Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Şirvanşahlar Sarayı, beşulduzlu otel, bir də Kübra nənə


Şirvanşahlar Sarayı Kompleksi
Şirvanşahlar Sarayı Kompleksi

-

«Nədənsə sarayın bu hissəsi mənə bağımızın kiçik həyətini xatırladır. Bu ağac da elə bil bizim tut ağacıdır...».

87 yaşlı Kübra Kərimqızı İçərişəhərdəki Şirvanşahlar Sarayının girişindəki ağacın yanında dayanıb buradan şəhərə baxmağı çox xoşlayır. Tez-tez gəlir buraya: «Bura mənim qayğısız uşaqlığım, sevgi dolu gəncliyim, qayğılı yaşlılığımdır».

Vaxtilə saraydan aşağıdakı məhəllələrdə gizlənpaç oynayıb, sevgilisi ilə qala divarlarının küncündə görüşüb, uşaqlarını, nəvələrini bura gəzməyə gətirib. Ancaq bir də ara-sıra tək gəlir, oturub ətrafı seyr edir, öz-özüylə danışır, sonra gedir: «Elə bilirəm burda babalarımın hənirtisi var. Ancaq bura da çox dəyişib, təkcə bu ağacdan başqa...».

«ELƏ BİL, SARAYIN YOX, NAZİRLİYİN QAPISIDIR…»

Kübra Kərimqızı tarixçi deyil, içərişəhərlidir. Zarafatla «içərişəhərli olmaq elə tarixçi olmaqdır» deyir: «Ancaq təmirdən sonra bura çox dəyişdi, müasirləşdi. Heç tarixi abidəni də müasirləşdirərlər? Nədir o qapının halı? Elə bil, sarayın yox, hansısa nazirliyin qapısıdır, daşları da elə qaşıyıblar ki. Guya daş əvvəlki kimi qalsaydı, nə olacaqdı. Tarixi daş qara-qura, kələ-kötür olar, bu cür ağappaq, parıltılı olmaz».

Şirvanşahlar Sarayı təmirdən sonra
Şirvanşahlar Sarayı təmirdən sonra

DİVANXANA BOŞDUR

«Nənə düz deyir, İçərişəhəri necə dəyişiblərsə, Şirvanşahlar Sarayını da elə dəyişiblər. İkinci mərtəbə təmir olunmuş müasir tikilidən başqa bir şey deyil. Tarixdə belə olub, sarayın günbəzləri firuzəyi kaşılarla bəzədilibmiş. Heç olmasa, o kaşıların oxşarlarından istifadə etmək olardı...».

Bunu isə Kübra nənədən 70 yaş kiçik tələbə Fərid Məmmədli deyir. Fərid İstanbuldakı tələbə dostu Mehmet Sedat-ı da özüylə gətirib. Mehmet Sedat deyir ki, bələdçi xanımın saray haqqında danışdıqları tarixi fakt olsa da, quru danışıqdır:

«Mən İstanbuldakı Topqapı Sarayında olduğu kimi, bu sarayda da zəngin eksponatları görmək istəyərdim. Şahın taxt-tacını, heç olmasa, onun silah-sursatını, ya da ona oxşar nələrisə.

Şirvanşahlar Sarayı
Şirvanşahlar Sarayı

Çox şey görmək istəyərdim. Məsələn, saraydakı «divanxana» deyilən yer bomboşdur. Ancaq Bayıl qalasının qalıqları olan daşları görmək xoş idi. Fəridə də dedim, düzü sarayı gəzəndə heyrətlənmədim, XV əsr abidəsi haqqında «iştə bu» deyə bilmədim».

SARAYDA OTEL?

Şirvanşahlar Saray Kompleksində yeniliklərdən biri də Bakının qədim hissəsinin - İçərişəhərin maketidir. Maketdə 2012-ci ildə Bakıda qala divarlarının dibində açılmış «Four Seasons» oteli gözə girir. Ekskursiyaya gələnlərdən biri bələdçiyə baxıb «yəqin bu da şahın oteliymiş deyir». Bələdçi qız gülümsəyir. Maketi işıqlandırır.

Fərid dostunu sarayın həyətini gəzdirir: «Bura şahın sarayıdır». Sarayın həyətindən görünən Prezident Administrasiyasını da göstərir. «Elə ora da şahın sarayıdır». Gənclər gülüşür.

İçərişəhərin maketi
İçərişəhərin maketi

Hava qaralır, saraya baxanlar bir-bir həyəti tərk edir. Kübra nənə də «Ya Allah» deyib saraydan çıxır. Aşağı məhəllələrdə gözdən itir.

Şirvanşahlar Sarayı XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilib. 1964-cü ildən saray qoruq kimi fəaliyyət göstərir. 2000-ci ildə Şirvanşahlar Sarayı UNESCO tərəfindən İçərişəhər və Qız Qalası ilə birlikdə Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Bu yaxınlarda Böyük Britaniyada çıxan «The Telegraph» qəzeti Avropanın ən qədim şəhərləri siyahısını dərc edib. Gürcüstan və Ermənistandan şəhərlər olsa da, sıralamaya Azərbaycandan şəhər salınmayıb. Tarixçi-tədqiqatçılar bunun bir səbəbinin qədim ərazilərdə bərpa işləri aparılan zaman beynəlxalq standartlara riayət olunmaması, qədim formada bərpadan çox müasir elementlərlə bərpaya üstünlük verilməsi ilə izah edib.

18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür.

XS
SM
MD
LG