Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

İlham Əliyev: «Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır»


İlham Əliyev. 28 aprel 2015
İlham Əliyev. 28 aprel 2015

-

Prezident Ilham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edib.

«ÖLKƏYƏ 70 MİLYARD SƏRMAYƏ QOYULUB»

apa-nın məlumatına görə, İlham Əliyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyatın inkişafına mane olsa da, Azərbaycan müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftdən 30 faiz asılıdır: «Azərbaycan sərmayələrə açıq dövlətdir. Son illər ölkəyə 70 milyard dollara qədər vəsait yatırılıb. Biz rəqabətə davamlılıq baxımından dünyada 30-cu yerdəyik. Biz demək olar ki, işsizliyi aradan qaldıra bilmişik, işsizlik 5 faizə enib. Yoxsulluq da 49 faizdən 5 faizə enib. Enerji resurslarından əldə edilən gəlirlərdə, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq öz rolunu oynayır. Hökumətimiz texnologiyalar, kənd təsərrüfatını inkişaf etdirir. Azərbaycanın iki peyki var, kosmik sənaye inkişaf edir».

«ƏLİMİZDƏN GƏLƏNİ ETMƏLİYİK Kİ...»

Prezident bəyan edib ki, islahatlar heç vaxt dayandırılmayacaq: «Əlimizdən gələni etməliyik ki, dövlətçiliyimizi gücləndirək. Dövlət iqtisadi baxımdan zəifdirsə, təsir altına düşürsünüz. Azərbaycan xarici təsirlərdən özünü müdafiə edir. Bu gün biz müstəqilik və müstəqilliyimizi müdafiə etməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır».

«REGİONDA YENİ ENERJİ XƏRİTƏSİ YARATMIŞIQ»

Bunu da İlham Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycan enerji daşıyıcılarının təchizatı sahəsində rolunu gücləndirir və regionda yeni enerji xəritəsi yaradıb.

III Qlobal Bakı Forumu
III Qlobal Bakı Forumu

Dövlət başçısı bildirib ki, nəinki Azərbaycanın enerji resursları, hətta Xəzərin şərqindəki enerji ehtiyatları da yaradılan infrastrukturla dünya bazarlarına çıxarılacaq: «TANAP layihəsi artıq başlayıb, daha sonra TAP layihəsi icra olunacaq. Bolqarıstan da Azərbaycanın enerji siyasətinin bir hissəsi olacaq. Əminəm ki, Balkan regionunda yerləşən ölkələr gələcəkdə bizim layihələrə qoşulacaq. Azərbaycanın nəhəng enerji ehtiyatları var, 2018-2019-cu illərdə bu layihələr icra olunmalıdır. Bununla bağlı Bakıda Məşvərət Şurasının iclası keçirilib».

Prezident qeyd edib ki, enerji təchizatının şaxələndirilməsi milli təhlükəsizlik məsələsi kimi qəbul edilməlidir: «Avropa üçün yeganə təbii enerji mənbəyi Azərbaycandır. Biz başqa enerji təchizatçıları ilə rəqabət apardığımızı demirik. Azərbaycan növbəti ay Riqa sammitində iştirak edəcək. Avropa İttifaqının 7 ölkəsi ilə enerji sahəsində əməkdaşlıqla bağlı saziş imzalamışıq. İnanıram ki, Avropa İttifaqı müxtəlif ölkələrlə müxtəlif əməkdaşlıq formatlarına, o cümlədən Azərbaycanla strateji tərəfdaşlıq formatına üstünlük verəcək».

«AZƏRBAYCAN BEYNƏLXALQ SƏHNƏDƏ YERİNİ TUTA BİLİB»

İlham Əliyev çıxışında «Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib» deyib. O əlavə edib: «Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının üzvüdür».

III Qlobal Bakı Forumu
III Qlobal Bakı Forumu

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə Azərbaycan 155 ölkə tərəfindən dəstəklənib: «Bu göstərir ki, Azərbaycan dünyada dəstəklənir. Təəssüf ki, beynəlxalq hüquq zəif ölkələrin maraqlarına xidmət etmir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi dərhal icra olunur, bəzi qətnamələrin icrası isə illərlə çəkir. Yəni bəzi dairələrin öz maraqları var. Beləliklə, ikili standartlar qaydaya çevrilir».

Prezident Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib: «Azərbaycan beynəlxalq hüququn kobud surətdə pozulmasından əziyyət çəkir, tarixi torpaqlarımız işğal olunub. Uzun illərdir ki, 1 milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkündür».

Dövlət başçısı bildirib ki, BMT sənədlərində və ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb: «Sənədlərdə qeyd olunub ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Aqressiv separatizm davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik. Azərbaycan qəti şəkildə münaqişənin BMT-nin qətnamələri, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının qərarları əsasında, ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır».

XS
SM
MD
LG