Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:29

9 May - "Pirr qələbəsi"


Rəşad Babalı
Rəşad Babalı

-

Paronayak tiranın kaprizləri üzündən milyonlarla insan boşuna öldü...

Rəşad Babalı

PİRR QƏLƏBƏSİ

İkinci Dünya Müharibəsinin bir mərhələsinin bitməsindən 70 il keçir.

Diqqət etdinizsə mən qələbə sözünü işlətmədim. Çünki 9 may tarixi sadəcə nasist Almaniyasının təslim olması idi. Müharibənin bitməsinə isə hələ dörd ay qalırdı.

Bəşər tarixinin ən qanlı və ən geniş miqyaslı müharibəsi barədə Azərbaycanda ancaq birtərəfli baxış olub.

SSRİ-nin təbliğ etdiyi kimi adına Böyük Vətən Müharibəsi deyilib. Yəni savaş əsas Rusiya ərazisində gedib və başqa ölkələrdəki savaşlar xırda təfərrüatlardır. Bu yazıda İkinci Dünya Savaşının əslində illərdir bizə təbliğ edildiyi kimi olmadığını vurğulamaq istəyirəm.

Berlin döyüşündən sonra Sovet əsgərləri SSRİ-nin bayrağını Adlon otelinin balkonundan asıblar,
Berlin döyüşündən sonra Sovet əsgərləri SSRİ-nin bayrağını Adlon otelinin balkonundan asıblar,

Bu müharibə SSRİ əhalisi üçün “Pirr qələbəsi” olmuşdu.

Uzun illər ölkədə savaşın göz dağı kimi nişanələri – əlillər, yetimlər, dullar qələbəni ürəkdən qeyd etməyə imkan vermirdi.

Savaşda sağ qalanların bir hissəsi ya əsirlikdə olduqlarına görə, ya silahlarını itirdiklərinə, ya da hansısa şübhəli əməllərinə görə həbsdə yatdılar. Onların sayı yüz minlərlədir. Stalinin ölümündən sonra əksəriyyətinə bəraət verib azad etdilər. Ancaq yenə də talelər qırılmışdı. Bütöv nəsillərə bir də heç zaman sağalmayacaq yaralar vurulmuşdu.

Müharibədə bir neçə cəbhədə savaşmış Almaniyanın mülki insanlar da daxil ümumi itkisi yeddi-səkkiz milyon arasında olduğu təxmin edilir. Bu hələ ən şişirdilmişidir. SSRİ-nin itkisi isə iyirmi yeddi milyon nəfərdən artıqdı. Təsəvvür edirsinizmi bunu? Və bu qədər itki tək nasistlərin suçuna görə olmayıb. Paronayak tiranın kaprizləri üzündən milyonlarla insan boşuna öldü.

Müharibədən əvvəl Stalinin repressiya dalğası ordunu da çənginə almış və Birinci Dünya Savaşını, sonra Vətəndaş müharibəsini görmüş təcrübəli zabit heyəti məhv olunmuşdu. Yerinə müharibə görməmiş, çuğulçuluğu əsas keyfiyyət sayan bir hərbiçi zümrəsi yetişmişdi.

General Alfred Jodl təslim olmaq haqda imza atır. 7 amy, 1945,
General Alfred Jodl təslim olmaq haqda imza atır. 7 amy, 1945,

Bu zümrə müharibəni xəritə üzərində öyrənirdi. Beyinlərinə yeridilirdi ki Qırmızı ordu dünyanın ən güclü və məğlubedilməz ordusudur.Ancaq 1941-ci ilin 22 iyunu bu mifi darmadağın etdi.

Müharibədə sovet əsgəri silah-sursat yerinə istifadə edildi. Bəzən əhəmiyyətsiz bir təpənin alınması üçün sərf edilən insan sayına almanlar ortabab bir şəhəri zəbt edirdilər.

Bir neçə il əvvəl alman əsgərinin gündəliklərini oxumuşdum; daha doğrusu ondan bir hissəni. Belə ki, xüsusi təhciz edilmiş DOT-da (betondan və davamlı tikinti materiallarından düzəldilmiş istehkam) bir manqa, yeddi-səkkiz nəfərlik alman dəstəsi müdafiə olunur. Həmin istehkamın elə də önəmi yoxdur. Sovet qoşunları DOT-u ötüb hücumlarına davam edə bilərdilər. Amma qarşılarına çıxan bütün müqaviməti qırmadan yollarına davam etmək fikirləri yoxdur. DOT-a bir-birinin ardınca hücumlar edilir. Hamısında da nəticə sıfır. Alman pulemyotçusu onları biçir. Beləcə günlərcə nəticəsiz hücumlar ara vermir. Bir həftə sonra pulemyotçulardan biri artıq atəş aça bilməyəcəyini deyir. Səbəbini soruşan zabitə “mən xristianam, bu qədər insan öldürə bilmərəm. Bunlar allahsız olsalar belə, yenə də insandılar. Tanrı qarşısında necə cavab verəcəm?” Zabit əmrə tabe olmayan əsgəri cəzalandırmaq istəsə də saylarının az olduğunu və qalan əsgərlərin əzminə mənfi təsir edəcəyini görüb ona başqa vəzifə verib. 1942-ci ilin yayında baş vermiş bu hücumda sovet ordusu alman DOT-nu ala bilmir. Nasistlər əks hücumla Qırmızı ordunu geri atırlar.

İstər sovet vaxtında, istərsə də hazırda nasistlər tərəfində döyüşmüş azərbaycanlılar xain kimi qələmə verilirlər. Onlar guya “vətən”ə xəyanət ediblər. Ancaq o vətən haraydı? Ukrayna, Belorusiya, Baltikyanı, Rusiya çölləri haradan vətənim oldu? 1920-ci ildə dövlətim işğal olundu və qondarma vətən yaradıldı. Vətən mənə doğma olan deməkdir. Yoxsa dilini, kimliyini, mentalitetini anlamadığım insanlarla mənim nə doğmalığım ola bilər ki?!

Xarkov ətrafında əsir düşən sovet əsgərləri
Xarkov ətrafında əsir düşən sovet əsgərləri

Zorən hamını saldılar bir qazana və həmvətən elədilər. Saxta beynənmiləlçilik yaratmağa cəhd etdilər. Qəti olaraq inanıram ki, Cümhuriyyətimiz işğal olunmasaydı müharibədə bu qədər insanımızı itirməzdik. Bəziləri durub deyəcək ki, bəs nasistlər Qafqazı ələ keçirmək istəyirdilər və slavyanların başına gətirmək istədiklərini bizə də rəva görəcəkdilər. O fikirdə də deyiləm ki, almanlar üstün gəlsəydi güllük-gülüstanlıq olacaqdı. Demək istədiyim odur ki, bu bizim müharibə deyildi.

Təsəvvür edin 1920-ci ildən bu yana siyasi, ictimai, sinfi və milli mənsubiyyətinə görə ayrı-seçkiliyə, terrora məruz qalanların yaxınlarının əlinə silah verirlər ki, belə dövləti qoru. Hansı ki, böyük acılar yaşadıb. Doğmalarının başına gətirilən müsibətlərə görə səngər dəyişdirənlər olur xain.

SSRİ İkinci Dünya Savaşı rəsmən başlayarkən İngiltərə və Fransadan fərqli olaraq nasist Almaniyası ilə ittifaq halında idi. Molotov-Ribbentrop paktının gizli müddəaları ilə Polşanı bölüşdürməklə məşğul idilər. Sovet tarixşünaslığının bəh-bəhlə göylərə qaldırdığı Brest qalasını iki il əvvəl polyak hərbçiləri müdafiə edirdi. Sovet İttifaqının ərazisinə qatdığı Qərbi Ukraynadan, Qərbi Belorusiyadan, Baltik dənizi ölkələrindən on minlərlə adam repressiya aparatından keçdi. İnsanlar nədə suçlandıqlarını bilmirdilər. Tək günahları sosialist sisteminə qoşulmaqları idi. Üstəlik Polşa ordusunun iyirmi min zabiti Katın meşələrində NKVD tərəfindən güllələndi.

Nasist Almaniyasının Sovet İttifaqına hücum etmək niyyəti barədə Stalini xəbərdar etmişdilər. Almaniyanın qoşunlarını Polşayla SSRİ sərhədinə cəmləməsi (milyonlarla insan, minlərlə tank, təyyarə, artilleriya qurğuları, təminat vasitələri) gözdən qaçılası deyildi. 1941-ci il 21 iyuna qədər Sovet-Alman əməkdaşlığı bir gün də dayanmayıb. Alman hərbçiləri SSRİ-dəki geniş poliqonlarda təlimlər keçirdilər. İki dövlət bir-biriini xammalla təmin edirdi. Yəni demək istəyirəm ki, Stalin Rusiyası nasizmlə əvvəldən mübarizə aparmayıb.

Amerikan və sovet pilotları lend-lizlə SSRİ-yə verilən "P-39 "Airacobra" təyyarəsi qarşısında.
Amerikan və sovet pilotları lend-lizlə SSRİ-yə verilən "P-39 "Airacobra" təyyarəsi qarşısında.

Rusiyanın birtərəfli apardığı təbliğatlardan biri də budur ki, faşizmə qarşı müharibənin əsas ağırlığı, həlledici qüvvəsi SSRİ idi. Canlı qüvvə sayına görə doğrudur, amma ABŞ-ın təchizatı olmasaydı müharibənin sonrakı gedişinin bildiyimiz kimi olacağı böyük şübhə altındadır. Söhbət Amerikanın Anti-Hitler koalisiyası ölkələri üçün nəzərdə tutduğu Lend-lizdən gedir. ABŞ İngiltərə başda olmaqla bir çox ölkəyə silah-sursatdan tutmuş düyməyə qədər bir çox yardımlar etdi. Miqyas o qədər böyükdü ki, onsuz koalisiya çox əziyyət çəkəcəkdi.

Bəzi rəqəmlər verək. ABŞ-la SSRİ arasında 1941-ci ildə əldə olunmuş Lend-liz razılaşmasına görə 1945-ci ilin 30 sentyabrına qədər 22150 uçan aparat, 12700 tank, 375883 yük maşını, 131633 avtomat silah, 1981 lokomotiv, 2.6 milyon ton neft və neft məhsulları, 3.7 milyon ədəd avtomobil şini, 15 milyondan çox əsgər çəkməsi… və hətta 257 milyondan çox düymə. Yardıma həmçinin qida maddələri də daxil idi. “Bizim Cəbiş müəllim” filmində “yumurta paraşoku” deyə bir ifadə keçir. Bu qida maddəsi çox insanın əsas yeməklərindən biri olub.

Sovet ordusunun fəxr etdiyi “Katyuşa” silahı belə Amerikanın “Studebekker” markalı yük maşınlarının üzərində quraşdırılırdı. Çox uzatmadan bircə faktı qeyd edim ki, Qafqazın müdafiəsi zamanı Amerika tankları sovet arsenalının çox önəmli hissəsini təşkil edirdi.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Yazı ixtisarla verilib - tam şəkildə burda oxu

XS
SM
MD
LG