Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

İslamiada – 2017-ci ildə Azərbaycanda


Əfqanıstanlı atlet Tahmina Kohistani London Olimpiya Oyunlarında, 2012
Əfqanıstanlı atlet Tahmina Kohistani London Olimpiya Oyunlarında, 2012

-

Azərbaycan 2 ildən sonra daha bir böyük idman yarışına ev sahibliyi edəcək. 2017-ci il iyunun 23-dən iyulun 2-dək Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Aprelin 7-də İslam Həmrəyliyi İdman Federasiyası ilə Azərbaycan Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi arasında müqavilə imzalanıb. Əslində Azərbaycanın bu oyunlara ev sahibliyi etməsi qərarı 2013-cü ilin iyulunda qəbul olunub. Həmin ilin sentyabrında III İslam Həmrəyliyi Oyunlarının keçirildiyi İndoneziyanın Palembanq şəhərində təşkil olunmuş «Azərbaycan günü»ndə prezident İlham Əliyev videomüraciətində deyirdi:

«Biz idmançıların və turistlərin ölkəmizdə özlərini evlərindəki kimi hiss etmələri üçün, bu oyunların tarixində ən yaxşılarından birini təşkil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik».

İDMAN YOX, SİYASƏT

İdman şərhçisi Coşqun Eldaroğlu deyir ki, Azərbaycanda keçirilən idman oyunlarının idmandan çox siyasi əhəmiyyəti olur. Elə Bakıda bu müqavilənin imzalanması da prezident İlham Əliyevin Səudiyyə Ərəbistanında səfər etməsinə təsadüf etdi:

«Dünya idmanı böyük bir maliyyə sıxıntısı yaşayır. Avtoritar-totalitar rejimlər də öz pulu hesabına həmin idman növlərinə ev sahibliyi edir. Yalnız özü-özünü təsdiq edən bəzi yarışlar istisna olmaqla qalan yarışlar sanki dotasiyayladır. İslam Həmrəylik Oyunlarına gəldikdə, Azərbaycan hakimiyyəti valyuta ehtiyatlarını itirir. Ona görə də, islam dünyasına yaxınlaşma var. Bu da daha çox maliyyə gücü olan dövlətlərə yaxınlaşmadır. İslam Oyunlarının Azərbaycanda keçirilməsi də bir jestdir».

İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin üzvlərindən biri Nizami Paşayev isə deyir ki, bütün beynəlxalq turnirlər kimi, bu oyunların da əhəmiyyəti böyükdür:

«Ən azından neçə islam ölkələri var, hamısı gəlib iştirak edəcək. Bu yarışın Azərbaycanda keçirilməsinin ölkəmizin tanınmasında da böyük rolu var».

«BU OYUNLARIN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ ŞANSDIR»

Azərbaycan idmançıları artıq dördüncü dəfə keçirilən İslam Həmrəylik Oyunlarında bir neçə dəfə iştirak ediblər. 2013-cü ildə İndoneziyada keçirilən İslamiadada Azərbaycan idmançıları 6 qızıl medal qazanıb.

2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş İslam Həmrəylik Oyunlarında çempion olanlar arasında Azərbaycanın basketbol komandası da vardı.Komandanın üzvlərindən olan Tahir Baxşıyev deyir ki, bu cür yarışlar ölkə idmançılar üçün şans kimi qiymətləndirilməlidir:

«Bu cür oyunların keçirilməsi gənc idmançılar üçün vacibdir. Nə qədər belə yarışlar keçirilsə, o qədər yaxşıdır ki, ölkə gəncləri daha çox idmana meylli olsunlar. Əslində bu, şansdır. O vaxtı biz gedəndə şansımız onluğa düşmək kimi qiymətləndirilirdi. Ancaq biz sübut elədik ki, çempion olmaq olar».

BÜTÜN İMKANLAR SƏFƏRBƏR OLUNACAQ

İslamiadanın Azərbaycanda keçirilməsi ilə bağlı imzalama tədbirində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları yarışın keçiriləcəyi obyektlərlə tanış edib. Deyib ki, «Azərbaycan İslam Həmrəyliyi Oyunlarını keçirməyə hazırdır». Məlumatı Gənclər və İdman Nazirliyi yayıb.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, «Azərbaycan son illər Avropanın ən mötəbər idman yarışlarına ev sahibliyi edir. Biz bütün imkanlarımızı səfərbər edərək bu yarışın yüksək səviyyədə təşkilinə nail olacağıq».

İslamiada İslam Konfransı Təşkilatına üzv ölkələrdən idmançıların qatıldığı çoxnövlü idman tədbiridir. Oyunların təşkilatçısı İslam Həmrəyliyi İdman Federasiyasıdır .

Bu il isə Bakı Birinci Avropa Oyunlarına ev sahibliyi edir. Müstəqil iqtisadçılar həmin oyunlara üst-üstə 4 milyard vəsait ayrıldığını bildirir. Ancaq ən son rəsmi məlumata görə, bu rəqəm 1 milyard 100 milyon manatdır.

XS
SM
MD
LG