Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

«Biz siyasi məhbuslara salamlaşmağa belə imkan vermirdilər»


Orxan Eyyubzadə
Orxan Eyyubzadə

-

Ötən cümə (martın 20-də) əfv fərmanı ilə azadlığa çıxmış gənc fəal Orxan Eyyubzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısından keçəndə bir anlığa ayaq saxlayır. Həmin günü yadına salır.

Həmin gün – keçən il mayın 6-da NİDA-çı gənclərə hökm oxunandan sonra bir qrup gənc etiraz aksiyasına cəhd etmişdi. Etirazçılarınarasında o da olmuşdu. «Bir də gördüm, polisin biri ayaqlarımdan tutub, o biri də maşına basır. Sonra da polis idarəsi, Binəqədidəki müvəqqəti saxlanma yeri və Kürdəxanı təcridxanası».

Orxan Eyyubzadəyə həmin aksiyada tutulandan sonra 20 sutka həbs cəzası verirlər. Cəzası bitəndən sonra isə polisə müqavimət ittihamı ilə 2 il azadlıqdan məhrum edilir. 11 ay həbsdə qalır.

- Bu 11 ay necə keçdi?

- Tam səmimi deyirəm, 11 ayın 90 faizi müsbət keçdi. Müsbət tərəfləri ondaydı ki, dostlarımız gəlib-gedirdi. Dostlarım ailəmlə, yaxınlarımla əlaqə saxlayırdı. Buna sevinirdim. Mənim dostlarım həbsimin sifarişli olduğunu bilib dalımca gəlirdilərsə, demək, onlar mənim həqiqi dostlarımdır. Həbsdə olanda dostlarımı yenidən qazandım.

- Saxlanma şəraitiniz necə idi?

- İlk 3 ayda Kürdəxanı təcridxanasında saxlanma şəraiti kəskin idi. Məni karantində çox saxladılar. Məndən sonra gələnləri belə kameralara tez köçürdülər. Olduğum kamera cərimə kamerası idi. Heç bir yerlə əlaqəsi yox idi. Gəzinti yerinin hündürlüyü 6 metrdən bir az az, bir az çox olardı. Qısası bunker idi. 6 nəfərlik kamerada 7-8 nəfər var idi. Biz siyasi məhbuslara nəinki bir-birimizlə görüşməyə, heç uzaqdan- uzağa salamlaşmağa da imkan vermirdilər. Hətta ağzımızı belə tuturdular. Bir dəfə məni NİDA-çı Nicat Mahmudbəyli ilə salamlaşmağa qoymayıblar. Bir dəfə də Seymur Həzi ilə salamlaşanda görüşmək istədik, üstümüzə elə gəldilər ki, sanki biri-birimizi öldürəcəyik. Adi məhkumların bir-biri ilə salamlaşıb görüşməyində heç bir problem yoxdur. Ancaq biz siyasi məhbusların nəinki görüşmək, uzaqdan-uzağa salamlaşmağa belə ixtiyarımız yox idi.

- Siz orda olanda hüquq-müdafiəçiləri, jurnalistlər həbs olundu. Bu həbslərdən xəbər tuta bilirdiniz? Məlumat almaq imkanlarınız necə idi?

- Mətbuat məsələsi siyasi məhbuslar üçün problem idi. Amma Kürdəxanı təcridxanasının rəhbərliyinə təşəkkür edirəm ki, kim həbs olunurdusa, həmin həbs xəbərləri dərc olunan qəzetləri bizə mütləq çatdırırdılar. Deyirdilər, «baxın, bu gün biri də həbs olundu». Yəni, «dostlarınız gəlir. Siz davam elədikcə, həbslər də davam edəcək». Mən orda olanda dəfələrlə eşidirdim ki, Xədicə İsmayılın, Leyla Yunusun kameralarında axtarış aparılıb. Bu haqda təcridxana əməkdaşlarından soruşurdum. Deyirdilər ki, bu, adiləşib, prosedur qaydası kimi bir şeydir.

- Cəzaçəkmə yerində şərait necə idi, müraciətlərinizə baxılırdı?

- Pulun varsa, yaşayacaqsan. Ümumiyyətlə, həbs yerlərində qayda budur. Müraciətə gəldikdə, rəhbərliyə müraciət olsa da, baxmırdılar. Ancaq məsələ mətbuata çıxandan sonra problemlə maraqlanırdılar.

- Əfv xəbərini necə qarşıladınız?

- Mən əfv üçün müraciət etməmişdim. Bütün həbsimi otursaydım belə, əfv ərizəsi yazmayacaqdım. Bu addım hüquq-müdafiəçiləri tərəfindən atılıb. Əfv olunmaq xəbərini mənə qonşu kameradan verdilər. Dedim, «ola bilməz». Gözləmirdim. Gəlib yatmağa hazırlaşırdım. Birdən qalxdım yerimdən, elə bil onda çatdı mənə. Öz-özümə dedim ki, «nə dedilər, azad olunacağam?». Azadlığa çıxanda gözlərim yaşarmışdı. Azad olunmağıma görə yox. Qürur duydum. Çünki azadlığa çaxanda məni dostlarım qarşılayırdı.

- Bundan sonra nə ilə məşğul olacaqsız?

- Həbs olunana qədər necə siyasi fəaliyyətlə məşğul idimsə, Allahın izni ilə bundan sonra da eyni fəaliyyətlə məşğul olacağam. Mən azadlığa çıxmağım üçün hakimiyyətdən heç nə xahiş etməmişdim. Ancaq hakimiyyətdən Rəşadət Axundovu azadlığa buraxmağı xahiş edirəm. Çünki Rəşadətin azyaşlı uşağı var, Rəşadət hələ o uşağın əlindən tutub gəzdirməyib.

XS
SM
MD
LG