Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Yanğından bir gün sonra: «Ən başından deyirdik ki, bu bina yanacaq»


Sakinin merlə söhbətindən: Səhərəcən benzindoldurma məntəqəsində yatmışam
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Sakinin merlə söhbətindən: Səhərəcən benzindoldurma məntəqəsində yatmışam

-

- Deyirsiniz ki, analiz götürüləcək, sonra rəy veriləcək, həmin rəy saxta da ola bilər. Hər şey göz qabağındadır da. Səhərədək gözümüzə yuxu getməyib. Tədbir görün ki, bir də belə hadisələr olmasın da.

- Narahat olmayın, sabah komissiyanın qərarı olacaq, bu üzlüklər çəkilmiş bütün binalardan nümunələr götürüləcək……

Bu dialoq poliuretan üzlüklü bina sakini ilə Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov arasında gedir – mayın 19-da bir neçə dəqiqə ərzində güclü yanğının qapqara qaraltdığı 16-mərtəbəli binanın həyətində.

Bu ərazidə gərginlik təkcə yanan binanın sakinləri arasında yaşanmır, həm də dörd bir tərəfi eyni üzlüklə üzlənmiş qonşu binaların sakinləri də təşviş içindədir. Elə hadisə yerinə gəlmiş Hacıbala Abutalıbovla üz-üzə danışmağa da ən çox onlar can atırlar, ondan binaların üzlüklərinin çıxarılmasını istəyirlər.

«BƏS DEYİRDİLƏR HƏR CÜR KÖMƏK OLACAQ?!»

Yanan binanın sakinləri isə ortalıqda vurnuxurlar, bu gün onlara mənzillərinə girib salamat qalan əşyalarını çıxarmağa imkan yaradılıb. Kimi televizor, kimi suyu axan xalça, kimi yorğan-döşək, qab-qacaq, sənəd-sünəd daşıyır. Amma əliboş qalanlar da var. Sakinlərin dediyinə görə, evi yanıb tamamilə kül olanlar heç nə çıxara bilmirlər.

Kimi televizor, kimi suyu axan xalça, kimi yorğan-döşək, qab-qacaq, sənəd-sünəd daşıyır.
Kimi televizor, kimi suyu axan xalça, kimi yorğan-döşək, qab-qacaq, sənəd-sünəd daşıyır.

Əşyaları sakinlər özləri daşıyırlar. Elə narazılıq yaradan səbəblərdən biri də budur.

Səfurə Mazanova:

- Əşyalarımızı çıxarmaq istəyirik, bircə nəfər də köməkçi yoxdur, fəhlə verilmir. Bizə köməkçi lazımdır. Bəs deyirdilər hər cür köməklik olacaq.

- Gecəni harada qalmısız?

– Bu gecəni yaxınımızın evində qalmışam. Kimin evinə yığılaq, neyləyək, bilmirik”.

- Dünən hər hansı yardım çatıbmı sizə?

– Dünən 1000 manat verilib. İndi deyirlər ki, kirayə pulu veriləcək.

«ELƏ DEYİRDİK Kİ, BU BİNA YANACAQ»

Hacıbala Abutalıbov yanğına nəyin səbəb olmasını açıqlamaq üçün istintaqın nəticəsini gözləməyə üstünlük versə də, sakinlərin fikri birdir: yanğına binanın üzlüyü səbəb olub:

Ofeliya Abilova: «Elə deyirdik ki, bu bina yanacaq. Bina üzlənəndə fəhlələrə deyirdik ki, bu material yanğına davamlı deyil. Bizə deyirdilər ki, binanı gözəlləşdiririk də, sizin üçün gözəlləşdiririk. Yaxşı gözəlləşdirdilər, gör nə günə qoydular bizi. Mənə 1000 manat lazım deyildi, kaş ki, bütün bunlar olmazdı».

Aysel Vahabova: «Adicə qonşular yuxarıda siqaret çəkib atanda, pəncərəmizə düşürdü. Neçə dəfə olub ki, həmin yer yanıb».

Binada qeydiyyatda olan 49 ailəyə kompensasiya verilib.
Binada qeydiyyatda olan 49 ailəyə kompensasiya verilib.

«ETİRAZIMIZ NƏZƏRƏ ALINMADI»

Rəsmi məlumata görə, binada qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib. Söhbət bir dəfəlik ödənilən 1000 manatdan gedir. Söhbət etdiyimiz ailələrin əksəriyyəti bu pulu aldıqlarını təsdiqləyiblər. Ailələrə Goradil və Buzovnadakı pansionatlara yerləşmək təklif olunur. Amma əksəriyyəti yolun uzaqlığına görə narazıdır:

İlahə Allahverdiyeva: «Bu gecəni qohum evində qalmışıq. İndi də deyirlər ki, Bilgəhdə ev veriləcək. Bizim işimiz var, uşaqların məktəbi var, ora necə köçə bilərik. Biz ən başından deyirdik ki, bu bina yanacaq. Hətta üzlük vurulmağa başlanandan 1-2 ay sonra işi dayandırdılar, dedilər ki, «fövqəladə» icazə vermir. Sonra nə oldusa, icazə də verildi, iş də görüldü. Etirazımız da nəzərə alınmadı».

Bir qrup narazı sakinlərlə Hacıbala Abutalıbov Binəqədi rayonu 5-ci polis bölməsində görüşdü, söhbət bağlı qapılar arxasında keçdi. Görüşdən çıxan sakinlər danışmağa meyl etməsələr də, icra başçısı sualları cavabladı. Bildirdi ki, heç bir sakini narazı qoymayacaqlar:

«Sakinlərin bütün xahişlərini yerinə yetirdik, komissiya ilə birgə öz mənzillərində olacaqlar, prokurorluq işçilərinə izahat verəcəklər və bu gün axşama kimi bütün əşyalar qiymətləndiriləcək. Kim ki, pansionatda qalmaq istəmir, istədiyi ünvanda mənzil tutacaq, mən pulunu verəcəm».

Əşyaları sakinlər özləri daşıyırlar. Elə narazılıq yaradan səbəblərdən biri də budur.
Əşyaları sakinlər özləri daşıyırlar. Elə narazılıq yaradan səbəblərdən biri də budur.

«PREZİDENT İKİ GÜN VAXT VERİB»

İcra başçısının dediyinə görə, ölkə prezidenti yanan bina ilə bağlı yaradılmış komissiyaya iki gün vaxt verib:

«Prezident bizə iki gün vaxt verib. Ekspertiza olunacaq. Laboratoriyada bu üzlüklərin insan sağlamlığına təhlükəli olub-olmaması, yanğına davamlı olub-olmaması və ümumiyyətlə, üzlük kimi istifadə oluna bilib-bilməməsi müəyyənləşəcək. Bu üç sənəd sabah mənə veriləcək. Onunla əlaqədar da biz tədbir görəcəyik. Bu hesabatlara qol çəkənlər balaca adamlar deyil, nazirdən tutmuş yanğın idarəsinin rəisinə kimi səlahiyyətli adamlardır. Onlar qol qoysalar ki, biz bu üzlüklərə qarantıq, onda onlara əl vurulmayacaq. Amma yazsalar ki, təhlükəlidir, yanan materialdır, dəyişdiriləcək».

Hacıbala Abutalıbov deyir ki, Fövqəladə Hallar Nazirliyi yanan binanı müayinə edəcək, böyük ehtimalla sabah (21 may) axşama hazır olacaq. Binanın dayanıqlığının yüksək olması deyilərsə, onda bu şənbə günündən – mayın 23-dən binanın təmirinə başlanacaq. İcra başçısının dediyinə görə, təxminən 2-3 ay çəkəcək təmirdən sonra mənzillər sakinlərə bütün avadanlıqlarla təchiz olunaraq veriləcək.

Yanğın zamanı ölən 15 nəfərin yas xərclərini və yaralananların xəstəxana xərclərini dövlət ödəyir.

Hava küləkli olsaydı, yanğın yaxın məsafədə yerləşən digər binaya da keçə bilərdi.
Hava küləkli olsaydı, yanğın yaxın məsafədə yerləşən digər binaya da keçə bilərdi.

«HAVA KÜLƏKLİ OLSAYDI…»

Amma sakinləri daha çox bu günün sabahı düşündürür – bütün bu rəylər, yoxlamalar, müayinələr başa çatanadək bu hadisənin bir daha təkrarlanmayacağına zəmanət varmı?

Qonşuluqdakı binada yaşayan Rəfiqə Ərəbovanın mənzili birinci mərtəbədədir. Deyir ki, bəxtləri dünən havanın küləksiz olmasında gətirib. Çünki hava bir qədər küləkli olsaydı, yanğın kifayət qədər yaxın məsafədə yerləşən digər binaya da keçərdi – həm də eyni üzlüklü binaya. Rəfiqə Ərəbovanın eyvanının üzlüyü artıq sökülmüşdü, dediyinə görə, məlum hadisədən sonra məhəllənin uşaqları söküb, amma «bircə eyvanla problem həll olunurmu» deyə də düşünür:

«Şəkər adamam, o qədər stress keçirdik ki. Gecəni yatmamışıq. 40 ildir bu bina tikilib. Heç belə şey olmamışdı. Qoy söksünlər, atsınlar bütün bunları».

Bakıda və Sumqayıtda artıq poliuretan üzlüklərin binalardan sökülməsinə başlanıb. Amma AzadlıqRadiosunun bununla bağlı sualına cavabında Hacıbala Abutalıbov belə bir göstərişin olmadığını deyib. Bildirib ki, bununla bağlı qərar həmin materialla bağlı aparılan araşdırmanın nəticəsi bəlli olandan sonra veriləcək.

İcra başçısının dediyinə görə, paytaxtda 140 poliuteran üzlüklü bina var. «Turan» informasiya agentliyi isə şəhərdə 800 belə binanın olduğunu hesablayıb.

Bakıda, metronun «Azadlıq» stansiyasının yaxınlığında 16-mərtəbəli binada mayın 19-da yanğın baş verib, nəticədə 15 adam ölüb, 50-dən çox adam yaralanıb.

XS
SM
MD
LG