Azərbaycanda olduğu qədər, ziyalılar hakimiyyətlə əməkdaşlığa getməmişdilər... Bu, birbaşa Nərimanovun şəxsiyyəti ilə bağlı idi. Onlar Nərimanova arxalanaraq millətin inkişafı, savadsızlığın ləğvi, milli quruculuq işlərinə səmimi şəkildə qatılırdılar. Amma bu dövr uzun sürmədi. Nərimanovun vəfatından sonra ikinci repressiya dalğası başladı. Nərimanov belə bir şəraitdə fəaliyyət göstərdi və 1925-ci il martın 19-da dünyasını dəyişdi».

-Nərimanov bu nüfuzu necə qazanmışdı?

-Onun ölümündən sonra fikirdaşlarının başına nələr gəldi?

-Rəsulzadənin1923-cü ildə İstanbulda yazdığı «Azərbaycan Cümhuriyyəti» əsərindən bərk qorxuya düşən bolşevik başçıları bu əsərlə bağlı hansı qərar qəbul etdi? Nərimanov əsəri oxudumu? Yeni sənədlərdə bununla bağlı nə var?

XS
SM
MD
LG