Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:47

Ayın yeməli göründüyü gecə


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin şeir 20-liyindən

Həmid Piriyev

Ayın yeməli göründüyü gecə

Mürsəl əmi vardı

mən onun qoca vaxtını görmüşdüm

balacaboy kişiydi

hamıya xalaoğlu deyirdi

hamı da ona

hər gün on-on beş qoyununu

qabağına qatıb stansiya tərəfdə

otarmağa aparırdı

adamım olsaydı demişdi bir dəfə

çoxdan xalq artistiydim

kasıblığını dolayırdı bu sözlərlə

ya da təsəlli verirdi uşaqlıqdan

ürəyində gəzdirdiyi

özü kimi qoca arzularına

yaxşı kişiydi rəhmətlik

xalq artisti olmamağına baxmayaraq

əslində xalaoğlu Mürsəlin fərqi

yoxdur art rəsmlər çəkən rəssamdan

rəssam düşüncəsini, fikrini çəkir kətana

xalaoğluysa düşüncəsini fikrini dilə gətirir

rəsm çəkə bilmədiyi üçün

muzey divarlarından asılmış

tablolardakı adamlar

darıxır bu saat

xalaoğlu Mürsəl də ola bilərdi o tablolardan

birində mən də

tablodan boylanmaq necə hissdir görəsən

divardakı tablodan sallanmaq yaxşıdır

yoxsa pivə içmək hamısı birdir belə baxanda

onsuz da ömür dediyimiz

üçcə söz imiş

doğulduq yaşadıq öldük

böyüyə-böyüyə qanırsan bunu amma

bunu qana-qana pul dalınca qaçmaq

ev tikmək nə bilim nələr eləmək

bir az qəribədir sənə

qalmayacağını bilə-bilə

amma maraqlıdır həm də

ona görə də çarpayıda başıaşağı uzanıb

dünyaya baxıram

dünya evimdən başlayır

və evimdə qurtarır

dünyada evim yoxdur

bütün dünya evimdir

məsələn bax orda su sızır deşik vedrədən

altı nəmlənir

kaş qırçiçəyi bitə orda

gözəl qızlara oxşayan qırçiçəyi

gözəl qızlar

gözəl şeirlər yazar

və gözəl şeirlər yazdırar

gözəl qızlara gözəl olmayan şeirlər

yazıram hərdən sevinirlər

özlərinin yazdığım şeirdən

daha gözəl olduqlarını bilsələr də

hamı bir cür başını aldadır

xalaoğlu Mürsəl qoyunlarla və

olmayacaq xəyallarla başını aldatdığı kimi

gecə də bizi aldadır ayıyla ulduzlarıyla

dan ulduzu da aldatmışdı karvanı

külək də aldadır

gətirib üzümüzə çırpdığı tozlarla zir-zibillə

ayın yeməli göründüyü gecəydi

aldana-aldana dayanmışdım sonsuzluğun astanasında

əvvəl dolunaya baxdım

sonra üzümü çevirdim

külək əsən tərəfə

amma qəribədir ki

biri sevgisizlikdən şikayət edir

biri qan azlığından

çox mənasız şeydir sevgi dediyimiz

mən səni sevirəm sən onu o bir başqasını

sən məni sevmirsən o səni bir başqası da onu

gözəl qızların hamısına vuruluram

əvvəlcə sonra şeir yazıram

sonra onlara şeir yazdığımı deyirəm

amma vurulduğumu yox

gülümsəyirlər sadəcə

minnətdarlıq bildirirlər

sonrasa ən yaxşı halda unudurlar

kiminsə onlara şeir yazdığını

amma bir dəfə sevdim

və sevdiyim qıza şeir yazmadım

yaza bilmədim çünki o

dünyadakı bütün sözlərdən daha gözəl idi

bütün şeirlərdən də və

dedim ona onu sevdiyimi

o isə məni sevmədiyini dedi və

sevəcəyinə ümid olmadığını da

amma kədərlənmədim

xoşbəxt idim

çünki sevirdim və sevdiyimə sevildiyini demişdim

ayın yeməli göründüyü gecəydi

havadan şeir yağırdı

ətəyimi açıb bir az şeir yığdım

dəftərçəmin vərəqlərinə sərdim qurumağa

xoşbəxt idim və ümidsiz

ümidsizlər daha tez xoşbəxt olmağı bacarır çünki

bundan daha artığını gözləmirlər

əllərində olan xoşbəxt olmağa bəs edir

tül kimi şəffaf bulud sürünür

ulduzların altından

başımın üstündən

dolunay buludların dalından baxmağa

davam edir göydən şeir yağmağa

külək buludu sürüdür

göyün üçüncü qatında

nəhəng ağ quş uçur elə bil

ayın parıltısında daha qabarıq görünür buludun ağlığı

göyüzündə ay ulduz və parıldayan bulud

olmaya göydən şeir yağmaya

ay yeməli görünməyə gedəsən

zil qara göyüzünün dərinliyinə unudulasan

gedirəm gəlməməyə

gedirəm unudulmağa yox olmağa

gözümdə məni sevməyən sevgilimin adı

ətəyimdə bir iki şeir damcısı

gedirəm sozsuzluğa tərəf addım addım

dənizin dərinliyinə gedən gəmi kimi ləngər vura vura

amma yox

hara gedirəm

hələ çox işim var

hələ sevdiyim qıza şeir həsr eləməliyəm

hələ içilməmiş pivəm

hələ çəkilməmiş siqaretim qalıb

hələ ətəyimi açıb yığdığım şeirlər qurumayıb

hələ çərpələng uçurtmağı öyrənməmişəm

fit çalmağı da

hələ sağ ayağımın baş barmağıyla qulağımın

dalını qaşımağı da öyrənməliyəm

hələ o kitabı oxumamışam

görəsən mənə nə deyəcək

qırmızı üzlü kitabın

qara yazıları

bədbəxt adamlardır

kimya dəftərinə şeir yazanlar

və xoşbəxt adamlardır balaca yastı təkbuynuzlu

divə oxşayan kənd evlərində yaşayanlar

hər qış tüstü çıxır

kənd evlərinin təpəsindən

məktəbdə dil ədəbiyyat müəlliməm vardı

çox da savadlı deyildi

yaşı savadından çox çıxardı saysaydıq

oxuduqlarını baş ayaq başa düşürdü

kəlləmayallaq dərslər keçirdi

amma çox istedadlıydı

qədim musiqi alətinin adını müğənniyə

calaşdırmağı bacarmışdı çünki

bir dəfə dərsə gecikdi

özü də hirsliydi

xeyli deyindi amma

o günkü mövzumuz şifahi xalq ədəbiyyatı

qarğışlar deyildi

sonra mənə baxdı böyüyəndə

yazıçı olacaqsan bilirəm dedi

belə şeyləri də yazarsan

böyüdüm və yazıram amma

o savadsız amma istedadlı müəllimənin dediyi şeyləri yox

onlar mənə maraqlı deyil

məni daha çox cəlb eləyir pişik

başı tumarlayan pişikgöz qızlar

corabı taydəyişik geyinənlər

ayda bir dəfə çimənlər

dondurmanı yalayanlar

burnunu qurdalayanlar

begemota dinozavr kimi baxanlar

yaşlıları ələ salan eşşəklər

təzə xiyarla əncir mürəbbəsi yeyənlər

bir də yeməli görünən ay

onsuz da hər şey kəlləmayallaqdır

o müəllimənin dediyi dərslər kimi

hər şeyin dadı qarışıb

uşaq vaxtı əmigilin qənddanından oğurladığım noğulun

dadı gəlir həyatdan

yenə burnum qaşınır

kimsə darıxır mənimçün

deyəsən

amma bu mənim sevdiyim qız deyil

lap yəqini

başqasıdır mənim tanımadığım

bəlkə də tanıdığım amma güman etmədiyim

rəhmətlik nənəm

divardakı təqvimin vərəqlərini cırardı

hər səhər

ömür bir gün də qısalardı

küçəmizdəki muştut ağacı saralmış

yarpaqlarını tökərdi bir bir

payız bir gün də yaxınlaşardı

o muştutun alakal meyvələrini

dimdikləyərdi sərçələr

yay bir gün də itirərdi

yetişmiş əncirlər açardı ağzını

anasından yem gözləyən ətcəbalalar kimi

sərçələr onları da dimdikləyərdi

sonra köçüb gedərdi şanapipiklər

mən yenə darıxardım

sevdiyim qızı xatırlayıb

ətəyimə şeir yığdığım

ayın yeməli göründüyü gecəni düşünə düşünə

21 mart

Itirilmiş ömrün romantikası

Portret şeir-hekayə

adı Hacıydı

amma bərk söyüş söyən idi

ağzını açdısa vur ağzının üstündən

hamını söyürdü

adam keçirdi söyürdü

qarğa uçurdu söyürdü

mən anadangəlmə Hacıyam deyirdi

ayın on sutkasını onunla

keçirtməyə məhkum idim

yığcam otaq idi iş yerimiz

iki metrənin üç metrəyə

bəlkə də bir az balaca

hərdən axşamlar çaxır içirdik

mən cavanlıqda möhkəm

içən olmuşam deyirdi

amma birinci stəkandan sonra

dəm olurdu və danışırdı

danışırdı danışırdı

əvvəl əvvəl həyatını danışmışdı

yəni olan şeyləri

bu qucaqda olanda

anası ölmüşdü

atası evlənmişdi təzədən

ögey anası qancıqdan danışırdı

qış vaxtı evlərindəki qonaqlıqlardan

ögey anası qancığın balıq qaynatmağından

sonra balığın suyunu qarda dondurub

üstündəki yağı içməyindən

bu səbəbə

qocalıb kaftara dönsə də

gözlərinin yaxşı görməyindən

sonralar

yəqin ki yeniyetmə olanda

əməliyyat olunmuşdu mədəsindən

dörd pay mədəmin üç payını kəsiblər deyirdi

az qala xərçəng olacaqmışam deyirdi

amma həkim məni qurtardı

yeri cənnətlik

hərdən də sözünə ara verib

qalan çaxırdan qurtumlayırdı

birinci sağlığı özü deyirdi həmişə

ikincini mənə dedizdirirdi

mən sağlıq deyə bilmirəm deyirdim

onda söy deyirdi

və gülürdü

mən də söyürdüm onu

amma ürəyimdə

üzdəsə basmaqəlib bir şey tapıb deyirdim

sonra yenə danışırdı

danışırdı danışırdı

on səkkiz yaşı olanda

Özbəkistana getmişdi

orda evlənmişdi

orda yaşamışdı

doxsanıncı illərəcən

hərbi hava qüvvələrində gizir olmuşdu

Əfqanıstanda da vuruşmuşdu

amma vuruşmaq demək olmaz buna

aerodromda Rusiyadan

hissə hissə gələn qırıcı təyyarələri yığırdılar

xarab olanları düzəldirdilər

Əfqanıstan mənim ömrümü yedi deyirdi

sağ getməyəydim ora deyirdi

və söyürdü

söyürdü söyürdü

qızlara ağzı sulana sulana baxırdı

yığcam otağımızın böyük pəncərəsi küçəyə açılırdı

küçədən qız keçəndə bu da onun dalınca baxırdı

lap xoşuna gələnləri mənə də göstərirdi

onun dalına bax deyirdi

gör özüylə nə gəzdirir deyirdi

oğraşın dal ayağıydı

amma adı Hacıydı

Özbəkistana təzə getmişdim deyirdi

on səkkiz on doqquz yaşım olardı

gecə vaxtı qızı evlərinə ötürdüm

tində qabağımı kəsdilər

beş altı nəfərdilər qara geyimli

eşşək boyda gədələr

ölümü gözə almışdım bax bu sən öl

birdən biri bu yandan çıxdı

cavan adamdı tapançanı verdi mənə

ata bilirsən soruşdu

dedim yox mən tapança harda görmüşdüm

dedi üstünə gəlsə belə elə özü atacaq

dayan qıraqda başladı bunlarla davaya

elə vuruşurdu ki o Cek Çan Mek Çan

pox yeyirdi yanında

hamısını sərdi yan yana

sonra tapançanı aldı məndən dedi

bunlar dəstədi məni polisəm

çoxdan axtarırdım bu oğraşları

sonra yenə çaxır içirdik siqaret yandırıb

gözlərini uzağa dikirdi

siqaretdən qullablayıb yenə danışırdı

əvvəlki söhbətlərində dünyəvilik çox idi

həyatilik çox idi

amma sonrakılar gop idi

necə ağlı işləyirdi bunları fikirləşirdi

adam məəttəl qalırdı

bir dəfə günorta vaxtı

başqa bir iş yoldaşımız yanımızdaydı

söhbət dolanıb qızlardan düşdü

Hacının dərdi təzələndi elə bil

gözünü yumub ağzını açdı

bir dəfə səhər işə gəlirdim dedi

avtobusda qabaqda oturmuşdum

bir qız mindi durub yer verdim

ölmüş yaman şeydi

gözümü çəkə bilmirdim

əndamı gəl gəl deyirdi adama

ağzım sulanırdı lap

o da mənə baxırdı altdan yuxarı

beş altı dayanacaq getmişdik ki

durdu ayağa dedi kişi

yaman baxırsan bilirəm ürəyindən nə keçir

gedək düzdü işə gedirəm

amma cəhənnəm olsun iş

gedək hara istəsən

yatım səninlə

amma mən getmədim

o biri iş yoldaşımla mən də

özümüzü inanırmış kimi göstərdik

Hacıdı da pərt olmasın

ya o günün axşamıydı

ya da başqa bir gün

hər nəsə

axşam yenə çaxır içdik dərdi təzələndi

Özbəkistanda olanda dedi

həmişə cibimdə beş altı min pulum olurdu

bu dal cibimdəkiydi

döş cibimdə yeddi səkkiz yüz xərclik olurdu o heç

amma dal cibimdə ehtiyatım da öz yerində

evimdə hər cür içki olurdu

bir iki boçka çəkilmə araq

bir iki boçka çaxır

bunlar zirzəmidəydi

evdəki servantda da hər cür arağım

konyakım olardı dostlarım

hər gün evimə gələrdilər

hər axşam yeyib içərdik

çaxır içirdik siqaret çəkirdik

o da danışırdı

danışırdı danışırdı

arada sağlıq deyirdi

mənə sağlıq dedizdirirdi

sonra da danışırdı danışırdı

çoxlu gopa basırdı

mən də sakitcə oturub ciddi ciddi qulaq asırdım

guya ki inanırdım

orda Özbəkistanda öz arvadımdan

başqa altı arvad saxlayırdım

biri rus biri özbək biri erməni

biri kalmık biri buryat biri də azərbaycanlı

hər gün birinin yanına gedirdim

axşamüstü zəng edirdim ki

işdən sonra gəlirəm

gedib görürdüm süfrə hazırdı

bircə quş südü əskik

oturub yaxşı yeyib içirdik

sonra da yatırdıq

işdə iki yerlisi işləyirdi

ikisi də yalançı qorxacaq daldanöpən idi

üzlərinə gülürdü Hacı yerlim yerlim deyirdi

amma dallarınca söyürdü

belə qancıqlar o cür gözəl zonanın adını batırır deyirdi

bu filanşeyin balaları ölməlidilər deyirdi

mənsə heç nə demirdim

başımla təsdiqləyirdim sadəcə

sonra axşam atışıb çaxır alırdıq

və içəndən sonra yalanlarına qulaq asmalı olurdum

ona məhkum idim

bilirdim yalan danışır

amma üzünə vurmurdum

bilirdim ki bütün ömrünü kasıb yaşayıb

xəstə olub

istədiyini edə bilməyib

istədiyini geyinə bilməyib

istədiyini yeyə bilməyib

elə indi də eləydi

amma bu yalanlarla başını qatırdı

özünə toxtaqlıq verirdi

eləmədiklərini eləyibmiş kimi danışırdı

və özü də öz yalanlarına inanırdı

hərdən çaxır içirdik onunla

o dəm olub danışırdı

mənsə ona qulaq asa asa pəncərədən

yolun qarşı tərəfindəki binanın

işıqlarına baxırdım

14 mart

XS
SM
MD
LG