Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Ədilovların anası: «Muradın 6 yaşlı qızı da başa düşür ki...»


Murad Ədilov və qızı
Murad Ədilov və qızı

-

«Mənim həbsim sizə yaxşı məlumdur. Bu həbslə mənim qardaşım Natiq Ədilovu susdurmaq istəyirdilər. Onun «Azadlıq» qəzeti və «Azərbaycan saatı»ndakı fəaliyyəti bir çoxlarını narahat edirdi. Bunu mən həbs olunandan sonra qeyri-rəsmi olaraq dəfələrlə mənə bildiriblər. Azərbaycanda 37-ci illərin repressiyaları indi də davam edir. Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi azadfikirli insanlarla mübarizə idarəsinə çevrilib».

Bu sözləri məhkum kürsüsündən Murad Ədilov səsləndirib. Mayın 14-də Lənkəran rayon Ağır Cinayətlər Məhkəməsi onun haqqında hökm çıxararkən.

Murad Ədilov AXCP fəalı, bu partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır, özü də partiya üzvüdür. Külli miqdarda narkotik maddə saxlamaqda ittiham edilir, məhkəmə onu 6 il azadlıqdan məhrum edib.

Ədilovlar ittihamı rədd edir, həbsin onların siyasi fəaliyyətinə görə olduqlarını deyirlər. İnsan haqları fəalları da onun siyasi məhbus olduğunu deyirlər. Murad Ədilov artıq 10 aydır ki, həbsdədir, ötən ilin avqustunda saxlanıb. Özünü və yaxınlarını ən çox narahat edənsə üç azyaşlı uşağın ata qayğısından kənar qalmasıdır. Elə son çıxışında Murad Ədilov üzünü hakimə tutaraq «mənim bu işdə zərrə qədər günahım olsa, qətiyyən narahat olmaram. Mən atamı erkən itirmişəm. Atasızlığın nə olduğunu gözəl bilirəm. Mənim üç azyaşlı övladım var. Böyüyü bu il birinci sinfə gedəcək. Hamı kimi mən də övladlarımın yanında olmaq, onların tərbiyəsi ilə məşğul olmaq istəyirəm» deyib.

«OĞULLARIMI SEÇDİKLƏRİ YOLDAN NECƏ DÖNDƏRƏ BİLƏRDİM Kİ?!»

Amma hökm verilərkən, görünür, 3 azyaşlı nəzərə alınmayıb. Həm də vəkil Yalçın İmanovun dediyinə görə, istintaq müddətində Murada qarşı ittihamlar təsdiq olunmadığı, sübutlar əsaslandırılmadığı bir halda.

Ədilovların anası Tahirə Ədilova da daha çox uşaqlara münasibətdə çətinlik çəkdiyini deyir:

«Hökmü çox pis qarşıladım. Belə olacağını gözləmirdim. 3 azyaşlı uşağı var, böyük qızının 6 yaşı var, başa düşür ki, atası həbsdədir. Deyir, atamı günahsız yerə tutublar. Uşaqlara görə çox çətindir mənə. Bu il böyük qız məktəbə gedəcək, atasını gözləyir. Deyir, məktəbə məni atam hazırlaşdıracaq. Günahsız yerə, Natiqə görə uşağımı həbs etdilər. Məhkəmə də ədalətsiz keçdi. İndi elə zəmanədir ki, düzlük heç yerdə keçmir. Amma oğullarımı da tutduqları yola görə heç vaxt qınamamışam, onlar bu yolu seçmişdilər, necə döndərə bilərdim ki, onları».

Natiq Ədilov
Natiq Ədilov

Murad Ədilovun həbsinə səbəb olduğu deyilən Natiq Ədilov hazırda Fransadadır. Bir müddət əvvəl AzadlıqRadiosuna müsahibəsində Natiq ölkədən getməyinə səbəb kimi özünün də həbs ehtimalı olduğunu deyib.

«MURADIN HƏBSİ BİR FƏRDƏ QARŞI YÖNƏLƏN REPRESSİYA DEYİL...»

İndi Natiq Ədilov Fransada olsa belə, «Azadlıq» qəzeti və «Azərbaycan saatı» telelayihəsində fəaliyyətini davam etdirir. Qardaşı barəsində çıxarılan hökmə gəlincə:

«Hökmə münasibətim necə ola bilər? Mən deyə bilərəm ki, bu hökm çox ədalətsizdir, filandır. Amma bunlar yersiz ifadələrdir. Çünki bu hökm deyil, bizə qarşı işlədilən cinayətdir. Bildiyiniz kimi, qanunsuz hökm çıxaran, əsassız yerə bir insanı azadlıqdan məhrum edən hakim cinayət məsuliyyəti daşıyır. Cinayətin də nə ədalətlisi, nə qanunauyğunu?».

Natiq Ədilov da iddia edir ki, həm istintaq, həm də məhkəmə ortada cinayətin olmasına dair hər hansı dəlil ortaya qoymayıb. Vəkil Yalçın İmanovla yanaşı, Natiq də deyir ki, Muradın əleyhinə ifadə verən iki şahidin narkotik maddə istifadəçisi olmasına dair sübutları var:

«Muradın üzünə qoyduqları iki şahidin ikisi də narkomandır. Şirvan şəhərində onları bu cür əməlinə görə tanımayan yoxdur. Birinin rəsmən narkoloji dispanserdə qeydiyyatda olması barədə rəsmi sənəd əldə etdik. Amma siyasi sifariş olan yerdə, əlbəttə ki, onlara əhəmiyyət verilmədi. Muradın həbsi bir fərdə qarşı yönələn repressiya deyil, bu bütün azad, tənqidçi düşünən insanları susdurmaq üçün cəhddir. Murad ziyalı ailəsində böyümüş insandır, bizim atamız zəhmətkeş müəllim olub, anam, bacım, Muradın yoldaşı müəllimdir. Biz həmişə halallığın, zəhmətin, düzgünlüyün tərəfində olmuşuq. Murad özü tutulduğu gün yer əkməyə gedirdi. Onun əlinin qabarına baxıb, bu ittihamı verənlər utanmalı idilər».

Əli Kərimli
Əli Kərimli

«HƏBSXANADA CƏZA ÇƏKMƏYƏ NƏ VAR Kİ!»

Natiq Ədilov deyir ki, qardaşının həbsi onu nə müxaliflikdən, nə də tənqidi jurnalist kimi fəaliyyətindən çəkindirəcək:

«Onsuz da bu yolla nə məni, nə ümumən cəmiyyətdəki mübarizə ovqatını söndürə bilməyəcəklər. Muradın da, o biri günahsız məhbusların da tezliklə azadlığa çıxacağına inanıram. Bu mütləq olacaq, ancaq günahsız insanları böhtanla şərləyən insanlar heç zaman özlərini, vicdanlarını lənətdən azad edə bilməyəcəklər. Qoy, onlar bunun dərdini çəksin, yoxsa həbsxanada cəza çəkməyə nə var ki!».

Murad Ədilov barəsində çıxarılan hökmə AXCP lideri Əli Kərimli də münasibət bildirib. O, «facebook» səhifəsində yazıb ki, «vicdanlı adamları böhtanla şərləyib həbs etmək, etdirmək hər zaman vicdansızlıqdır. Amma o hallarda ki, günahsız, vicdanlı adam yalnız kiminsə qohumu olduğu üçün şərlənib həbs etdirilir, onda ikiqat vicdansızlıq baş verir».

Əli Kərimli də Murad Ədilovun həbsini qardaşını susdurmaq cəhdi ilə əlaqələndirib:

«Natiq bəy susmadı, mübarizəsindən imtina etmədi, bu kəmfürsətlər də qardaşı Murad bəyi 6 il müddətinə azadlıqdan məhrum etdilər. Hər bir normal insanın vicdanını sızladacaq bir haqsızlıqdır. Xüsusilə Murad bəyin uşaqlarına edilən haqsızlıq heç bir ölçüyə sığmır».

Vəkil Yalçın İmanov məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəklərini deyir.

XS
SM
MD
LG