Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Yeni prezident iqamətgahı 3 yetimin çörəyinə necə bais olub


Yeni prezident iqamətgahının tikintisi - 2009
Yeni prezident iqamətgahının tikintisi - 2009

-

2000-ci ildə 5 yaşlı Yüksəl ata-anasını itirəndə, özündən bir neçə yaş böyük bacıları ilə əmisinin himayəsinə sığındı. Ata-ana nisgilini ovudan isə kiməsə möhtac olmayacaqları, böyüyüb təhsil ala biləcəkləri ümidiydi. Ata-anadan qalan miras üç yetimin gələcəyinə böyük təminatıydı. Ta ki Bakıda yeni prezident iqamətgahının tikildiyi 2008-ci ilə qədər…

«Atamın o ərazidə kafe-restoranı vardı. Əmim oranı işlədirdi, ayda da bizə 1000 manat verirdi. O pulla xərclərimiz ödənirdi», - Yüksəl Babayev AzadlıqRadiosuna müsahibəsində deyir: «Həmin obyektin mülkiyyət sənədləri var idi. 2008-ci ildə Dövlət Əmlak Komitəsindən bizə Bakının Xətai rayonunda torpaq sahəsi ayrıldı, şifahi razılaşdırıldı ki, həmin torpaq bizim adımıza sənədləşdiriləcək. Əmimgil də restorandakı bütün əmlakı o sahəyə aparıb tökdü. Ancaq sonradan o torpaq bizim adımıza sənədləşdirilmədi. Prezident iqamətgahı tikiləndə obyektimiz artıq sökülmüşdü. Ortada Dövlət Əmlak Komitəsi ilə məktublaşmalarımız var. Axırda məcbur qalıb məhkəməyə verdik».

MÜLKÜ SÖKÜB ƏVƏZİNDƏ İCARƏYƏ YER TƏKLİF EDİBLƏR

5 illik get-gəldən, dövlət qurumlarının qapısını döyməkdən yorulan Babayevlər 2013-cü ildə məhkəməyə üz tuturlar. Onların hüquqlarını müdafiə edən hüquqşünas Fərhad Mehdiyev deyir ki, yeni prezident iqamətgahı tikiləndə Bakının Atatürk prospektində olan yaşayış evləri ilə yanaşı, müəssisələr də sökülüb:

«2008-ci ildə Babayevlərə Dövlət Əmlak Komitəsindən bildiriblər ki, Xətai rayonunda «Metrotikinti»nin balansında olan ərazidə torpaq sahəsi ayrılır. Onlara bir sənəd imzalatmaq istəyiblər, ancaq Babayevlər imtina edib. Çünki bu, icarə müqaviləsi imiş, torpaq sahəsi sonradan özəlləşdirilmək şərtilə illik 1800 manata təklif olunurmuş».

16 AYLIQ MƏHKƏMƏNİN SONU... YOXMUŞ

Hüquqşünas deyir ki, birinci instansiya məhkəməsində proses 16 ay çəkib: «Babayevlərdən mülkiyyət alıblar, yerinə ya kompensasiya ödəməli, ya da o dəyərdə mülkiyyət verməlidirlər. Ərazi sənəddə 4 sot olsa da, üzərində sənədləşdirilmiş tikili ancaq 137 kvadratmetr idi. Həmin ərazidə 4 sot mülkiyyətin qiyməti təxminən 1 milyon manatıydı. Bazarı araşdırmışdım, qeyri-yaşayış obyektlərində bir kvadratmetrin qiyməti 2500-8000 min arası dəyişirdi. Mən də məhkəmədən hər kvadratmetri 2500 manatdan hesablamasını istədim. Qanunda deyilir ki, pul borcu gecikəndə illik faiz də ödənilməlidir. Üstəlik, əldən çıxan gəlir də nəzərə alınmalıdır. Obyekt sahibləri oranı aşağısı 500 manata icarəyə verə bilərdilər. 60 ay ərzində itirilən qazancın ödənilməsini tələb etdim. Birinci instansiya nə borc gecikdirməsini, nə də əldən çıxan qazancı nəzərə aldı, ancaq mülkə bir kvadratmetrin 1500 manatdan ödənilməsi ilə bağlı qərar çıxardı».

PREZİDENT İQAMƏTGAHININ TİKİNTİSİNİ KİM SİFARİŞ VERİB?

İddia ərizəsində Bakı şəhər İcra Hakimiyyəti və Maliyyə Nazirliyi cavabdeh kimi göstərilib:

«Məhkəmədə Bakı şəhər İcra Hakimiyyəti məsuliyyəti öz üzərindən atdı ki, söküntünü Dövlət Əmlak Komitəsi aparıb. Ancaq Əmlak Komitəsinin texnikası yoxdur. Söküntü zamanı Əmlak Komitəsinə tapşırılıb ki, bu adamlara torpaq verin, onlar da verməyib. İndi ortada sənəd yoxdur ki, burda tikintinin aparılması kimə tapşırılıb. Görünən yalnız budur ki, həmin ərazidə restoran var idi, indi isə oradan prezident iqamətgahının divarı keçir. Yaxşı ki, bunu inkar etmək olmur. Rəsmi şəkildə etiraf ediblər ki, orda abadlıq işi aparılıb, restoran sökülüb, Dövlət Əmlak Komitəsinə müvafiq yer ayrılması ilə bağlı tapşırıq verilib. Əslində, Əmlak Komitəsi balansında torpaq saxlamır, ərazi, obyekt hansısa dövlət qurumunun sərəncamında olur», - Fərhad Mehdiyev deyir.

ÖLÜNÜ MƏHKƏMƏYƏ ÇAĞIRIRLAR

Babayevlər birinci instansiyanın qərarından apellyasiya şikayəti veriblər. Onlar ümid ediblər ki, Bakı Apellyasiya Məhkəməsində kompensasiya 1 kvadratmetr 2500 manatdan hesablanacaq: «Apelyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını ümumiyyətlə ləğv edib yenidən baxılmağa göndərdi. Səbəbi də bu idi ki, mülkün sənədində bir nəfərin də adı var. Məhkəmə dedi ki, həmin adam da prosesə cəlb olunmalıdır. Halbuki həmin adam uşaqların vəfat etmiş babasıdır, onun ölüm şəhadətnaməsi də var. Apellyasiya məhkəməsinin qərarında deyilir ki, sökülməni heç bir dövlət qurumu öhdəsinə götürmür, kimin sökdüyü müəyyənləşməyib. Ancaq həmin yerdə prezident iqamətgahı tikilib axı».

Vəkil onu da deyir ki, 2008-ci ildə təklif edilən torpaq da «Metrotikinti»yə məxsusdur, ancaq qurum yerin özünə lazım olduğunu bildirib: «Prezident Administrasiyasını da məhkəməyə vermək olmur, çünki bu işdə inzibati orqan sayılmır».

«MƏSULİYYƏTİ DÖVLƏT DAŞIYIR»

Fərhad Mehdiyev hesab edir ki, işin birinci instansiyaya qaytarılması məhkəməni uzatmaqdan başqa bir şey deyil: «Üç uşaq uşaqlıqdan yetim qalıb. Ata-anası öləndə evin böyük qızının 10 yaşı olub. O restoran-kafe onların gələcəyini təmin edirdi, təhsil almaqları, ayağa qalxa bilmələri üçün bir istinad nöqtəsi idi. Ancaq bu yetimlərin haqqı o vaxt yeyildi, indi də yeyilir. Ortada fakt var, adamların mülkü sökülüb yerində prezident iqamətgahı tikilib. Prezident iqamətgahı isə dövlətə aiddir. Demək ki, məsuliyyəti dövlət daşıyır».

Babayevlər hələ nə qədər məhkəmə qapısı döyəcəklər, bilmirlər. Ümidlərini də kəsmirlər ki, bəlkə prezident iqamətgahını qoruyan o qalın divarın yerində bir vaxtlar ata-anasız qalan körpələrin çörək ağacı olduğunu, yetim böyüyən uşaqların çörəyini kəsdiklərini anlayalar. ​

XS
SM
MD
LG