Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:04

«Elmin məhvinin rəsmi etirafı»


Laboratoriya
Laboratoriya

-

«250 PROFESSOR TÜRKİYƏYƏ PƏNAH APARIB, AZƏRBAYCANLI ALİMLƏR İSƏ 140 MANAT ALIRLAR»

«Azadlıq» qəzeti «Elmin məhvinin rəsmi etirafı»dan yazır:

«Bu günlərdə AMEA-nın Rəyasət Heyətinin iclası keçirildi və elmin «xəstə» vəziyyəti bir daha etiraf edildi. Üstəlik alimin, elmi işçinin dilənçi vəziyyətinə salınması da dilə gətirildi.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva çıxışı zamanı gənc elmi işçilərin əməkhaqqının azlığının ciddi problemə çevrildiyini bildirib:

«Bu gün nəinki bölgələrdə, eləcə də Bakıda eyni problem yaşanır. Gənc elmi işçilər 140 manata işləmək istəmirlər. Hətta bizim institutun elə işçiləri var ki, işə piyada gəlirlər. Ona görə də, mövcud problemin həlli istiqamətində AMEA Rəyasət Heyətinin iclasında müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir.

Göründüyü kimi, analoqsuz inkişaf edən ölkənin alimləri avtobuspulu tapa bilmirlər və 140 manatın girovuna çevriliblər. Ölkəni idarə edənlər isə milyardlarla vəsaitə sahib olublar və ölkəni talamaqda davam edirlər. Bu gün ölkədə ən az dəyər verilən, ən təminatsız təbəqə elm adamlarıdır. Bir neçə nəfəri «elm adamı» kimi ortaya çıxarıblar və hakimiyyəti mədh etməklə görəvləndiriblər. Əksəriyyət isə sosial fəlakətin zəhminə təslim olub. Məhz bunun göstəricisidir ki, ixtisaslı kadr, sanballı elmi əsərlər yazılmır. Hətta qonşu Gürcüstan və Ermənistanda da elmi işçinin əməkhaqqı Azərbaycandan yüksəkdir».

Qəzet sual edir: «Necə olur ki, Gül bayramına, «Eurovision»a, Avropa Oyunlarına, dünyanın hər yerində xeyriyyə layihələri həyata keçirməyə milyonlar xərclənir, amma elmi işçi 140 manata möhtac qalır? Bu gün 250-yə yaxın professor Türkiyəyə pənah aparmağa məcbur qalıb, xaricdə təhsil alan tələbələr ölkəyə qayıtmır. Faktiki Azərbaycan elminin gələcəyi görünmür və bütün müsbət nümunələr məhv edilib. Təbii ki, bu məqsədli şəkildə həyata keçirilir. Əks halda, alimlərin əməkhaqqının bir neçə dəfə artırılmasını təmin edərdilər».

Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

BİR AYDA ÜÇ SƏFƏR...

«Azərbaycan» qəzeti Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-na istinadla yazır: «İki ölkə hərbi sahədə əməkdaşlığı ümumu hədəflər çərçivəsində təkmilləşdirmək istəyir».

Nazir deyib ki, Türkiyə Azərbaycanla hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığı dərinləşdirmək niyyətindədir: «Xüsusilə, hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı strateji cəhətdən, ümumu mənfəət və hədəflər çərçivəsində təkmilləşdirmək istəyirik. Ölkələrimiz arasında müdafiə sənayesi sahəsində gündəmdə olan mövcud layihələrlə birlikdə, Azərbaycanın ehtiyaclarını nəzərə alaraq əməkdaşlıq etməyə təşəbbüs göstəririk. Silahlı qüvvələrimizin əməkdaşlığını təhsildən başlayaraq, birgə təlimlərə qədər geniş diapazonda davam etdirəcəyik».

O ötən il aralarında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunlarının komandanı və Jandarm Qüvvələrinin Baş komandanının da olduğu yüksək səviyyəli hərbi nümayəndə heyətinin Azərbaycana səfərini yada salıb. Eyni zamanda, milli müdafiə nazirinin Azərbaycana bir ay içində üç dəfə gəldiyini bildirib: «Bu səfərlər hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın inkişaf etdiyini göstərir».

«SƏDƏRƏK»DƏ OBYEKTLƏRİN ÇOXU BAĞLANIB

«Bizim yol»un əməkdaşı «Sədərək» ticarət mərkəzində olub və burda sahibkarların «bekarçılıqdan kitab yazdığını» deyir.

«Sədərək»
«Sədərək»

Qəzet yazır ki, «Sədərək»də sahibkarlar manatın dollara nisbətdə ucuzlaşmasının onlara da mənfi təsir göstərdiyini bildiriblər. Onlardan Vidadi adlı biri deyib: «Dolların qiyməti bahadır. Baha aldığımız məhsulu necə ucuz verək? Necə ziyana işləyək? Deyirlər ki, qiyməti qaldıranı cəzalandıracaqlar. Biz nə vaxta qədər ziyana işləyəcəyik! Dollar qalxanda bilmirdiniz malların da qiyməti qalxacaq? Ya manatı əvvəlki vəziyyətinə qaytarsınlar, ya da ki, verginin, icarə haqqının qiymətini aşağı salsınlar».

Qəzet yazır ki, zərərə işləmək istəməyən sahibkarların bir hissəsi artıq mağazaları tərk edib: «Qapısı bağlı həmin mağazaların üzərində «İcarəyə verilir» elanları yazılıb. 40 kvadratmetr mağazanın icarə haqqı 2500 manatdır. İşləyən mağazalarda məhsulların üzərinə isə ya «endirim» yazılıb, ya da «nə alsan 5 manata» kimi cəlbedici elanlar asılıb.

Bazarda vəziyyət o həddə çatıb ki, çeşidindən və keyfiyyətindən asılı olmayaraq malların topdan və pərakəndə satış qiymətlərində fərq sıfıra yaxınlaşıb. Sahibkarların çoxu dolların qiymətinin qalxması ilə əlaqədar olaraq ticarəti dayandırmaq məcburiyyətində qalıblar. Onlardan bəziləri daimi, bəziləri müvəqqəti olaraq ticarətdən kənarlaşdıqlarını deyirlər. Baha qiymətə aldığımız məhsulu ucuz qiymətə sata bilmərik. Açıq deyim ki, biz ticarətçilər öncə məhsulun qiymətini qaldırdıq. Yəni malı dollarla satmağa çalışdıq. Malların alınmadığını gördükdə məcburiyyət qarşısında qiyməti endirdik. Endirimə biz könüllü olaraq getdik. Hazırda «Sədərək» Ticarət Mərkəzində satış obyektlərinin çoxu bağlanıb»-deyə sahibkar Əli bildirib.

Qamət Süleymanov
Qamət Süleymanov

«İRAQA, SURİYAYA GEDƏNLƏR TƏKCƏ İŞSİZLİKDƏN GETMİRLƏR, ÖLKƏDƏKİ PROSELƏRİN TƏSİRİ VAR»

«Yeni Müsavat»a danışan «Əbu-Bəkr» məscidinin axundu Qamət Süleymanov deyib: «Dini radikallığın əsas təbliğ yeri həbsxanalardır».

Milli Təhlükəsizlik Nazirliyi bu günlərdə keçirdiyi xüsusi əməliyyatdan sonra bildirib ki, radikal dindarlar Azərbaycanda «şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq» məqsədilə ölkədə sabitliyi pozmaq üçün terror aksiyaları planlaşdırırlarmış.

Bu haqda danışan Qamət Süleymanov deyib ki, radikalizmin İslama bağlılığı yoxdur və din pərdəsi altında cinayət törədənlər var: «Radikalizmə gedənlər psixoloji problemləri olanlardır. İslam dövləti qurmaq xəyal edirlər. Dövlət qurmaq hər adamın işi deyil. Bəziləri bu şüarlar altında cinayətlər törədir. Ona görə də Azərbaycanda belə bir imkan olduğunu görmürəm». Q.Süleymanov həbsləri məsələnin köklü həlli saymır: «İndiki dövrdə isə internet vasitəsilə qruplar yaranır, təşkilatlanma gedir, dəvət olunurlar. Mən inanmıram ki, onlar Azərbaycanda bir iş görə bilsinlər. Sadəcə, radikalizmə meyllənmənin səbəbləri var. Burada savadsızlıq da rol oynayır, müəyyən qədər işsizlik də. O cümlədən regionda və ölkədə gedən proseslərin təsiri var. İraq və Suriyaya gedənlər təkcə işsizliyə görə getmirlər. Təbliğat və savadsızlıq əsas məsələdir».

XS
SM
MD
LG