Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:26

Gənc yazardan Nuşirəvan Məhərrəmliyə açıq məktub


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

Evinizə gedib bir tikə çörəkdən yeyin, ailənizlə xoş istirahət keçirin, televizora baxandan sonra kompüterinizin qabağına keçib internetdə gəzinən vaxt bu yazını oxuyun və bir az düşünün...

Ayxan Ayvaz

BİZİ "RAZBORKA"YA ÇAĞIRIRLAR

Milli Televiziya və Radio Şurasını sədri

Nuşirəvan Məhərrəmliyə açıq məktub:

Hörmətli, Nuşirəvan müəllim!

Sizin intellektual, dünyagörüşlü olduğunuzu və fərqli fikirlərə açıq, analitik təfəkkürlü bir insan kimi yanaşdığınızı bilirəm.

Bu məktubu sizə ünvanlamaqda məqsədim qapı arxasında saatlarca gözləyən, çıxış nöqtəsi tapmayan bir vətəndaşın durumuna düşən ədəbiyyat adamlarına, yəni özümə bir ümid işığı tapmaqdır.

Yəqin sizə kanallarımız, radio verilişlərimiz haqqında danışmaq yersizdir. Gəmi sahibinə gəmini təsvir etmək gülüncdür axı.

Mənim şouya da, şit, bayağı verlişlərə də deyiləcək sözüm yoxdur. Daha doğrusu, bu barədə deyingən arvadlar kimi dil qəfəsə qoymadan bülbül kimi ötmək istəmirəm.

Nuşirəvan Məhərrəmli (solda)
Nuşirəvan Məhərrəmli (solda)

Televizor bizim aynamızdır: ona baxanda özümüzə çəki-düzən verir, yerişimizi, danışığımızı, fikirlərimizi düzəltməyə çalışırıq. Bizim kanallar hər gün zurna çalır, toy tutur, qışqır-bağır salır, savaşır, öcəşir. Beyinə qida verən, nəsə öyrətməyə çalışan verlişlər barmaqla sayılacaq qədərdir. Halbuki bizim ölkə mədəniyyəti, tarixi, keçmişi ilə zəngindir, rəngarəngdir.

Bəli, sizi çox yaxşı başa düşürəm, Nüşirəvan müəllim, dünyada da bu dəqiqə şou, intriqa, dava-şava, boş, mənasız verilişlərə daha çox baxılır və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. İnsanların ciddi proqramlara baxmağa həvəsləri yoxdur: hamı deyib-gülmək, şənlənmək, qol qaldırıb oynamaq istəyir. Bunu da anlayıram və sadaladığım bu problemlərin heç birini sizin günahınız hesab etmirəm. Cəmiyyət olaraq formalaşmağımız, sağlam təfəkkürdə olmağımız üçün hələ illər keçməlidir. Lakin susmaqla, “hər şey qabaqdadır” deməklə özümüzü aldadırıq. Axı, bizim xalqın da zəif damarını tutmaq mümkündür, onları da marifləndirmək, ciddi söhbətlərin sevdalısına çevirmək olar.

Gəldik, məktubumuzun əsas hissəsinə, Orhan Pamuk buna “qəlb” deyir. Deməli belə, Nüşirəvan müəllim, çox uzatmağa, baş aparmağa nə hacət? Mən bir qələm adamı, bir yazar kimi sizə yazıb bildirirəm ki, bu saat, bu an televiziyada ədəbiyyat verlişləri hava-su kimi lazımdır. Cəmiyyətlə birbaşa ünsiyyətə girmək üçün ən gözəl vasitə budur. Onların romanları, hekayələri, şeirləri bizim yatmış duyğularımızı oyada bilər, insanlarımıza şüuraltı təsir edə bilər. Axı gəlin, az tənqid edək bizim xalqı. Mirzə Cəlildən üzü bəri əlinə qələm alan hər kəs cəmiyyətin nöqsanlarından yazdılar.

Nə oldu? Nə dəyişdi?

Bir deyim var: “Adama hər gün “dəli” desən, çevrilib dəli olar”. Bu xalqı nə qədər tənqid etsək, nöqsanlarını dilə gətirsək, heç vaxt düzələn deyil. Biz yazarlarla onlar arasında körpü yox, sədd var. Bu səddin adı – televiziyadır. Müğənnilər, idmançılar, meyxanaçılar, şəbədə qoşanlar, boş-boş danışanlar, savadsızlar, cahillər hörüblər bu səddi. İcazə verin, öz insanımızla aramıza çəkilən bu qəddar səddi aradan götürüb üz-üzə danışa bilək, dərdimizi-sərimizi bölüşək, kitablarımızı, yazılarımızı nişan verək.

Rus şairlərindən biri Nazim Hikmətə deyib: “Öləndən sonra sənin bütün kitablarını oxuyacaqlar, adına küçə verəcəklər, yubileylərin keçiriləcək”.

Şair cavab verib:

- Mən ölümdən sonrakı şöhrəti istəmirəm.

Məncə, əziz Nüşirəvan müəllim, bizim məğlubiyyətimiz məhz burdan başladı: vaxtilə daşlanan, bəyənilməyən yazıçıların, şairlərin adı indi hansısa küçələrə verilib, şəhərin görkəmli yerlərində heykəlləri ucaldılıb.

Bizim insanlar daşlara baxıb günahlarını yuya bilməzlər. Onlar Üzeyir bəyin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Sabirin, Mirzə Cəlilin heykəllərinin yanında yalnız görüş yeri təyin edirlər. Cavabları da neçə illərdir dəyişməz qalır: bizim şairə, yazıçıya hörmətimiz var. Siz bəlkə bilmirsiniz, amma mən dəqiq bilirəm: Azərbaycanda ən rahat söyülən yazıçı və şairlərdir. Bizi birbaşa, yaxud məktub vasitəsi ilə təhqir edən yüzlərcə insanlar var. Onlardan bəziləri hətta, yazıçı, şairləri (üzr istəyirəm, bəlkə etik çıxmayacaq) “razborka”ya çağırır. Beş-üç qəpik üçün müxtəlif mətbu orqanlarda yazdığımız yazılarla söyüş yiyəsinə çevrilmişik. Bunun tək səbəbi var: Azərbaycanda yazıçı və şairi həmişə əyyaş, özünə baxmayan, kasıb, lüzumsuz adam kimi qələmə veriblər. Televizora çağrılan qələm yoldaşlarımız da orda həmin münasibəti görür və bundan “ilhamlanan” bir yığın əli baltalı bizə hücum çəkir.

Nüşirəvan bəy, yazarların hər kanalda sözünü deməyə ədəbiyyat verilişləri olacaqsa, mənə elə gəlir, şirəyə yığışan milçəksayaq yaxamızdan əl çəkməyən “sevgili dostlar” da barmaqlarını dişləyəcəklər: aha, burda nəsə var. Axı, mən yuxarıda da qeyd etdim: televizor güzgüdür. Bizi, yazıçıları, şairləri görmək onların bütün neqativ düşüncələrini pozitivə çevirəcək. Hər gün ciddi adamların söhbətlərinə qulaq asan adam dəyişməz? Sizə ümidsiz olmamağı və təklifimi sınamağı məsləhət görürəm.

Əziz Nuşirəvan bəy! Milli Televiziya və Radio Şurasının sədri kimi sizdən xahiş edirəm: hər kanalda ədəbiyyat verilişlərinin ekrana çıxarılması barədə düşünəsiniz.

Başa düşürəm, “sosial sifariş” deyilən bir şey var. Ciddi proqramlara baxılmır. Ancaq ədəbiyyatın şou tərəfini, qalmaqal yaradacaq mövzularını da unutmayaq. İnanın, çox maraqlı, koloritli, rəngarəng ədəbiyyat adamlarımız var. İnsanlar bir dəfə baxmayacaq, iki dəfə baxmayacaq, axırda gözünü ekrana zilləyib maraqlanacaq. Türkiyə və Rusiya nümunələrini sizə xatırlatmaq yersizdir. Hər şey cəhddən və istəkdən asılıdır, gerisi düzələcək.

Evinizə gedib bir tikə çörəkdən yeyin, ailənizlə xoş istirahət keçirin, televizora baxandan sonra kompüterinizin qabağına keçib internetdə gəzinən vaxt bu yazını oxuyun və bir az düşünün. Ən azı mənim üçün bunu xəyal etmək də, bir ümid işığıdır.

Sayqılarla,

Gənc yazar Ayxan Ayvaz

XS
SM
MD
LG