Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:23

Ermənistan ordusundan Bakıdakı olimpiada ilə bağlı açıqlama


Davit Tonoyan
Davit Tonoyan

-

“Ermənistan silahlı qüvvələri Bakıdakı Avropa Olimpiya Oyunları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin yenidən artmasına imkan verməmək üçün əllərindən gələni edəcəklər”.

Bunu mayın 20-də Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyan deyib.

Tonoyan Azərbaycan tərəfini də eyni cür davranmağa çağırıb.

“Biz bu gün də dözüm nümayiş etdiririk, aydın görünür ki, biz nə vəziyyəti gərginləşdiririk, nə də təxribat törədirik”.

İyunun 12-dən 28-cən Bakıda keçiriləcək olimpiadada Avropa ölkələrindən minlərlə idmançı iştirak edəcək. Çox götür-qoydan sonra Ermənistan da Avropa Oyunlarına qatılmaq qərarı verib.

Baxmayaraq bəzi erməni idmançılar bu qərardan narazı idilər.

Yanvar-fevral aylarında cəbhədə gərginlik artdığı üçün Ermənistan bu qərarında tərəddüd edirdi. Ermənistan Müdafiə Nazirliyi son iki ayda qoşunların təmas xəttində vəziyyətin nisbətən sabitləşdiyini, aprelin əvvəlindən bəri isə itki vermədiyini deyir.

Bəzi erməni müşahidəçiləri bu nisbi sakitliyi “Azərbaycanın Avropa idman federasiyalarını hürkütməmək istəyi” ilə bağlayırlar.

Tonoyan isə deyir ki, ola bilər ki, Azərbaycan tərəfi bu dövrdən öz qüvvələrini yenidən qruplaşdırmaq üçün istıfadə edəcək və olimpiadadan sonra yenidən gərginlik arta bilər.

Azərbaycan ordusu təlim zamanı
Azərbaycan ordusu təlim zamanı

Azərbaycanın Müdafiə Nazirliyi isə qoşunların təmas xəttində təxribat törədən tərəfin elə erməni ordusu olduğunubildirir.

Nazirlik bildirir ki, məsələn, mayın 20-də erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.

Ermənistan ordusu Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqelərini atəşə tutub.

Bundan başqa erməni əsgərlər Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin az qala hər gün atəşkəsi pozduğunu bildirir.

XS
SM
MD
LG