Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Korrupsiyada ittiham olunanlar və kənarda qalanlar…


Foto illüstrasiya
Foto illüstrasiya

-

Bakı Kompüter Kollecinin şöbə müdiri qış sessiyası imtahanlarında bir tələbədən 150 manat rüşvət tələb edib. Xidməti otağında 120 manat rüşvət alarkən yaxalanıb. Müəllim barəsində rüşvət alma maddəsi ilə cinayət işi başlanıb.

«Azəraqrartikinti» ASC-nin Göygöl rayon filialının rəisi öz tanışlarına cəmiyyətin «Qonaq evi»nin 47.6 kvadrat metr sahəsini özəlləşdirmək üçün saxta sənədlər hazırlayıb. Rəis barəsində külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifə saxtakarlığı və rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə maddələri ilə cinayət işi başlanıb.

Hərbi-həkim komissiyasının Sabirabad rayon şöbəsinin sədri, yerli Mərkəzi Xəstəxanasının baş həkiminin müavini bir nəfərin hərbi xidmətə yararsız hesab olunmasına dair tibbi arayış verib. Bunun müqabilində tələb etdiyi 500 manatın 200 manatını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Faktla bağlı rüşvət alma maddəsi ilə cinayət işi açılıb.

Bunlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin ilk 3 ayında başlatdığı cinayətlər işlərindən bəzilərdir.

BİRİNCİ YERİ MƏNİMSƏMƏ CİNAYƏTLƏRİ TUTUR...

Ümumilikdə, ötən 3 ayda 48 vəzifəli şəxs korrupsiyada ittiham olunub. 18.5 milyon manatlıq ziyan vurma ilə bağlı cinayət işləri məhkəməyə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev aprelin 22-də cari ilin I rübü üzrə keçirilən mətbuat konfransında bildirib ki, dəymiş ziyanın 5.8 milyon manatının ödənməsi təmin edilib. Təxminən 105 min manatlıq əmlaka həbs qoyulub.

3 ayda 48 şəxs barəsində 39 cinayət işinin istintaqı yekunlaşıb və iş məhkəməyə göndərilib. Göndərilən korrupsiya cinayətlərində birinci yeri mənimsəmə (37%) faktları tutur. İşlərin qalanı dələduzluq (29%), vəzifədən sui-istifadə (12%), rüşvət alma (7%) və digər cinayətlərlə (15%) bağlıdır.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

«MÜƏLLİM, HƏKİM... BUNDAN YUXARI QALXA BİLMİRLƏR...»

Nazirlər Kabinetinin maliyyə və kredit şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev korrupsiyaya qarşı mübarizəni müsbət dəyərləndirir. Amma əlavə edir ki, Azərbaycanda korrupsiya ancaq kiçik, aşağı – II, III dərəcəli vəzifəli şəxslərə qarşı edilir:

«Korrupsiya ilə mübarizə məişət səviyyəsindən oyana keçə bilmir. Dövlət büdcəsindən böyük layihələrə vəsait ayrılır. Amma bununla bağlı bir dənə də olsun korrupsiya faktı aşkarlanmayıb. Ümumiyyətlə, ölkədə korrupsiya ilə mübarizə məqsədyönlü görünmür. Epizodik şəkildə aparılır. Müəllim, hərbi komissar, bələdiyyə... Yəni bundan yuxarıya qalxa bilmirlər».

Baş Prokurorluğun rüblük hesabatında qeyd olunur ki, məhkəməyə göndərilmiş 39 cinayət işinin çoxu özəl sahə ilə bağlı olub:

Özəl sahə - 14 iş

İcra hakimiyyətlərindən – 4 iş

Bank sektoru – 3 iş

Bələdiyyə - 2 iş

Təhsil – 2 iş

Kənd Təsərrüfatı – 2 iş

Səfərbərlik xidməti – 1 iş

ƏSAS VƏTƏNDAŞIN ŞİKAYƏTİDİR?

Korrupsiya qarşı mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirir ki, daha çox aşağı səviyyəli məmurların korrupsiyada ittiham olunması vətəndaşlardan asılıdır:

Vasif Mövsümov
Vasif Mövsümov

«Vətəndaşlar ən çox ünsiyyətdə olduqları dövlət orqanlarından şikayət edirlər. Yəni, regionlarda dövlət orqanları, bələdiyyələr, təhsil, səhiyyə müəssisələri. Vətəndaş hansı orqandan şikayət edirsə, hansı orqandan məlumat daxil olursa, Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi də orada araşdırmaya başlayır. Vətəndaş fəal deyilsə, müraciətlər etmirsə, o zaman təbii ki, yuxarı orqanlarla bağlı ittihamlar az olacaq».

Vətəndaşlar Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin 131 saylı «Qaynar xətti»nə müraciət edə bilərlər. 2015-ci ilin I rübündə «Qaynar xətt»ə 1677 müraciət daxil olub. Onlardan 6-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlayıb.

KİMDƏN, NƏ QƏDƏR ŞİKAYƏT DAXİL OLUB

«Qaynar Xətt»ə müraciətlərdən başqa, Baş İdarəyə müxtəlif dövlət qurumlarından da məlumatlar daxil olub. Kamran Əliyev bildirib ki, daxil olmuş materiallarınbəziləri üzrə cinayət işləri başlanıb, bəziləri ilə bağlı şəxslər intizam məsuliyyətinə cəlb edilib.

Baş İdarə vətəndaşlardan başqa müxtəlif qurumlardan daxil olan məlumatlar əsasında da araşdırma aparır. Cari ilin birinci rübündə müxtəlif hüquq-mühafizə orqanları və dövlət qurumlarından 65 korrupsiya məlumatı daxil olub.

Milli Təhlükəsizlik Nazirliyindən - 6,

Fövqəladə Hallar Nazirliyindən - 4,

Ədliyyə Nazirliyindən - 1,

Dövlət Miqrasiya Xidmətindən - 1,

Daxili İşlər Nazirliyindən – 2,

Məhkəmələrdən - 20,

Maliyyə Nazirliyindən - 3,

Səhiyyə Nazirliyindən - 2,

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından - 1,

Yunus Orucov
Yunus Orucov

Digər prokurorluq orqanlarından - 3,

Təhsil Nazirliyindən - 3,

Ədliyyə Nazirliyindən - 2,

Hesablama Palatasından 1,

Digər qurumlardan 15 material göndərilib.

Sual yarana bilər? Baş İdarəyə daxil olan bütün şikayətlər araşdırılırmı və ya bütün şikayətlərlə bağlı cinayət işi başlanılırmı? 8 aydan çoxdur mülki Astara Gömrüyündə saxlanılan sahibkar Yunus Orucov deyir ki, özü, eləcə də tanışları Gömrük Komitəsində müxtəlif korrupsiya, özbaşınalıq halları ilə bağlı Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət ediblər. Amma bir nəticəsi yoxdur.

30 MİNƏ QƏDƏR MƏNİMSƏ HALLARI AŞKARLANIB…

Hesablama Palatasının sədri Milli Məclisə 2014-cü ilin yekunlarına dair hesabatında bildirmişdi ki, az qala, aparılan bütün yoxlamalarda qanun pozuntuları aşkarlanıb. Deputat İqbal Ağazadə deyir ki, amma qanunu pozanlardan cinayət məsuliyyətinə cəlb edilən olmayıb:

«Hesablama Palatasının hesabatında bəzi dövlət müəssisələrində 3 min, 5 min, 10 min hətta 30 min manat mənimsə, vergidən yayınma halları aşkarlanıb. Amma heç biri ilə bağlı qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunmayıb».

Son 10 ildə korrupsiya cinayətləri ilə bağlı 1781 vəzifəli şəxs barəsində 1025 cinayət işi məhkəməyə göndərilib. Kamran Əliyev bildirib ki, bu cinayətlər üzrə dövlətə azı 200 milyon manatlıq ziyan vurulub. Ziyanın 122 milyon manatı dövlət büdcəsinə ödənilib.

XS
SM
MD
LG