Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:19

Donetskdə vurulmuş «Boeing»in istintaqında Rusiya izi təsdiqlənir


«Time» jurnalının üz qabığı – 4 avqust 2014
«Time» jurnalının üz qabığı – 4 avqust 2014

-

Donetsk səmasında qəzaya uğramış «Malayziya Hava Yolları»na aid «Boeing» təyyarəsinin istintaqında bütün izlər tək bir istiqamətə aparır. Araşdırılmış milyondan artıq sənəd, foto və videomaterial sərnişin təyyarəsinin Rusiyaya məxsus «Buk» zenit-raket kompleksi vasitəsilə vurulduğunu göstərir. Atəş də, çox güman ki, rus ekipajı tərəfindən həyata keçirilib.

Niderlandın ən iri teleşirkətlərindən biri olan NOS yerli hüquq-mühafizə orqanlarına istinadən hazırladığı materialda bu barədə məlumat verir.

Yazıda istintaqın gedişində prokurorluqla xüsusi xidmət orqanları arasında müəyyən gərginliklər yaşandığı da bildirilir. Daha dəqiqi, xüsusi xidmət orqanları istintaq üçün bəzi mühüm məlumatları prokurorluqdan gizlədirlər. Prokurorluqdakı mənbənin məlumatına görə, təhlükəsizlik qurumunun istintaqın gedişinə maneçilik yaratması ölkənin siyasi hakimiyyətinin bu hay-küylü cinayətdə əli olan şəxslərin məsuliyyətə cəlb edilməsini istəməməsi ilə bağlı ola bilər.

BÜTÜN MATERİALLAR BİR VERSİYANI DƏSTƏKLƏYİR…

Yazının müəllifi, NOS teleşirkətinin redaktoru Robert Bas AzadlıqRadiosuna deyib ki, hadisənin necə baş verdiyini müəyyənləşdirmək baxımından istintaq orqanları xeyli iş görüb. Xeyli sayda video, foto və digər materiallar öyrənilib. Bütün materiallar yalnız bir versiyanı dəstəkləyir: təyyarə Rusiyadan Ukrayna ərazisinə gətirilmiş «Buk»la vurulub, özü də rus ekipajı tərəfindən. Doğrudur, sonuncu iddia hələ tam təsdiqini tapmayıb.

Separatçıların əlində «Buk» zenit-raket kompleksinin olduğu barədə faciədən öncə Rusiya televiziyası da məlumat yaymışdı. Bundan başqa, bu haqda Putinpərəst rusiyalı siyasətçi Sergey Kurginyan da açıqlama vermişdi. Həmin açıqlamanı əks etdirən videomaterialı ötən il Boris Nemtsov Youtube-da paylaşmışdı.

Robert Bas cinayətin bilavasitə icraçılarının tapılacağına pessimist yanaşır. Onun dediyinə görə, həmin şəxslər artıq ya adlarını dəyişiblər, ya da izi birdəfəlik itirmək üçün Rusiyanın xüsusi xidmət orqanları tərəfindən aradan götürülüblər.

POLİSLƏRİN SMARTFON VƏ NOUTBUKLARI MƏHV EDİLİB

Yazıda o da bildirilir ki, Rusiya xüsusi xidmət orqanlarının mütəmadi olaraq Niderland polisinə və prokurorluğuna məxsus kompüter sistemlərinə müdaxilə etməyə səy göstərdiklərinə dair çox ciddi ehtimallar var. İstintaqla əlaqədar Ukraynada olmuş Hollandiya hüquq-mühafizə əməkdaşlarının bütün smartfon və noutbukları məhv edilib. Ukrayna şəbəkələrinə qoşulan zaman onlara casus proqramları yüklənməsi təhlükəsi vardı. Bəzi hallarda hətta polislərin mənzillərindəki kompüter şəbəkələrini belə hər ehtimala qarşı yeniləmək lazım gəlib.

Vurulmuş təyyarənin ötən ilin dekabrından Niderlandın cənubundakı hərbi bazanın anqarında saxlanılan qalıqları martın 3-dən ictimaiyyətin baxışı üçün açıq elan edilib. İlk olaraq, bura faciə qurbanlarının 570 yaxını dəvət olunmuşdu. Sonra isə anqara müxtəlif ölkələrdən olan jurnalistlər buraxılmışdı.

«Əvvəl bizim yaxınlarımız uçub getdilər. Sonra onların parçaları geriyə döndü. Bax indi də təyyarənin qalıqları qayıdıb», -- anqarda olanlardan biri yerli qəzetə müsahibəsində deyib. O, faciədə hər iki övladını itirib: 18 yaşlı oğlunu və 19 yaşlı qızını.

XS
SM
MD
LG