Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

«Washington Post» Azərbaycanda məhkəməsiz həbslərdən yazır


«Washington Post»
«Washington Post»

-

ABŞ-ın nüfuzlu «Washington Post» qəzeti Azərbaycandakı həbslərlə bağlı redaksiya məqaləsi dərc edib. Məqalə «Azərbaycanda məhkəməsiz həbs olunmaq» adlanır.

MƏHKƏMƏ PROKURORLUĞUN NÖKƏRİNƏ ÇEVRİLİB

Yazıda qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyev «güclü despotizm əlamətləri» nümayiş etdirir. İndividual azadlıqlar uğrunda danışan jurnalistlər, bloqqerlər, hüquqşünaslar, insan haqları fəalları və digərləri qanunsuz olaraq həbsə atılır, saxlanır. «İllər boyu rejimini ayaq üstə saxlamış neft gəlirlərinin azalmasından əziyyət çəkən cənab Əliyev, görünür, ona müqavimət göstərən hər kəsi vurur», - müəlliflər yazır.

Məqalədə bildirilir ki, cənab Əliyevin tənqidçilərini susdurmağa yönəlik sevimli alətlərindən biri həbs-qətimkan tədbiridir. Azərbaycan qanunvericiliyində deyilir ki, bu tədbir məhdud hallarda istifadə olunur və Cinayət-Prosessual Məcəlləsi bu hüququ prokurorlara deyil, məhkəmələrə verib. Praktikada isə məhkəmələr prokurorluğun nökərlərinə çevrilib. Avropa İnsan Hüquqları Məhkəməsi ötən il qeyd edirdi ki, Azərbaycanda məhkəmələr prokurorluğun dərhal həbs xahişlərini adətən qüvvəyə mindirir.

ORWELL XÜSUSİYYƏTİ

«Washington Post»un redaksiya məqaləsində daha sonra fevralda hüquq müdafiəçisi Leyla Yunusun və əri Arif Yunus barəsində həbs-qətimkan tədbirinin daha 5 ay uzadıldığı vurğulanır. Jurnalist Xədicə İsmayılova isə fevralın 23-də keçirilən qapalı məhkəmə prosesində böhtanda təqsirli bilinib və cərimə olunub.

«Azərbaycan məhkəmə sistemi öz Orwell xüsusiyyətinə sadiq qalır («Orwell xüsusiyyəti» azad və açıq cəmiyyətin rifahına zərbə vuran desktruktiv durum, ideyanı təsvir etmək üçün işlədilir. Bu anlayışı ingilis yazıçısı George Orwell müəyyənləşdirib - red.). İsmayılova keçmiş həmkarını intihar həddinə çatdırmağa görə həbs olunur və bu yaxınlarda ona yeni ittihamlar irəli sürülür – mənimsəmə, vergidən yayınma, qanunsuz sahibkarlıq və səlahiyyətdən sui-istifadə».

BELƏ DAVAM EDƏRSƏ...

«Cənab Əliyev AzadlıqRadiosunun Azərbaycan xidmətinin işindən çox rahatsız görünür. Xədicə İsmayılovanın qapalı məhkəmə prosesi keçirilən gün Bakı bürosunun keçmiş rəhbəri ölkədən buraxılmayıb. Dekabrın 26-da Bakı bürosu möhürlənib və radionun 26-dan çox əməkdaşı dindirilib».

«Bir reklamda cənab Əliyev deyirdi ki, Azərbaycanı dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələrdən birinə çevirmək istəyir. Ancaq o, despot idarəçiliyini davam etdirsə, bu, yəqin ki, baş verməyəcək», - «Washington Post»un redaksiya məqaləsi bu sözlərlə tamamlanır. ​

Hakimiyyət ölkədə qanunsuz həbslər barədə beynəlxalq tənqidləri qəbul etmir, tutulanların konkret cinayətlərə görə həbs olunduğunu bildirir. Eləcə də ölkədə məhkəmə sisteminin tam müstəqil fəaliyyət göstərdiyi, məhkəmələrin işinə heç bir müdaxilə olunmadığı vurğulanır.​

XS
SM
MD
LG