Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:12

AzadlıqRadiosu Azərbaycanda hüquqlarını qorumaq üçün hərəkətə keçir


AzadlıqRadiosu-nun Bakı bürosuna 2014-cü ilin dekabrında reyd keçirilib.
AzadlıqRadiosu-nun Bakı bürosuna 2014-cü ilin dekabrında reyd keçirilib.

Radionun baş redaktoru Nenad Pejic deyib ki, şirkət özünün və işçi heyətinin hökumətin hərəkətləri qarşısında hüquq və maraqlarını müdafiə etmək üçün bütün addımları atmağa hazırdır.

AzadlıqRadiosu Bakıdakı bürosunu, ötən ilin dekabrında, Azərbaycan hökumətinin xarici təşkilatlara qarşı kampaniyasının gedişində radionun ofisini möhürləyəndən sonra dayandırıb.

«Azərbaycan hakimiyyəti qanunsuz və əsassız hərəkət edərək bizim işçi heyətimiz və onların ailə üzvləri üçün dərin və bir çox hallarda silinməz iztirab və köçkünlük yaradıb» – deyib AzadlıqRadiosu-nun baş redaktoru Nenad Pejic. Pejic həmçinin bildirib ki, şirkət özünün və işçi heyətinin hökumətin hərəkətləri qarşısında hüquq və maraqlarını müdafiə etmək üçün bütün addımları atmağa hazırdır.

Hökumətin bu hərəkətlərinə AzadlıqRadiosu-nun Bakı bürosuna reyd keçirilməsi və bu zaman şirkətin sənədlərinin, möhür və avadanlığının qanuni prosedurlara əməl edilmədən müsadirə olunması, Bakı bürosu işçilərinin hüquqi təmsilçiliyinin təmin edilmədən dindirilməsi və saxlanması, büronun hüquq nümayəndəsinin məhkəmə prosesindən çıxarılması, heyət üzvlərinin qohumlarının təhdid edilməsi, bəzi işçilərə qanunsuz səfər məhdudiyyətlərinin qoyulması daxildir.

AzadlıqRadiosu həmçinin radionun əməkdaşı, beynəlxalq miqyasda təhqiqat jurnalisti kimi tanınmış Xədicə İsmayılovanın əleyhinə hökumət ittihamlarına qarşı çıxır. Xədicə İsmayılova dekabrın 5-də həbs olunub və ona qarşı AzadlıqRadiosu-nun əleyhinə yönəldilən iddialardan doğan ittihamlar əsasında hələ də həbsxanada saxlanır.

Son 60 ildə olduğu kimi...

Azərbaycanda AzadlıqRadiosu kimi tanınan Azad Avropa/AzadlıqRadiosunun Azərbaycan xidməti, öz bürosunun bağlanmasına baxmayaraq Azərbaycanda özünün xəbər toplamaq və reportajlar vermək funksiyalarını yerinə yetirməkdə davam edir və hələ də rəqəmli və peyk yayın üsulları ilə fəaliyyət göstərir.

Pejic deyib: «Biz öz missiyamızı icra etmək məqsədilə, bundan əvvəl 60 ildən çox müddətdə olduğu kimi işimizi dava etdirəcəyik. Biz AzadlıqRadiosu-na və onun işçi heyətinə qarşı Azərbaycan hökumətinin son bir neçə ayda törətdiyi hərəkətlərdən təəssüf hissi duyuruq. Biz Azərbaycan hökumətini təməl haqlara və azadlıqlara olan öhdəliklərini yerinə yetirməyə, öz vətəndaşlarını incidən və ölkənin gələcəyini şikəst edən repressiya kampaniyasına son qoymağa çağırırıq».

AzadlıqRadiosu özəl, müstəqil beynəlxalq xəbər təşkilatıdır və radio, internet, televiziya və mobil rabitə vasitəsilə Rusiya, Ukrayna, İran, İraq, Əfqanıstan, Pakistan, Mərkəzi Asiya və Qafqaz ölkələri də daxil 21 ölkədəki mötəbər auditoriyalara proqramlar yayır.

Radio, Yayın Hamiləri Şurası (BBG) vasitəsilə ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.

XS
SM
MD
LG