Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Gülnaz mənasız qızdı, Məşədi İbad onunla evlənməli deyildi...


Seymur Baycan
Seymur Baycan

-

"Biz də inək saxlayırıq, almanlar da inək saxlayır.

Bəs nəyə görə bizim kəndlərimiz bu qədər zir-zibilin içindədir. Hər tərəfi peyin iyi, milçəklər bürüyüb.

Almanların kəndçiləri isə səliqəlidir və heç hardan da peyin iyi gəlmir?"

Seymur Baycan

OBLOMOV KİMDİR?

Bir əsr yarım keçməsinə baxmayaraq “Oblomov” əsəri hələ də müzakirə olunur, “Oblomov kimdir” sualına cavab axtarılır.

Bəs hadisələrdən kasad, sakit süjetli, kifayət qədər böyük həcmli bu əsəri cəlbedici edən nədir?

Yazıçının zəngin müşahidələrimi, hədsiz dərəcədə canlı dialoqlarmı, bir-birindən maraqlı obrazlarmı?

Xeyr.

Böyük həcmli əsərin nəşr olunduğu vaxtdan bir əsr yarım keçsə də hələ də müzakirə olunması üçün yuxarıda sadalanan və üstəlik ehtimal olunan buna bənzər digər səbəblər çox azdır. Bədii məziyyətlərinə görə boyuk həcmli bir əsərin bu qədər aktual qalması bir az çətindi.

Hadisə axtaran oxucu üçün “Oblomov” çox darıxdırıcı bir əsərdi. Hadisə, kəskin süjet axtaran oxucuya “Oblomov” tənbəllikdən əziyyət çəkən, bütün günü divanda uzanıb yatan bir adamdan bəhs edən irihəcmli, darıxdırıcı əsər təsiri bağışlayır. Lakin məsələ o qədər də sadə deyil...

“Oblomov” əsəri nəşr olunduğu vaxtdan müzakirələrə səbəb olmuşdu. Rusiyanın az qala bütün nüfuzlu maarifçiləri, tənqidçiləri, yazıçıları, ictimai-siyasi xadimləri əsər nəşr olunduğu vaxtdan ta bu günümüzə qədər müxtəlif dövrlərdə “Oblomov” haqqında öz fikirlərini bildirib, yazılar yazıb, çıxışlarında, söhbətlərində əsərdən sitatlar gətiriblər.

Bu yazını yazmazdan əvvəl rus tənqidində Oblomov romanı adlı məqalələrdən ibarət bir kitab oxudum. Müxtəlif adamların yazdıqları məqalələrdə təbii ki, əsərə, əsərin ideyasına münasibətlər də müxtəlifdir. Turgenev deyirdi - Əgər dünyada bir rus qalsa belə, “Oblomov” əsəri yenə də xatırlanacaq. Tərif söyləməkdə xəsislik edən Tolstoy da “Oblomov” romanına heyran qalmışdı. Tolstoy məktublarının birində qeyd edir ki, “Oblomov” əsərinin uğur qazanması təsadüfi deyil. Bu, həqiqi bir uğurdu və “Oblomov” əsəri hələ uzun müddət publikanın diqqətini cəlb edəcək.

Dostoyevski də “Oblomov” əsərinə yüksək qiymət vermişdi. Dostoyevski “Oblomov” əsərini səviyyəsinə görə “Ölü canlar”, “Dvoryan ocağı”, “Hərb və sülh” əsərləri ilə bir sıraya qoymuşdu. “Oblomov”, bütün rus ədəbiyyatında mövcud olan əsərlər və bu əsərlərin müəllifləri haqqında öz fikrini bildirən Leninin də diqqətindən kənarda qala bilməzdi. Dmitri Bıkov haqlı olaraq çıxışlarının birində Lenini yüksək səviyyəli ədəbiyyat tənqidçisi kimi qiymətləndirmişdi. Lenin “Oblomov” əsəri haqqında demişdi- Rusiyada üç inqilab baş verməsinə baxmayaraq oblomovlar Oblomov olaraq qalmışlar.

Oblomov təkcə mülkədar deyildi, o həm də kəndli idi. Oblomov təkcə kəndli deyildi, o həm də ziyalı idi. Oblomov təkcə ziyalı deyildi, o həm də fəhlə və kommunist idi.

İvan Goncharov
İvan Goncharov

Bu günə qədər də Oblomov ümumiləşdirilmiş bir rus tipi olaraq qəbul edilir. Rus insanını, Rusiyanı xarakterizə edərkən “Oblomov” əsərini və bu əsərin qəhrəmanı Oblomovu xatırlamamaq mümkün deyil. Dostoyevski də Oblomovu bir rus insanı olaraq qəbul edirdi. Əksər məqalələrdə, “Oblomov” haqqında deyilən fikirlərdə, məktublarda, çıxışlarda, müsahibələrdə oblomovçuluq Rusiyanın və rus xalqının ən böyük bəlalarından biri kimi qeyd olunur.

Fikrimcə əsərin bu qədər müddətdə hələ də aktual, cəlbedici qalmasını, bu qədər müzakirə olunmasını da burda axtarmaq lazımdır. Lakin Oblomovu təkcə rus insanı kimi qəbul etmək doğru deyil. Bu, əsərə və əsərin müəllifinə qarşı böyük bir haqsızlıqdı.

“Oblomov” əsəri bəşəri bir əsərdi, Oblomov obrazı isə bəşəri bir obrazdır. Bəyəm biz özümüz oblomovçuluqdan əziyyət çəkmirikmi? Gertsen kateqorik olaraq bu ümumiləşməyə qarşı çıxırdı. Öz döyüşkənliyi və barışmazlığı ilə seçilən Gertsen hemcinin deyirdi ki, Oblomov günahkar deyil. Günahkar Oblomovu yetişdirən mühitdir. Əlbəttə Oblomov heç də xəyalpərvər deyildi. O, realist idi, sadəcə bu realist özünü mənsub olduğu mühitdə, yaşadığı ölkədə ifadə edə bilmirdi. Bəs müəllif özü nə fikirdədir? Qonçarov deyirdi ki, “Oblomov” əsərini başa düşmək, “Oblomov kimdir” sualına cavab tapmaq üçün onun digər əsərlərini də oxumaq lazımdır. Əks təqdirdə “Oblomov kimdir” sualına cavab tapılmayacaq, əsərin ideyası başa düşülməyəcəkdir.

Müəllifin bu fikri həqiqət də ola bilər, sadə bir yazıçı tələsi də. Adətən yazıçılar əsərə aid suallara birbaşa cavab verməkdən qaçmaq üçün və vəziyyəti öz xeyirlərinə mürəkkəbləşdirmək, mövzunu daha da sirli, cazibədar etmək naminə bu kimi tələlər qururlar. Onu da qeyd edək ki, əsərdə Oblomova qarşı alman əsilli Ştoltsun qoyulması slavyonofillərin xətrinə dəymişdi.

Qonçarov isə bunun qəsdən belə edilmədiyini Ştoltsun bir obraz kimi təsadüfən ortaya çıxdığını qeyd edirdi. Belə şeylər olur. Bəzən yazı prosesi zamanı ortaya bir obraz girir, bu obraz əsərdə özünə getdikcə əhəmiyyətli dərəcədə böyük bir yer tutur. Bəzən təsadüfən araya girmiş obraz əsərin əvvəlcədən nəzərdə tutulmuş ideyasına xələl gətirir, bəzən isə əsərin ideyasını daha da şirələndirir. Bunu nəzərə almaqla yanaşı deyə bilərik ki, Oblomova qarşı alman əsilli Ştoltsun qoyulması heç də cığallıq deyildi.

Əsərdəki bu rus və alman qarşıdurması Rusyanın o vaxtkı mənzərəsinə və vəziyyətinə tam uyğun gəlirdi.

İlk dəfə alman qəsəbəsində gördüyü səliqə-səhman Trotskinin də marağına səbəb olmuşdu. O öz xatirələrində bu haqda yazır. Başqa bir mədəniyyətlə, intizamla, səliqəylə, işgüzarlıqla tanış olmaq Trotskini tərpədir və bir çox şeylər haqqında düşünməyə vadar edir. O düşünür- biz də inək saxlayırıq almanlar da inək saxlayır, bəs nəyə görə bizim kəndlərimiz bu qədər zir-zibilin içindədir, hər tərəfi peyin iyi, milçəklər bürüyüb, almanların kəndçiləri isə səliqəlidir və heç hardan da peyin iyi gəlmir?

Dobrolyubovun bioqrafiyası məni ən çox utandıran bioqrafiyalardan biridir. O, 25 yaşında öldü. Mən isə 25 yaşımda texnikumun qabağında dayanıb "ştuçnı" siqaret çəkə-çəkə səydəş bir qız gözləyirdim.

Almanlar o zaman Rusyanın həyatında əhəmiyyətli dərəcədə böyük rol oynayırdılar. Onların həyat tərzi bəzi insanlarda heyranlıq doğurur, başqalarında isə ikrah oyadırdı. Bəziləri alman səliqəsini, alman işgüzarlığını, alman dəqiqliyini nümunə kimi göstərir, bu işgüzarlığı, bu səliqəni, bu dəqiqliyi öyrənməyi tətbiq etməyi şiddətlə təklif edirdi. Bəziləri isə alman dəqiqliyinə, alman işgüzarlığına gülürdülər. Onlar bu həyatı başa düşmürdülər və heç cürə qəbul edə bilmirdilər. Oblomov və Ştoltsun timsalında rus və alman həyat tərzi, tərbiyəsi arasındakı fərq, bu fərqliliyə rus insanının münasibəti Qonçarov tərəfindən əsərdə çox peşəkarcasına yazılıb. Təsadüfi deyil ki, Oblomovun və Ştoltsun necə tərbiyə olunmasına Qonçarov xüsusi bir diqqət ayırır.

Qonçarov bununla həm də demək istəyir ki, problem tərbiyədədir. Oblomovun bədbəxtçiliyinə səbəb ona verilmiş tərbiyədir. O cür tərbiyə alan uşaq axırda Oblomov olmalı idi və elə də oldu. Ona görə də əsərin üverturası sayılan Oblomovun yuxusunu diqqətlə və dönə-dönə oxumaq lazımdı. Bu, dünya ədəbiyyatında ən uzun və ən gözəl yazılmış bir yuxudur. Bədii cəhətdən çox yüksək səviyyədə yazılmış bu yuxunu oxuyarkən biz istər-istəməz öz uşaqlıq illərimizi, müxtəlif mənzərələri, sifətləri, dadları, hadisələri xatırlamalı oluruq . Bir-birini əvəz edən mükəmməl təsvirləri oxuyarkən biz xatırlamaqla bərabər onu da başa düşürük ki, əslində xoşbəxt hesab etdiyimiz günlər sonralar bizim bədbəxt olmağımıza səbəb olacaqmış. Sənə elə gəlir ki, həyatının ən xoşbəxt günlərini yaşayırmışsan, demə gələcək bədbəxtliklər üçün sənə bünövrə yeri qazırmışlar...

“Oblomov” əsəri haqqında çox yazılıb. Üçüncü dünya ölkəsinin yazarı olaraq bu əsər haqqında nəsə təzə bir söz deməyim çətindi. Bu məsuliyyəti öz üzərimə götürə bilmərəm. Sadəcə, bu yazıda əsər haqqında deyilmiş müxtəlif fikirləri ümumiləşdirərək bir mənzərə yaratmağa cəhd etdim. “Oblomov” haqqında yazılmış ən məşhur yazı Dobrolyubovun “Oblomovçuluq nədir?” adlı yazısıdır. Sonralar əsər haqqında nə qədər yazılar yazılsa da, nə qədər fikirlər söylənilsə də, çox az adam Dobrolyubovun yazısının təsirindən çıxmağı bacardı.

Böyük çoxluq “Oblomov” əsəri haqqında danışarkən daha çox Dobrolyubovun təyin etdiyi fikirləri təkrar edirdilər və yaxud bu fikirlərə cavab verirdilər. Dobrolyubovun yazısı yüksək enerjiylə yazılmış bir yazıdır. Adətən belə mətnlər haqqında haqlı olaraq deyirlər - sanki mürəkkəblə deyil, ürəyinin qanı ilə yazmışdır. Bu yazının hər cümləsində Dobrolyubovun yanan ürəyinin işığı görünür. "Oblomov" əsəri və Dobrolyubovun “Oblomovçuluq nədir?” yazısı birləşərək artıq bir-birindən ayrılmaz mətnlərə çevrilib. “Oblomov”u xatırlayarkən Dobrolyubovu, Dobrolyubovu xatırlayarkən “Oblomov”u xatırlamalı oluruq.

Dobrolyubov inqilabi təfəkkürlü bir insan kimi Oblomovun tənbəlliyini heç cürə həzm edə bilmirdi. Rus insanının bədbəxtçiliyini bu tənbəlçilikdə görürdü. Təsadüfi deyil ki, onun yazısı Qoqolun sözləri ilə başlayır. Yazının bütün ideyası da bu sözlərdən ibarətdir. “İndi öz doğma dilimizdə bizə IRƏLI deməyi bacaran adamlar lazımdır - bu bizim üçün hər şeydən daha vacibdir”. Dobrolyubov da onu qeyd edir ki, bizə doğma dilimzdə “irəli” deyə biləcək adamlar tənbəllikdən əziyyət çəkirlər. Dobrolyubov rus əsərlərindəki oxşar obrazları yığaraq bir obrazdan ibarət bir ailə yaratmışdı və bu ailəyə oblomovlar ailəsi adı qoymuşdu. Lakin bir çoxları bu ailəni heç də qəbul etmirdilər. Onların fikrincə, divanda ölən Oblomovla barrikadada ölən Rudini eyniləşdirmək səhvdir, səhvdən daha çox ədalətsizlikdir. Dobrolyubovun isə öz arqumetləri vardı. Bu arqumentlərdən biri də Oblomovlar ailəsinin hər bir üzvünün qadınlara qarşı eyni münasibət göstərmələridir. Burda sözü Dobrolyubovun özünə verməliyik:

"Qadınlara münasibət məsələsində oblomovların hamısı özlərini eyni dərəcədə biabırçı aparırlar. Onlar qətiyyən sevməyi bacarmır və həyatda heç bir məna görmədikləri kimi, eyniylə sevgidə də nə kimi bir məna axtarmaq lazım gəldiyini bilmirlər. Onlar nə qədər ki, qadına bir əyləncə, yay üzərində hərəkət edən bir kukla kimi baxırlar, onunla əylənməkdən vaz keçmirlər. Onlarda qadın qəlbini əsir etməyə də meyl vardır... Bəs necə! Onların ağa təbiəti bundan çox razı qalır.

"Yevgeni Onegin" illüstrasiya
"Yevgeni Onegin" illüstrasiya

Lakin iş bir qədər ciddi şəkil aldıqda, onlar öz qarşılarındakının doğrudan da oyuncaq deyil, öz hüquqlarına hörmətlə yanaşmağı onlardan tələb etməyi bacaran bir qadın olduğunu gördükdə, dərhal biabırçı şəkildə qaçmağa üz tuturlar! Bütün bu cənablar hədsiz dərəcədə qorxaqdırlar. “Məşhur və işvəli qadınların qəlbini çox erkən həyəcana salmağı bacaran”, qadınları təəssüf etmədən, acımadan atıb gedən Onegin Tatyananın qarşısında qorxaqlıq göstərir. Tatyana, axı lap əvvəldən onun xoşuna gəlirdi. Əgər Tatyana Onegini bundan az bir ciddiyyətlə sevsəydi, o zaman Onegin onunla ciddi bir əxlaq müəllimi kimi danışmağı fikrinə belə gətirməzdi. Lakin iş bu yerə çatanda Onegin görür ki, bu məqamda zarafat etmək təhlükəlidir, buna görə də öz keçmiş həyatından, öz pis xasiyyətindən, Tatyananın gələcəkdə başqa birisini sevəcəyindən və sairədən dəm vurmağa başlayır. Gör bu qorxaq, özünü necə ibarələrlə pərdələyir!

Rudinə gəldikdə isə, məlumdur ki, Natalya ondan qəti bir cavab almaq istədikdə, o lap özünü itirir. O, Natalyaya “boyun əyməyi” məsləhət görməkdən başqa heç nə deyə bilmir. Ertəsi gün Natalyaya yazdığı məktubunda Rudin məharətlə izah edir ki, onun kimi qadınlarla yaxınlıq etməyə “alışmamışdır”.

Peçorin. İllüstrasiya
Peçorin. İllüstrasiya

Qadın qəlbinin mütəxəssisi Peçorin də belədir. O özü etiraf edir ki, dünyada qadınlardan başqa heç nəyi sevməmişdir, qadınlar üçün dünyada o, hər şeydən keçməyə hazırdır. O deyir: “Mən bir qadını nə qədər ehtirasla sevirəmsə-sevim, yenə də, fərqi yoxdur, əgər o mənə hiss etdirsə ki, mən onunla evlənməliyəm - o zaman məhəbbətə əlvida! Qəlbim o saat bir daşa çevrilir və heç bir şey onu yenidən qızdıra bilmir. Mən evlənməkdən başqa hər cür fədakarlığa hazıram. Öz həyatımdan iyirmi dəfə keçərəm, hətta namusumu belə ortalığa qoyaram, lakin öz azadlığımı satmaram. Mən nə üçün öz azadlığımı bu qədər sevirəm? O mənim nəyimə lazımdır? Mən bu azadlıqla haraya hazırlaşıram? Gələcəkdən nə gözləyirəm? Doğrusu, heç bir şey. Bu, nə isə, irsi bir qorxudur, izah edilməz təbii bir duyğudur ” və sairə. Lakin mahiyyət etibarilə bu, oblomovçuluqdan başqa bir şey deyildir.

Siz elə zənn edirsiniz ki, hələ Onegin bir tərəfə qalsın, Peçorin və Rudinə məxsus bu sifətlər öz növbəsində, İlya İliçdə yoxdur? İstədiyiniz qədər var! İlya İliç məsələn, Peçorin kimi, qadına mütləq malik olmaq istəyir, qadını öz sevgisini sübut etmək üçün hər cürə fədakarlığa məcbur etməyə çalışır. O, Olqanın ona ərə gedəcəyinə əvvəlcə ümid etmirdi və buna görə də evlənmək təklifini Olqaya çox qorxa-qorxa açıb deyir. Olqa ona gərək ki, belə bir söz deyir: "Siz bunu çoxdan etməli idiniz". İlya İliç özünü itirir, Olqanın razılığı hələ onu kifayətləndirmir və siz bilən, o nə desə yaxşıdır?.. O, Olqanı sınamağa başlayır: Oblomov belə düşünür ki, Olqa onu çox sevirsə, onun aşnası olmağa özündə qətiyyət tapa bilər! Olqa heç bir zaman bu yolla getməyəcəyini dedikdə isə, Oblomov pərt olur: lakin Olqanın sonrakı izahatı və ehtiraslı səhnə onu sakitləşdirir.

Buna baxmayaraq, İlya İliç axırda o qədər qorxaqlıq edir ki, hətta Olqanın gözünə görünməkdən belə qorxur. Özünü xəstəliyə vurur, körpünün açılmasını bəhanə gətirir, Olqaya işarə vurur ki, onunla evlənsə, biabır ola bilər və sair.

Bütün bunlar nədən irəli gəlir? Ondan irəli gəlir ki, Olqa ondan qətiyyət, iş tələb edir, İlya İliç isə bunlara adət etməmişdir. Evlənmək öz-özlüyündə onu Peçorin və Rudini qorxutduğu qədər qorxutmur: Oblomovun adət və vərdişləri daha çox patrialxal xarakter daşıyır. Lakin Olqa istəyir ki, evlənməkdən əvvəl, o, öz malikanəsinin işlərini səhmana salsın: bu onun üçün, əlbəttə, bir fədakarlıq olardı, o, bu fədakarlığı etmir və əsl bir Oblomov kimi özünü göstərir. Bununla belə o özü çox tələbkardır. O, Peçorin kimi hərəkət edərək, Olqanın başına belə bir iş açır: onun beyninə düşür ki, üzdən bir o qədər də yaraşıqlı deyildir və ümumiyyətlə Olqanın onu möhkəm sevə bilməsi üçün kifayət qədər cəlbedici bir görkəmə malik deyildir. O, bu dərddən əzab çəkməyə başlayır, gecə yata bilmir, nəhayət, qüvvəsini toplayıb Olqaya rudinsayağı uzun bir məktub yazır və bu məktubda vaxtilə Onegeninin Tatyanaya, Rudinin Natalyaya və hətta Peçorinin knyagina Meriyə demiş olduğu məşhur və çeynəmiş fikri təkrar edir: “Mən, görünür, elə yaranmışam ki, siz mənimlə birlikdə xoşbəxt olmazsınız; bir zaman gələr, siz özünüzə daha layiq olan başqa birisini sevərsiniz”.

Oblomovların hamısı özlərini alçaltmağı sevirlər. Lakin onlar bunu o məqsədlə edirlər ki, sevgisi rədd edilmiş bir adam vəziyyətində qalsınlar və kimin qarşısında özlərini danlayıb alçaldırlarsa, onların tərifinə layiq olub, həzz alsınlar. Onlar özlərinin bu cür alçalmalarından razıdırlar və bu cəhətdən onların hamısı Rudinə bənzəyirlər.

Rudinin haqqında isə Piqasov belə deyir: “Öz-özünü söyüb danlayır, özünü ləkələyib rüsvay edir- fikirləşirsən ki, bu adam bir daha Allahın yaratmış olduğu bu işıqlı dünyaya baxmaz. Lakin, xeyr! O, bu halda elə nəşələnir ki, elə bil araq vurubdur!”.

Onegin də belədir. O da özünü söydükdən sonra Tatyananın qarşısında özünü alicənab bir adam kimi göstərir. Oblomov da belədir. O da Olqaya yazdığı məktubda öz-özünü məsxərəyə qoyduqdan sonra hiss edir ki, “bir az yüngülləşmişdir və demək olar ki, tamamilə xoşbəxtdir ”…

Oblomov da öz məktubunu Onegin kimi ibrət dərsi verməklə qurtarır: “Mənimlə keçirdiyiniz əhvalatın tarixi qoy gələcək, normal sevgi üçün sizə rəhbər olsun” və sair. İlya İliç, məlumdur ki, özünü Olqanın qarşısında alçaldaraq düşdüyü bu vəziyyətin zirvəsində saxlaya bilmir: məktubun Olqaya necə təsir edəcəyini görmək üçün onun yanına gedir, onun ağladığını görüb razı qalır və bir böhranlı dəqiqədə ona yaxınlaşmaqdan saxlaya bilmir.

Olqa isə “onun xoşbəxtliyinin qayğısı naminə” yazılmış bu məktubda Oblomovun özünü nə qədər bayağı, rəzil və xudbin bir adam kimi göstərdiyini ona sübut edir. Burada, səciyyə və inkişaf etibarilə özlərindən yüksək bir qadınla üz-üzə gələrkən bütün Oblomovların etiyi kimi, İlya İliç də bütünlüklə qorxaqlıq edib geri çəkilir.

İlk baxışdan Dobrolubov tamam haqqlı görünür, onun sözləri qadınların əlbəttə ki, çox xoşuna gələcəkdir. Amma təəssüf ki, vəziyyət o qədər də sadə deyil. Rudin barrikadada ölməsi ilə sübut etdi ki, o, məişət qəhrəmanlığı üçün yaranmayıb. Qız qaçırmaq onun üçün qəhrəmanlıq sayılmır. Bunu hər kəs bacarar. Elə Azərbaycanda az qala hər gün on adam qız qaçırır. Bəyəm onların hamısı qəhrəmandırlar? Barrikadada ölmək isə hər kəsin işi deyildir. Düzdür, “Rudin” əsərinin sonluğu əsərə sonradan əlavə edilib. Bunu bilmirdim. Bir dəfə Əli Novruzovla söhbət zamanı o bunu mənə dedi. Sonra baxdım, gördüm düz deyirmiş. Demə Turgenyev əsərə sonluğu sonradan əlavə edib və bu riskli sonluqla Rudinə tam haqq qazandırıb. Əgər bu sonluq olmasaydı, yəni Rudini bəlkə də hardasa ittiham etmək olardı.

İkincisi, hətta xəyalən belə olsa da yüksək ideyalarla yaşayan adamlar sonda tək qalmağa məhkumdurlar. Söhbət kişi cinsindən gedir. Bunu onlar bilməlidirlər. Buna hazır olmalıdırlar. Axırda olan əvvəldə olsa daha yaxşıdır.

Çünki xoşbəxtlik deyilən bir şeyi iki cinsin bir yerdə rahat yaşaması kimi təsəvvür etsək bu xoşbəxtlik səydəşlər üçündür. Qadın sarıdan bəxti gətirənlər istisnadır. Klipə çəkilməyi özünə rəva bilməyənlər üçün xoşbəxtlik qapısı daima bağlı qalacaqdır. Bu qapını açmaq, bir azca aralamaq onların bir kişi kimi alçalmasına, öz yollarından dönmələrinə səbəb olacaqdır.

Bəli, Oblomov ailəsinin üzvləri rahatlıq istəyirlər. Təbiət öz sözünü deyir. Bu şəkksizdir. Sadəcə rahatlığın nə qədər bayağılıq hesabına başa gəldiyini bildiklərindən özləri öz rahatlıqlarının üstündən xətt çəkməyə üstünlük verirlər. Dobrolyubovun yaratdığı oblomovlar ailəsinin üzvləri qadınlar üçün çox cəlbedici görünür. Onlarla ünsiyyətdə olmaq maraqlıdır. Bu ailənin üzvləri qadın ürəyini asanlıqla ələ almağı bacarırlar. Bu haqqda “Ezop şahzadələri” adlı yazımda daha ətraflı yazmışam. Bununla belə onlar həm də bu yolun təhlükəli olduğunu, odla oynadıqlarını anlayırlar. Qadınlar isə onları sürüyə qatmağa çalışırlar. Sanki bu həssas adamları hissiz, duyğusuz bir adama çevirməyi, bayağılaşdırmağı qələbə hesab edirlər.

Həm də bununla bərabər üstəlik bu prosesə tamam başqa ad qoymaq istəyirlər. Guya bütün bunlar kişinin rahatlığı və xoşbəxtliyi üçün edilmişdir. Bu rahatlıq isə həssas bir qəlbin daşa çevrilməsi bahasına başa gəlir. Nəsə bu çox uzun söhbətdi. Girişməsək, elə burda stop desək daha yaxşı olar. Həvəsim yoxdu.

Üçüncüsü və ən vacib məqam. Ştolts əlbəttə işgüzar bir insandır. O tikir, o sökür, səyahət edir, yaxşı əlaqələri var. Biz burda “mühit günahkardır” deyən Gertsenə haqq qazandırmalı olacağıq. Oblomovun tənbəlliyinə haqq qazandırmaq çətindir. Lakin ədalət naminə gəlin onun vəkili rolunda çıxış edək. Bəs Ştolts bu işləri necə görür? Hansı yollarla məsələləri, problemləri həll edir? Gəlin elə öz ölkəmizdən danışaq. Mən şəxsən bu mühitdə zəlil günə düşmüşəm. Çünki mühitin tələb etdiyi işgüzarlıq təbiətimə yaddır. Bu o demək deyil ki, tənbəl adamam. Rüşvət vermək istəmirəm. Rüşvət də almaq istəmirəm. İstəmirəm hansısa məsələ tanışlıqla həll olunsun. Yuxarı vəzifədə oturan qohumum yoxdur. Pulum da yoxdur. Məşğul olduğum sahə də heç kimə lazım deyil.

Bəs yaxşı, rüşvət vermirəmsə və rüşvət almıramsa, yuxarı vəzifədə oturan qohumum yoxdursa, hər bir məsələnin rüşvətlə, tanışlıqla, şəxsi əlaqələr hesabına həll olunduğu ölkədə necə yaşayım? Özümü necə ifadə edim? Bir fərd olaraq öz əhəmiyyətimi və lazımlılığımı necə sübut edim?

Bəs yaxşı, rüşvət vermirəmsə və rüşvət almıramsa, yuxarı vəzifədə oturan qohumum yoxdursa, hər bir məsələnin rüşvətlə, tanışlıqla, şəxsi əlaqələr hesabına həll olunduğu ölkədə necə yaşayım? Özümü necə ifadə edim? Bir fərd olaraq öz əhəmiyyətimi və lazımlılığımı necə sübut edim? Belə bir mühitdə məni və mənim kimilərini fərasətsiz və aciz adam adlandırmaq nə dərəcədə doğrudur? Bəs fərasətli adamlar kimlərdir? Onlar bu tərifi hansı yollarla və necə qazanıblar? Əgər onlar kimi ola bilmirəmsə nə etməliyəm? Bəs onlar, bu fərasətli oğlanlar necə yaşayırlar? Vaxtlarını nəyə xərcləyirlər? Bütün günü maşında səs axtarırlar. Maşına yaxşı baxan oğlan kateqoriyası var. İmkan verməzlər maşına toz düşsün, amma öz bioqrafiyalarının qeydinə qalmaq ağıllarından keçməz. Maşına toz düşməyə imkan vermirlər, amma bioqrafiyaları yekə-yekə ləkələrlə doludur. Oturursan maşına. Soruşurlar:

- Səs eşitmirsən?

- Nə səsi?

- Maşında nəsə səs var, tapa bilmirəm...

Mənim də maşından bir qram başım çıxmır. İki-üç hissənin adını bilirəm. Qluşitel, starter, karobka, akkumulyator. Deyəsən xodovoy da var. Yaxşı, indi mən maşında səs axtaranlar sinfinə mənsub deyiləmsə deməli aciz adamam? Əgər bu ölkədə mövcud olan şərtlərlə yaşamağı özümə sığışdırmıramsa bəs necə yaşayım? Əlbəttə ki, sən o zaman təklənəcəksən . Biri sənə avara deyəcək. Biri dəli deyəcək. Başqası qorxaq deyəcək. Hamısı da ona görədir ki, sən onlara qoşulmaq, onlardan biri olmaq istəmirsən...

Yuxarıda yazılanlardan əlavə mənim üçün “Oblomov” romanını əhəmiyyətli və sevimli edən başqa bir xüsusi, ayrıca səbəb var. Əsər haqqında yazılan məqalələrdə daha çox Oblomov və Olqa münasibətlərinə diqqət ayrılır. Əsəri birinci dəfə oxuyanda da bir oxucu kimi Oblomovun Olqa ilə evlənməsinin əleyhinə idim. Necə ki, hər dəfə “O olmasın, bu olsun” filminə baxanda Məşədi İbadin Gülnazla evlənməməsinə sevinirəm. Gülnaz çox mənasız bir qızdı. Məşədi İbad kimi xarizmatik bir kişi Gülnazla evlənməli deyildi. Gülnaz elə özü kimi mənasız Sərvərlə evlənsə daha yaxşı olar. Necə ki, oldu...

Olqa Oblomovu bezdirəcəkdi. Onu kreditlərin əsirinə çevirəcəkdi. Bu cür qadınların bir tələbi var. Nə edirsən et, ne qayırırsan qayır, amma elə et ki, mən darıxmayım. Məni darıxmağa qoyma. Pah. Əslində isə tərsinə olmalıdır. Ən yaxşı qadın kişiyə pərəstiş edən qadındır. Nəyə görə xalalar qızlardan daha ağıllı olurlar? Çünki başları bir partiya həyat adlı daşa dəyib. Düzdü, elələri var ki, başları yüz dəfə daşa dəysə də yenə də ağıllanmırlar. Yaş qırxı keçir, amma özlərini "maloletka" kimi aparırlar. Klipə çəkilirlər. Xəyallar göylərdə pərvaz edir. Utanmadan, xəcalət çəkmədən ağ atlı oğlan gözləyirlər…

Nikolay Dobrolyubov
Nikolay Dobrolyubov

Təəssüf ki, Dobrolyubov çox tez öldü. Bədbəxt cəmisi 25 il yaşadı. 25 il… Adam dəhşətə gəlir. Amma o bu 25 illik ömürdə nə qədər yaratdı, öyrətdi. Həyatını üçə, dördə vurmağı bacarmış adamlardan biridir. Dobrolyubovun bioqrafiyası məni ən çox utandıran bioqrafiyalardan biridir. O, 25 yaşında öldü. Mən isə 25 yaşımda texnikumun qabağında dayanıb "ştuçnı" siqaret çəkə-çəkə səydəş bir qız gözləyirdim. Nədi-nədi bu qızla düşük-düşük danışa-danışa metroya qədər piyada gedəcəkdim. Özü də min minnətlə, qorxu-hürkü içində.

Necə də ağır ölkədə yaşayırıq. Ən adi insani ehtiyaclarımızı necə də böyük zəhmət bahasına odeyirik ... Qərəz, həyat Dobrolyubova “Oblomov” əsərində başqa bir qadını görməyə imkan vermədi . Əgər Dobrolyubov bir az yaşasaydı, o əsərdəki başqa qadını da görə bilərdi. O qadın Aqafya Matveyevnadır. Kişi cinsindən söhbət gedirsə ən sevdiyim obraz “Hərb və sülh” əsərindəki Pyer Bezuxov obrazıdır. Qadın cinsindən söhbət gedirsə ən sevdiyim obraz Aqafya Matveyevnadır. Bütün ömrüm boyu elə bir qadın axtardım. Qarşıma elə bir qadının çıxacağına ümid etdim. Amma axtarmaqla deyil ki. Bəxt məsələsidir. Bununla artıq razılaşmışam.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG