Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Steve Jobs-un obrazını yaradan azərbaycanlı rəssamla söhbət


Çingiz Mehbalıyev
Çingiz Mehbalıyev

-

"Azərbaycanı bir dövlət olaraq birləşdirən Yusif İbn Əbu Sacın, Şah İsmayılın normal rəsmlərini çəkməmişik".

"Bizim rəssamlar daha çox şikayət edirlər, özlərini inkişaf etdirməyə, araşdırmağa ərinirlər".

Gənc rəssam Çingiz Mehbalıyevlə söhbət. RƏSMLƏRİ AŞAĞIDA

- İxtisasınız beynəlxalq hüquqdur, amma sizi rəssam kimi tanıyırıq. Necə oldu ki, sonradan ixtisasınızı dəyişdirdiniz, rəssamlığı seçdiniz?

- Adamın uşaqlıqdan rəssamlığa marağı olmasa, çətin ki, sonradan nəyəsə nail ola bilsin. Mən uşaqlıqdan rəssamlıqla məşğulam, sərgilərə qatılmışam, diplomlar almışam. İş ondadır ki, özümə peşə seçəndə rəssamlıq elə də gəlirli sahə deyildi, bilinmirdi ki, rəssamlığı seçənlərin axırı necə olacaq. Həm də orta məktəbdə mənim biliklərim imkan verirdi ki, Beynəlxalq Hüquqda oxuyum.

- Deməli rəssamlıq sizdə ürək çağırışı olmayıb, axı insanın ürəyi bir peşəyə bağlıdırsa o sahənin gəlirli olub-olmamasını hesaba almadan ömrünü həmin peşəyə sərf edir...

- Bilirsiniz, hansı peşə olursa-olsun ən əvvəl o sahədə savadlı olmağa çalışmaq lazımdır. Bir adam ömrünü rəssamlığa həsr edə bilər, amma bu sahədə elə bir savadı olmaz, özünü inkişaf etdirməz, yeniliklərdən geridə qalar, belə rəssamları danışdırmaq kifayətdir ki, görəsən düşüncədə xeyli geri qalıblar.

Əminliklə deyə bilərəm ki, rəssamlıq məndə ürək çağırışıdır. Belə olmasa idi, hazırkı dövrə kimi mütəmadi olaraq rəsm çəkməzdim. Əgər başqa işdə işlədiyim halda yenə də rəssamlığa vaxt ayırıramsa, deməli daxili səsimin ardınca getməyi bacarıram.

- Bəs, siz öz rəsmlərinizi modern rəssamlıq nümunələri hesab edirsiniz? Gördüyüm qədəriylə əsərlərinizin əksəriyyəti xalqın ideologiyasını əks etdirir. Məsəlçün, burda Xurşidbanu Natəvanla Dümanın görüşü, Şah İsmayıl Xətainin Təbrizə girişi, o tərəfdə tar, kamança, qaval elementləri olan rəsmlər gözə dəyir. Bəs modern artda millətin qədim tarixini bu qədər rəsmə köçürmək ənənəsi varmı?

- Təbii ki, var. Bunun üçün Ermitaj, Drezden muzeylərinə baxmaq kifayətdir. Orda xeyli tarixi mövzulu rəsmlər var. Modernizmin özünə də milli elementlər daxil edib, yaxşı sintez yatarmaq olar, necə ki, mən bunu etməyə çalışıram. (Ardı aşağıda)

Müəllif: Çingiz Mehbalıyev
Müəllif: Çingiz Mehbalıyev

- Bizsə tarixi mövzulu rəsmlərdən deyil, modern artdan danışırıq.

- Rəsmin mövzusu rəssamın nə düşündüyündən qaynaqlanır. Mənim sürrealist üslubda əsərlərim var, məsəlçün “Zamanın uçması”, “Stiv Cobsun obrazı” və s. Amma qəbul edim ki, son bir ildə çəkdiklərim daha çox tarixi-realist üslubda olan rəsmlərdir. Bu da mənim Peterburqa səfərimdən sonra oldu.

Orda öyrəndim ki, dünya xalqları əvvəlcə öz tarixlərini çəkib qurtarıb, sonra müasir üslublarda əsərlər yaratmağa başlayıblar.Rəssamlığa yeni cərəyanların çoxunu gətirmiş fransızlar qədim dövrlərindən tutmuş Napoleonun hər bir yürüşünü, döyüşlərini rəsmdə əks etdiriblər, sonra isə tədricən yeni cərəyanların əsasını qoyublar. Amma biz hələ Azərbaycanı bir dövlət olaraq birləşdirən Yusif İbn Əbu Sacın, Şah İsmayılın normal rəsmlərini çəkməmişik, Bunları etmədən istəyirik ki, boyumuzdan bir qat yuxarı tullanaq, incəsənətdə yeniliklər edək. Nizami, Füzuli, Nəsiminin bizə məlum olan obrazları isə, sovet dövründə yaradılmış obrazlardır. Gəlin özümüzə sual verək: - Öz rəssamlığımızda müstəqillik qazanandan sonra hansı tarixi şəxsiyyətin sıfırdan yeni obrazını yaratmışıq? Bax hazırkı rəssamlığımızın qarşısında duran ən əsas suallardan biri də budur.

- Siz keçən il Sankt-Peterburqda bir rəssamlıq kursu keçmisiniz, ordakı rəssamlıq mühitinin bizdəkindən fərqi nədir?

- Çox fərqlidir, Peterburq şəhəri incəsənət üzərində qurulmuş bir şəhərdir. Pyotr bu şəhərin bünövrəsini quranda demişdi ki, elə bir şəhər qurun Avropayla yarışsın. Demək olar ki, ruslar buna nail olublar. Peterburqdakı Rəssamlıq Akademiyası 250 ildir ki, mövcuddur. Azərbaycandakı mühitlə ordakının əsas fərqi budur ki, orda artıq rəssamlar və heykəltaraşların icması yaranıb. Bizdə isə bu icmanın formalaşması təəssüf ki, hələ də zəif gedir.

- Sizcə, bizim rəssamlıq hələ də 90-cı illərdəki kimi həyatın diblərindədir?

- İndiki halda belə deməzdim, əgər fəal işləyən bir rəssam iki ayda bir, ayda bir sifariş ala bilirsə (sifarişlərin sayı rəssamın peşəkarlığından və nüfuzundan asılı olaraq arta bilər), deməli cəmiyyətdə artıq rəsmə maraq var. İkinci məsələ odur ki, rəssamların aktivliyi ilə bağlı problem var. (Ardı aşağıda)

"Şah İsmayılın Təbrizə daxil olması"
"Şah İsmayılın Təbrizə daxil olması"

- Siz rəsm sata bilirsiniz?

- Əlbəttə, rəsmlərimi satıram. Bax,bu divarda gördüyünüz rəsmi sifarişlə çəkmişəm. Burda Səfəvi dövlətinin əsasını qoyan Şah İsmayılın Təbrizə təntənəli girişi əks olunub. Fikir versəniz, öndə Şah İsmayıl özü, arxasında bayraqdarı gəlir, bayraqdarı diqqətlə o vaxt şəhərin sakinləri olan, özbək, ərəb və osmanlılara baxır. Bu isə Sonradan bu ölkələrlə Səfəvilər arasında konfliktlər olacağına işarə edir. Sadə Təbrizlilərin isə üzlərində sevinc və qurur, yaxud qorxu nəzərə çarpır. Bu rəsmi mənə bir iş adamı sifariş verib, o öz iş ortağına Azərbaycan Tarixi ilə bağlı bir əsər hədiyyə etmək istədiyini bildirib.

- Sizcə, müasir rəssam tanınmaq və əsərlərini sata bilmək üçün necə davranmalıdır?

- Bizim rəssamlarda aktivlik çatışmır, daha çox şikayət edirlər, özlərini inkişaf etdirməyə, araşdırmağa ərinirlər. İndi rəsmi necə satmaq, rəssamlığın marketinqi ilə bağlı yaxşı kitablar var. Bu kitablardan faydalanmaq lazımdır.

Məsəlçün, bizim ölkəmizdə bircə nəfər də olsun peşəkar və ixtisaslaşmış art menecer yoxdur. Buna görə rəssam özü özünün art meneceri olmalıdır. Axı biz deyirik ki, rəssamlıq, heykəltaraşlıq ictimai hadisədir, onda əsərləri yaradıb cəmiyyətdən niyə gizləyəsən ki. Məsəlçün, mən hər yeni işim haqda press-reliz yazıb saytların elektron ünvanlarına yollayıram, saytlar bunu həvəslə dərc edir və görünür ki, ictimaiyyətin rəsmə böyük marağı var.

Bir başqa məsələ isə odur ki, əvvəllər Nizami küçəsində rəsm əsərlərinin satıldığı passaj vardı. Təmirdən sonra ordakı rəsmlər yığışdırıldı, indi rəsmlər ancaq qalereyalarda sərgilənir. Mən çox istərdim ki, bizdə də şəhər içində rəsmlərin açıq satıldığı, həm də sərgiləndiyi bir yer olsun, olduğum bütün Avropa şəhərlərində belə yerlər var. Ümumiyyətlə isə rəssamların Rəssamlar İttifaqı kimi mərkəzləşmiş qurumlarda deyil, qalereyaların ətrafında toplaşmasını düzgün sayıram.

- Siz həm də iki bədii kitabın müəllifisiniz. Öyrəndiyim qədəriylə “Miras: Bakının sirri” kitabınızı satmaq üçün sosial media və internetin imkanlarından maksimum yararlanıbsınız. Kitab nədən bəhs edirdi, necə satılır?

- “Miras: Bakının sirri” bir qədər konspiroloji elementləri olan intellektual detektiv idi. Kitabda iddia olunur ki, neftlə zəngin Bakı, sənayeləşmədən öncə cürbəcür imperiyaların diqqətini çəkib və əslində onun diqqətlə qorunan bir sirri var, əsər boyu qəhrəmanlar bu sirri axtarmağa çalışırlar. Kitab 1000 tirajla çap olunmuşdu və özümdə qalan bir-iki nüsxədən başqa hamısı satıldı. Xaricdə yaşayan azərbaycanlıların marağını nəzərə alaraq kitabı Amazon.com satış şəbəkəsinə də yerləşdirdik. Kitabın Facebook səhifəsi və saytı da açıldı, demək olar ki, interntin köməyilə yaxşı bir kitabı uğurla satmaq mümkündür.

Çingiz Mehbalıyev "Apple" şirkətinin mərhum rəhbəri Steve Jobs-u belə görür.
Çingiz Mehbalıyev "Apple" şirkətinin mərhum rəhbəri Steve Jobs-u belə görür.

XS
SM
MD
LG