Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:18

Seymur Baycan. Həyatımın ən gözəl günü


Seymur Baycan
Seymur Baycan

-

Mənim gözəllik haqda təsəvvürüm iki yerə bölünür: Selcana qədər və Selcandan sonra...

Onun boynuna baxdıqca hiss edirdim ki, depressiyaya düşürəm. Bəli, gözəlliyin elə bir həddi var ki, adamı kədərləndirir...

Seymur Baycan

HƏYATIMIN ƏN XOŞBƏXT GÜNÜ

Doqquz gündür balaca, sakit Qax rayonundayam.

Burda hava təmiz, qiymətlər münasibdir. İnsanlar mədəni, mehriban, qonaqpərvərdirlər. Qaxda özümü rahat və arxayın hiss edirəm. Səhər saat səkkizdə yuxudan oyanıram.

Yaxşıca yuyunub mehmanxananın birinci mərtəbəsində yerləşən balaca yeməkxanaya düşürəm. Bir kasa ətsiz qaynar borşu qara çörəklə yeyib, iki stəkan çay içirəm. Səhərlər borş yeməyi çox sevirəm. Bədənim yuxudan tam oyanır, gümrahlaşıram.

Toqqanın altın bərkidib qalxıram otağıma. Yuxu tutana qədər kitab oxuyuram. İki saat yatıram. Naharda balıq qızartması, toyuq supu, çoxlu pendir və göyərti yeyirəm.

Axşamlar isə dağın dibində yerləşən stadionun ətrafında dövrə vuraraq, təmiz havada iki saat gəzişirəm. Hər axşam təmiz havada gəzişərkən uşaqlıqda, məktəb və universitet illərində, səfərlərdə, yollarda baş vermiş hadisələri bir-bir xatırlayaraq həyatımın ən xoşbəxt gününü müəyyən etməyə çalışıram.

Nəhayət, dünən axşam gəzərkən həyatımın ən xoşbəxt gününü qəti olaraq müəyyən etdim. Yox, elə mohtəşəm günü ayaq üstə xatırlamaq günah olardı. Stadiondan çıxıb sovet dövründən qalma, bir vaxtlar çox məşhur olmuş, indi isə tamam köhnəlmiş, dəbdən düşmüş “Mərkəz” restoranına tərəf addımladım.

Bu arada möhkəm yağış yağmağa başladı. Yağışdan, xəstələnməkdən qorxmadım. Əksinə, yağışın altında iliyimə qədər islanmaq istəyirdim. Restoranda balıq qızartması, pendir, xiyar turşusu, viski sifariş verdim. Sovetdən qalma köhnə restoranda viski olmadı. Bu restoranda adamlar yalnız pivə, araq və çaxır içirlər.

Viski bu köhnə restoran üçün yad içkidi. Məcbur qalıb viskini qırmızı çaxıra dəyişməli oldum. Yağış, damlaların səsi, köhnə restoranın decadent havası, qurtum-qurtum içdiyim qırmızı çaxır hisslərimi daha da həssaslaşdırdı və gözəl günü daha canlı xatırlamağıma xeyli şərait yaratmış oldu.

Ədəbiyyatın qiyməti yalnız mövzuların dəbdəbəli və yüksək olması ilə ölçülmür. Hər hansı bir həqiqi hiss əgər yaxşı ifadə edilirsə, həmişə həssas oxucularda öz əks-sədasını tapır.

Əgər yazar xatirələrindəki tabloları sözlərlə ifadə edə bilirsə, o zaman bu tablolar ədəbiyyatda da öz yerini tutmağa layiq olur. Bu xatirələri yazarın öz tərcümeyi-halını yazmaq təşəbbüsü hesab etmək yanlış olardı. Yazıçı öz zövqünə görə həyatında baş vermiş hadisələrdən bəzilərini kənara tullayır, başqalarını saxlayır.

Kiçik hadisələri o, böyüdə bilər, böyüyü isə kiçildə bilər. Yazıçı ön cərgədə olan hadisələri, azacıq da olsun, tərəddüd etmədən geriyə, arxa cərgədə olanları isə irəliyə çəkə bilər. Əsl yazıçı qarışqadan fil, həmçinin çox asanlıqla da fildən qarışqa düzəltməyi bacarmalıdır.

Selcana qədər rəssamların əsərlərində gözəl qadın görən zaman məndə belə bir qənaət yaranırdı ki, bu cür mükəmməl, qüsursuz gözəllik olmur, bunlar yaradıcılıq təxəyyülünün məhsuludur.

Selcanı görənə qədər mən nəinki bu cür kamil gözəllik görməmişdim, hətta belə gözəlliyin həqiqətən mövcud olduğuna inanmırdım. Mənim gözəllik haqda təsəvvürüm iki yerə bölünür: Selcana qədər və Selcandan sonra. Selcanın timsalında, Selcanın simasında mən kamil gözəlliyi, həqiqəti öz gözlərimlə gördüm. Bufetdə, laboratoriyada, sinif otağında, koridorda, harda oluramsa olum, o, universitet binasına qədəm basanda mən bunu həmən hiss edirdim. Selcan universitetə qədəm basan kimi öz həqiqi və kamil gözəlliyi ilə dörd bir tərəfi nura boyayırdı. 90-cı illərin əvvəllərində kasıbçılığın, ümidsizliyin, qeyri-müəyyənliyin hökm sürdüyü, gələcəkdən qorxduğumuz günlərdə Selcan harda olurdusa, həmin məkana xoş enerji yayırdı.

Mən həmin günlərdə öz yaşıdlarımla müqayisədə daha çox əzab çəkirdim. Uşaqlıqdan rəğbət bəslədiyim, on səkkiz yaşım tamam olan kimi sıralarına qoşulduğum demokratik düşərgənin davamlı məğlubiyyəti bir romantik gənc kimi məni bərk incidirdi.

Düşərgəmizin liderinin siyasət meydanından biabırcasına qacıb öz kəndinə sığınması inqilab romantikasıyla yaşayan, inqilabi əsərləri erkən yaşlarında oxumuş bir gənc kimi mənim bütün varlığımı sarsıtmışdı. Kiçik yaşlarımdan mənə kabus kəsilən ən böyük qorxum, pərt olmaq qorxusu reallığa çevrilərək qarşıma çıxmışdı. Mənfur, fürsətcil, qorxaq, hər addımda öz mənfəətlərini güdən adamların qarşısında pərt olmuşdum.

Mənim şəxsən heç bir günahım yox idi. Ətrafımdakı adamlarla uzun-uzadı mübahisələr edərək bu qorxaqlığa, bu qaçışa mənəvi haqq qazandırmaq istəyirdim. Əbəs yerə. Hər şeyi lağa qoymağı bacaran, bir alabəzək qalstuka görə bütün dəyərlərə tüpürməyə hazır olan fürsətcil adamlar təcrübəsiz bir gənci asanlıqla məğlub edirdilər.

Ürəyimdə, içimdə mənim kimi minlərlə romantik gənci öz qaçışı ilə pərt edən demokratik düşərgənin liderini yamanlasam da, onu fürsətcil, ətrafında baş verənlərə ironik yanaşaraq, hər şeyi lağa qoyaraq dövrünün, zamanın bütün məsuliyyətindən yaxa qurtaqmağa çalışan adamların qarşısında bütün qüvvəmi, oxuduqlarımı səfərbər edərək müdafiə edirdim.

Yorulurdum, əsəblərim pozulurdu, başım ağrıyırdı, bütün gücümü itirirdim. Nə etməli, adamlar çox vaxt ürəkdəkinə deyil, gözlə görünənə, əllə tutulana qiymət verirlər. Necə deyərlər, soğan olsun, nəğd olsun. Məhz buna görə xeyir, sivilizasiya, bəşəri dəyərlər, insaniyyət şərin qarşısında çox vaxt məğlub olur. Mən rəğbət bəslədiyim siyasi düşərgənin liderinin döyüş meydanından öz kəndlərinə qaçmasına müxtəlif arqumentlərlə haqq qazandırmaq istəyirdim. O, qan tökülməsini istəmirdi, o, vətəndaş müharibəsinin qarşısını almaq üçün döyüş meydanından qaçdı, o , humanist insan idi... bütün bu arqumentlər adamlarda bir qram da rəhm hissi oyatmırdı.

Fürsətcil, merkantil, bir alabəzək qalstuka görə bütün bəşəri dəyərləri tapdalamağa hazır olan adamların əlinə romantiklərə gülmək üçün böyük şans verilmişdi. Bəli, bizim liderimiz qorxaqlıq etmişdi. Hər bir dəyərə ironik yanaşanlar, hər şeydə öz xeyrini güdənlər əllərinə düşən bu fürsətdən hər cürə istifadə edərək, mənim kimi romantikləri hər addımda basıb əzirdilər.

Onlar bizə gülürdülər. Biz hər addımda onların dilindən kinayəylə deyilmiş “gördünüz” sözünü eşidirdik. Bu “gördünüz” sözünün mənası həmin günlərdə belə idi : siz demokratların lideri ən yaxın adamlarına belə xəbər vermədən döyüş meydanından kəndinə qaçdı. Ha, ha, ha...

Həmin günlərdə ağaclar, daşlar, Bakını tərk etmiş rusların, yəhudilərin küçəyə, Allahın ümidinə buraxdıqları ev itləri, fəaliyyəti dayanmış fabriklər, şüşələri sındırılmış təcili tibbi yardım maşınları, artıq damlarında təsadüfi otlar bitmiş bağça, məktəb binaları adama sanki belə bir sual verirdi: “yaxşı, bəs bütün bu söhbətlərin, işlərin axırı necə olacaq? Sən gələcəkdən nə gözləyirsən? “

Həmin o ağır, ümidsiz, kasıb, gələcəyin qeyri-məlum olduğu günlərdə Selcan öz həqiqi, kamil, qüsursuz gözəlliyi ilə soyuq qışda qar üstünə atılmış zərif bir çiçəyi xatırladırdı. O çiçək qar üstündə nə qədər köməksiz, gücsüz görünsə də, nə vaxtsa baharın olduğunu və yenə də baharın olacağını nişan verirdi. O qaranlıq, elektrik lampalarının güclə közərdiyi günlərdə Selcan qədəm basdığı hər məkanı işıqlandırırdı.

O, metro vaqonuna qədəm basırdı, adamlar istər-istəməz başların qaldırıb Selcan tərəfə baxır və gülümsəyirdilər. Küçədə onu görən adamlar bu kamil gözəllik qarşısında çaşır, sonra dərindən, ciyərdolusu nəfəs alırdılar.

Onun yaşıdları, ətrafındakı qızlar saçlarını hədsiz diqqətlə darayır, müxtəlif pudra və kremlərdən, hər cür vasitələrdən istifadə edib gözəl görünməyə çalışır, ciddi, təmkinli və əxlaqlı olmağa cəhd edirdilər. Selcan isə öz gözəlliyinə o qədər arxayın idi ki, heç nədən qorxmurdu. Nə ağ köynəyinin üstünə düşən mürəkkəb ləkəsindən, nə ayaqqabının iplərinin hərəsinin bir rəngdə olmasından, nə də başına qoyduğu papağın yana əyilməsindən. Hər şey onun kamil gözəlliyinin xidmətində idi.

Əyninə geyindiyi hər bir paltar ona yaraşırdı. Hətta yağışlı, dumanlı, rütubətli payız günlərində ayaqqabısının palçığa batması belə onu daha da sadə və sevimli göstərirdi. Selcanın üzünə diqqətlə baxmaq mümkün deyildi, adamın gözləri qamaşırdı. Universitetin bütün oğlanları onun üçün dəli-divanə idilər, qızlar ona ədabaz deyir, amma gizlində ona həsəd aparırdılar. Çünki Selcan öz gözəlliyini dərk edən bəxtiyar bir qız idi. Gözəlliyi Selcanı utancaq bir mələyə oxşadırdı.

Dodağından əksik olmayan təbəssümü isə elə bil ürəyinin parıltısı idi. Selcanın qollarını sanki mahir bir usta qu quşunun boynundan düzəltmişdi. Yeriyəndə uzun saçları onun başını azacıq arxa tərəfə çəkirdi. Boyu uca deyildi, amma belinin incəliyi onu ucaboy göstərirdi. Bəzən dərs zamanı qız başını stolun üstünə sallayanda saçları sürüşüb üzünə tökülürdü.

Onun çənəsini, burnunu, dodaqlarını örtürdü. Selcan yazısına davam eləyə-eləyə ağ barmaqları ilə saçlarını geri darayırdı, amma xeyri yoxdu, bir az keçmiş yenə də sürüşüb üzünə tökülürdü. Bəzən Selcan xəyala gedir və balaca məktəbli qız kimi qələmin ucunu çeynəyirdi. Bu, dəhşətli dərəcədə gözəl mənzərə idi. O dərəcədə gözəl mənzərə idi ki, adam bu mənzərədən təsirlənib hətta intihar belə edə bilərdi.

Universitetin oğlanları bizim qrupun oğlanlarına hədsiz dərəcədə paxıllıq edirdilər. Bu paxıllığın bircə səbəbi vardı. Çünki bizə hər gün iki-üç saat Selcanı yaxından görmək, onun səsini eşitmək, onunla ünsiyyətdə, təmasda olmaq xoşbəxtliyi nəsib olmuşdu. Hamı qıza təriflər oxuyurdu. Hamı deyirdi ki, onunla evlənən xoşbəxt olacaq. Bundan yaxşısını tapmaq olmaz.

Bir gün mən ingilis dili dərsində bərk darıxırdım. Selcan məndən iki parta öndə əyləşmişdi. Uzun, hamar, yumşaq saçlarını necə gəldi yığıb saç düyününün ortasına diyircəkli qələm keçirmişdi. İlahi, onun boynu necə gözəl görünürdü! Kaş mənim rəsm çəkmək istedadım olaydı, bütün bu hisslərimi qələmlə yox, fırçayla ifadə edə biləydim.

Onun ağ boynunu Tanrımı, təbiətmi, - necə istəyirsiniz elə də adlandırın, bunun vəziyyətə heç bir dəxli yoxdur, - elə bil ətdən yox, fil sümüyündən xəlq etmişdi. Uzun saçlarından bir neçə şıltaq tük düyündən qoparaq aşağıya tərəf axmışdı. Bu da onun görünüşünə xüsusi bir ilahi məna qatırdı.

Selcan sanki universitetin sinif otağında deyil, ağ buludların üstündə oturmuşdu. Onun boynuna baxdıqca hiss edirdim ki, depressiyaya düşürəm. Bəli, gözəlliyin elə bir həddi var ki, adamı kədərləndirir. Mən Selcanın gələcəyi haqda düşünməyə bilmirdim. Görəsən, bu mələyi gələcəkdə nələr gözləyir? Kimə ərə gedəcək? Bu mələk gözəlliyi həyatın sərt dönüşlərinə nə qədər davam gətirə biləcək? Görəsən, Selcan xoşbəxt ola biləcəkmi? Ürəyim sıxıldı.

Ingilis dili dərsi mənim üçün hədsiz maraqsız idi. Sözlər heç cürə dilimə yatmırdı. Dərsdə darıxdığımdan başqa işlərlə məşğul olurdum adətən. Dəftərə quş, panamalı kişi, iri məməli qadın rəsmi çəkirdim.

Özü də çox pis çəkirdim. Egər məsələn quş rəsminin altında “bu quşdur” sözlərini yazmasaydım, heç kim mənim quş rəsmi çəkdiyimi təxmin edə bilməzdi. Mənim çəkdiyim quş təbiətdə mövcud olmayan mistik bir varlığa bənzəyirdi.

Ingilis dili dərsində həmişə darıxdığımdan yanımda oturan adamı söhbətə tuturdum. Ya da balaca hekayələri ingilis dili dərsliyinin arasına səliqəylə yerləşdirib dərsdə oxuyurdum. Müəllim bir neçə dəfə məni “cinayət” üstündə yaxalamış, dəfələrlə xəbərdarlıq etmiş, iki dəfə sinifdən qovmuşdu.

Həmin gün sağa baxdım, sola baxdım. Bir-iki adamı söhbətə tutmaq istədim. Heç kim mənə baş qoşmadı. Dəftərə balıq rəsmi çəkdim. Nəhayət, o qədər darıxdım ki, çox axmaq bir hərəkət elədim.

Yanımda əyləşən parta yoldaşıma Selcanı sevdiyimi, onun da məndən bərk xoşu gəldiyini dedim. Söz ağzımdan çıxan kimi necə düşük, yersiz hərəkət etdiyimi anladım. Amma artıq gec idi. Mən geriyə çəkilmək əvəzinə, öz yalanımı daha da genişləndirib, inkişaf etdirdim.

Təbii ki, parta yoldaşım mənə inanmadı. Belə olduğu halda, Selcanla mənim aramda olan münasibət haqqında yalan əhvalatlar uydurmağa başladım. Edəbiyyata marağım, çoxlu bədii əsər oxumağım yalanların canlı alınmasına xeyli kömək etmiş oldu. Mən danışdıqca özümü daha da çıxılmaz vəziyyətə salırdım. Yalanımın üstü açılanda hamı mənə güləcəkdi.

Bəs görəsən Selcan özü mənə nə deyəcək? Obyektivlik naminə deyim ki, uydurduğum yalanlarda əclaflıq notları heç yox idi. Təmiz, dupduru, gözəl yalanlar uydururdum. Həyat hələ məni pozmamışdı.

Parta yoldaşım soruşdu:

-Necə sübut edə bilərsən?

Selcana tərəf baxdım. Saç düyününə taxdığı diyircəkli qələm diqqətimi cəlb etdi. Bilmirəm, nədənsə bu qələmin məni xilas edə biləcəyinə ümid yarandı içimdə. Parta yoldaşıma dedim:

-Mən ondan indi saçlarını açmasını tələb edəcəm, o, saçını açacaq.

Bu sözləri deyib, dəftərdən bir vərəq cırdım. Həyəcanla, ürəyim tirəyə-titrəyə, əllərim əsə-əsə vərəqə aşağıdakı sözləri yazıb Selcana ötürdüm: “Selcan mən axmaq bir hərəkət etmişəm. Alxasa demişəm ki, səni sevirəm, sənin də məndən bərk xoşun gəlir.

Dedi ki sübut et. Dedim ki sən mənə görə saçını açacaqsan. Xahiş edirəm, məni xilas et. Məni pərt etmə. Söz verirəm, bir də belə axmaq hərəkət etməyəcəm. Hər şey səndən asılıdır. Başa düş. Hər şey səndən asılıdır. Məni məhv etmə. Mümkünsə, xahiş edirəm, qələmi saçından çıxart...”

Selcan kağızı alıb oxudu. Onun sifətini görmürdüm. Saniyələr keçdi. Mənim üçün çox əzablı anlar idi. Hiss edirdim ki, Selcan bərk düşünür. Həyəcanlıdır. Dilemma qarşısındadır. Üzünü görməsəm də, mən onun həyəcanını hiss edirdim. Mən gözləyirdim. Sanki hər şey – bütün həyatım, yaşadığım ölkənin gələcəyi Selcanın necə hərəkət edəcəyindən asılı idi. Gözümü Selcanın başındakı, saç düyününə taxdığı qələmə dikmişdim. Bilmirəm nə qədər vaxt keçdi. Bir ay, bir il, yoxsa bir əsr. Alxasın səsinə ayıldım: ”hə, nə oldu?” Alxas kinayəylə gülümsəyirdi.

İlahi, bu nə axmaq, şit hərəkət idi mən etdim. Bütün universitet mənə güləcək. Hamı məni dolayacaq. Mən uşaqların üzünə necə baxacam. Ümumiyyətlə, mən necə yaşayacam. Əgər sinifdə olmasaydım, hönkürüb ağlayacaqdım. Dodaqlarımı dişlədim. İlahi, bu nə axmaqlıq idi! Həyəcandan əllərim əsirdi. “Hə, nə oldu?”- Alxas yenə də bu sözü təkrar edib gülümsədi. Heç bir cavab vermədim. Alnımı ovuşdurdum.

Gözümü yenə də saç düyününə taxılmış qələmə dikdim. Hər şeyin, bütün həyatımın, ölkənin gələcəyinin məhv olduğunu düşünərkən Selcan ona ötürdüyüm vərəqi bir daha partanın üstündən götürüb oxumağa başladı. İçimdə yenidən qələmin məni xilas edəcəyinə ümid yarandı. Ürəyimdə ona yalvarırdım: “ Xilas et. Məhv etmə. Yalvariram, xilas et. Başa düş, hər şey səndən asılıdır...”

Selcan vərəqi qatlayıb pencəyinin sol cibinə qoydu. Yaxşı yadımdadır, həmin gün mavi rəngdə pencək geyinmişdi. Ağ rəngli köynəyinin krujevalı yaxalığını pencəyin üstünə çıxarmışdı. Ağ könək, mavi pencək ona dəhşətli dərəcədə yaraşırdı. Alxas ağzın açıb yenə nəsə demək istəyəndə Selcan sağ əlini lap yavaş-yavaş havaya qaldırdı. Ax, bu necə dəhşətli, həyəcanlı anlar idi! Mən artıq özümdə deyildim.

Elə bil, kinoya, tamaşaya baxırdım. Onun əli havada sanki rəqs edirdi. Qələmə sarı gedən bu əl artıq mənim gözümə bir əl kimi deyil, xilaskar bir mələyin qanadı kimi göründü.

Ağ, yumşaq qanad qələmin baş hissəsindən yüngülcə yapışıb, yavaş-yavaş saç düyünündən sağ tərəfə çəkdi. Yumşaq, hamar, uzun , bayaqdan çox bərk darıxan, əmr gözləyən saçlar şəlalə kimi yuxarıdan aşağı axdı.

Həmin an özümü necə xoşbəxt hiss etdiyimi heç cürə ifadə edə bilmərəm. Məgər insan öz hisslərini bir başqasına sona qədər çatdıra bilərmi? Əgər siz ana ilə oğulun, ər ilə arvadın, yaxud iki sevgilinin uzun ayrılıqdan sonra görüşdükləri zaman onların ilk anlarda dedikləri sözləri kağıza yazsanız, görərsiniz ki, bunlar ən sadə, ən adi, hətta bir az da gülməli sözlərdir. Mən o anları, ümumiyyətlə, həmin günü həyatımın ən xoşbəxt günü hesab edirəm. Mən heç vaxt, nə əvvəllər, nə də sonralar belə təmiz, hər şeyi unutduran sevinc hiss etməmişəm.

Otuz səkkiz illik ömrümü bir günə dəyişmək lazım gəlsə, mənim dəyişməyə belə bir günüm var. ​

XS
SM
MD
LG