Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Orxan Adıgözəl: «Heç bir avtobus məni götürmürdü...»


Orxan Adıgözəl
Orxan Adıgözəl

-
Əlilliyi olan şəxsi avtobusa mindirmədiyi üçün avtobus sürücüsü işdən çıxarıldı. Bu xəbər martınq 19-da sosial medianı bürüdü. Sürücüyə qahmar çıxıb əlliliyi olan gənci «çörəyə bais» olmaqda qınayanlar da vardı, soyuq havada əlil arabasına sığınmış gənci avtobusuna mindirmədiyi üçün sürücüyə qəzəblənənlər də.

Bakıda 65 nömrəli avtobusun məxsus olduğu «Xaliq Faiqoğlu» MMC şirkəti dünən mətbuata bildirib ki, sürücü Eynulla Həşimov məsuliyyətsizliyə yol verib, pandusu açıb əlliliyi olan şəxsi avtobusa mindirmək əvəzinə onu gördükdə avtobusu saxlamayıb.

Olayı bloqçu Mehman Hüseynov video lentə alıb. Kadrlardan görünür ki, sürücü gəncin təkidlərinə baxmayaraq, onu avtobusa mindirməkdən imtina edir.
Bu olay əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadə imkanları mövzusunu bir daha aktuallaşdırıb. Hadisənin qəhrəmanı olan Orxan Adıgözəl AzadlıqRadiosuna verdiyi müsahibəsində deyir:

- Biz Mehmanla bərabər idik, şəhərin mərkəzində bir keçid vardı, ondan keçə bilmədim. Mehmana dedim ki, gəl avtobusa minək. Əvvəl də bir neçə dəfə cəhd eləmişəm ki, yeni gətirilən avtobuslara minim, amma minə bilməmişəm. Bu avtobuslarda pandus var, yəni əlil arabasından istifadə olunan şəxslər rahatlıqla bu avtobusa minib-düşə bilərlər. Hər dəfə minmək istəyəndə sürücülər min bir bəhanə gətiriblər, gah deyiblər ki, pandusu aça bilmirlər, gah deyirlər ki, avtobusun salonunda adam çoxdur, ya da əsas gətiriblər ki, tələsirlər. Həmin gün Mehmana dedim ki, gəl çəkiliş də edək, göstərək ki, əlil arabasında olan bir adam avtobusdan istifadədə hansı çətinliklərlə üzləşəcək. Keçən ay bir təlimdə Nəqliyyat Nazirliyinin nümayəndəsi mənə sübut etməyə çalışırdı ki, belə hal ola bilməz. Avtobusa minmək istəyəndə sürücü üz-gözünü turşutdu, dedi ki, get iş-gücünün dalınca. Mənim yerimdə o sürücünün oğlu-qızı da ola bilər. Təsəvvür edin, yarım saat soyuqda dayanmışam, əlil arabasında oturduğumdan qan dövranı yaxşı işləmir, evə qayıdanda qızdırma içindəydim. Sosial şəbəkələrdə elə yazırdılar ki, guya biz kimisə şantaj etmişik. Mən bu ölkənin vətəndaşıyam, ictimai nəqliyyatdan istifadə etmək haqqım var. Sürücü də sərnişinə xidmət göstərmək üçün maaş alır. Hər dəfə bir yerə gedəndə taksiyə 20-25 manat verməli oluram.

- Bu avtobuslar gətirilənə qədər əlil arabasından istifadə edənlərin ictimai nəqliyyatdan istifadəsinə imkan var idimi?

Mehman Hüseynov və Orxan Əlibəyli
Mehman Hüseynov və Orxan Əlibəyli

- Yox idi. Bu avtobusları yeni gətiriblər, çoxlu da pul veriblər. Nə üçün bu avtobuslardan yalnız turistlər istifadə etməlidir? Bəlkə də mənim yerimə turist olsaydı, onu mindirərdilər. İctimai nəqliyyatdan istifadə hüququm tapdalanmamalıdır. Bu ölkənin vətəndaşıyam, vergi ödəyirəm. Sadəcə, haqqımı tələb eləmişəm. Biz qəsdən etməmişik ki, kimisə işdən çıxarsınlar. Metroya düşə bilmirəm, avtobus belə. Ən çox taksidən istifadə edirəm. London taksilərində pandus olur. Elə sizə də müsahibəni taksidə gedərkən verirəm. Halbuki mən 67 manat müavinət alıram. Bu pulla taksi xərcini necə ödəyim? Adamlar yazırlar ki, mənə görə kimi isə işdən çıxardıblar. Səmimi görünmür axı. 18 yaşına qədər əlliyi olan şəxslər 67 manat müavinət alırlar. Bundan niyə danışmırlar? Buna niyə təpki göstərmirlər?

- Kimisə işdən çıxarmaq çıxış yoludurmu?

- Bəlkə də bundan sonra digər sürücülər vəzifələrinə daha məsuliyyətli yanaşarlar.

- Sosial şəbəkərlərdə onu da yazırlar ki, Orxan mitinqlərə necə gedir bəs?

- Mitinqlərə taksi ilə gedib-gəlirəm, vətəndaş kimi haqsız hesab etdiyim məsələlərə etiraz etmək hüququmdan istifadə etmək istəyirəm. Amma deyirəm ki, əlil arabası ilə hərəkət edən bizlərə ictimai nəqliyyatdan istifadə istifadəyə imkan yaradın. Mən qanunsuz bir şeymi tələb edirəm?

- Orxan, bildiyim qədər ali təhsilini bərpa edirsən...

- Bəli, aprel ayından İqtisad Universitetində təhsilimə davam edəcəm.

- Universitetə necə gedib-gələcəksən?

- Hələ bilmirəm, bu barədə düşünməmişəm. Qaldığım Əhmədli metrosunun yanından İqtisad Universitetinə panduslu avtobuslar işləmir. Metroya da düşmək üçün pandus yoxdur. Təzə avtobuslar şəhərin mərkəzində işləyirlər. Əhmədli metrosu tərəfə işləmirlər. Bəlkə gələcəkdə işləyər... Ancaq hələ də bilmirəm necə gedib-gələcəm.

- Universitetdə əlil arabasının hərəkəti üçün şərait varmı?

- Bilmirəm, təhsilimin bərpası işləri ilə valideynim məşğul olub. Ancaq tələb edəcəm, çünki təhsil almaq mənim hüququmdur. Ötən əsrin 90-cı illərində Azərbaycan hökuməti “Universal dizayn” adlı beynəlxalq bir layihəyə qoşulub. Bu sağlamlığından asılı olmayaraq, hər bir kəs üçün şəhər infrastrukturunu əlçatımlı edir. Ancaq reallıqda bunu görmürəm.

- Şəhərin mərkəzindəki yeraltı keçidlərdə panduslar salınmışdı...

Bir dəfə, «Torqovı»dan bulvara keçmək istəyəndə yeraltı keçidə düşmək istədim, necə yıxıldımsa, köməyimə kənardakılar gəldi. Heç dövlət strukturlarında əlil arabasının hərəkəti üçün şərait yoxdur

- O panduslar standartlara uyğun deyil. Nəinki ordan enməyə, pandusun başında durmağa belə risk eləmirəm. Bir dəfə, «Torqovı»dan bulvara keçmək istəyəndə yeraltı keçidə düşmək istədim, necə yıxıldımsa, köməyimə kənardakılar gəldi. Heç dövlət strukturlarında əlil arabasının hərəkəti üçün şərait yoxdur. Bəlkə vəzifədə işləyən birisi bir qəza keçirib əlillik arabasına möhtac qaldı, onda işə necə gəlib-gedəcək? İşdən çıxacaq? Niyə? Əlil arabasında oturmaq o demək deyil ki, adamın işləmək imkanı məhdudlaşmalıdır.

- Orxan, sən əlilliyi qəza nəticəsində qazanmısan. O vaxta qədər heç bu barədə düşünmüşdünmü ki, əlilliyi olan şəxslərin bu cür problemləri var?

- 19 yaşında keçirdiyim qəza nəticəsində hərəkət qabiliyyətimi itirdim. O vaxta qədər tək-tük əlil arabasında olan adam görmüşdüm. Ona görə yox ki, bizdə onların sayı azdır. Azərbaycanda yarım milyondan çox əlil var. Ancaq əksəriyyəti evə qapanıb, ictimai həyatdan təcrid olub. Çünki köməksiz hərəkət edə bilmirlər. Çünki şəhər infrastrukturu əlilliyi olan şəxslərə uyğunlaşdırılmayıb. Avropada siz hər yerdə əlilliyi olan adam görə bilərsiz, istər arabada, istər gözdən əlil. Çünki onlar şəhərdə kömək olmadan gəzə bilirlər, öz iş-güclərinin ardınca gedirlər. Bizdə cəmiyyətin də əlilliyi olan şəxslərə ögey münasibəti var, yazığı gəlir, acıyırlar. Bu isə əlliyi olan şəxslərdə kompleks yaradır, onlar evə qapanırlar. Mən isə həyatı sevirəm, gəzib-dolaşmaq, yaşamaqdan zövq almaq istəyirəm.

XS
SM
MD
LG