Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:54

Prezident 90 qəpik gözləntisinə son qoydu


Samir Əliyev
Samir Əliyev

-

Prezident İlham Əliyevin fevralın 24-də Mingəçevirdə şəhər Mərkəzi Xəstəxanasının açılışında manat ətrafında baş verənlərlə bağlı bəyanatı birmənalı qarşılanmayıb.

DEVALVASİYA BİTDİ, YAŞASIN DEVALVASİYA!

İqtisadçı Samir Əliyev bununla bağlı sosial şəbəkədə DEVALVASİYA BİTDİ, YAŞASIN DEVALVASİYA! adlı yazı paylaşıb.

Samir Əliyev yazır ki, «ölkə prezidenti Mingəçevir səfərində çıxışı zamanı son 2-3 gündə dolların məzənnəsinin aşağı salınması (təxminən 90 qəpiyə) ilə bağlı əhalidə yaranmış gözləntilərə birdəfəlik son qoydu. Bununla da Mərkəzi Bankın razılığı əsasında bu addımı atması öz təsdiqini bir daha tapdı. Neftin ucuzlaşması və Rusiyada baş verən böhranın Azərbaycana mənfi təsiri ilə bağlı ekspertlərin aylarla səsləndirdiyi fikirləri ən yüksək səviyyədə bir daha etirafı oldu».

«Manat bir daha dollardan baha olmayacaq» yazan iqtisadçı bildirir ki, indi yeni situasiya başlanıb:

«Devalvasiya məsələsi bununla gündəmdən düşmədi, yenidən gündəmə mindi. Biz həmişə devalvasiyanın ya kəskin, ya da yumşaq olacağını söyləsək də, hökumət hər ikisini həyata keçirdi. Əvvəl yumşaq, sonra kəskin».

NEFT 40 DOLLAR HƏDDİNƏ YAXINLAŞSA...

Bundan sonra manatın taleyi necə olacaq? Samir Əliyev bildirir ki, son sözü neftin qiyməti deyəcək:

«Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. İlin sonuna kimi manat ən azı 10 faiz ucuzlaşacaq. Böyük ehtimalla dollar 1.2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa, manatı ikinci devalvasiya təhlükəsi gözləyir».

İqtisadçı yazır ki, fevralın 25-dən başlayaraq dollar satışı azalacaq və bir müddətdən sonra dollara tələbat yenidən artacaq:

Natiq Cəfərli
Natiq Cəfərli

«Əmanətlərdə dolların payı artacaq, manatın payı azalacaq. Ən əsası manata olan etibar əvvəlki səviyyədə olmayacaq. Manat illərlə qazandığı etibarı bir gündəcə itirdi. Ən pisi odur ki, hökumət bundan sonra əhalini heç zaman iqtisadi sabitliyə inandıra bilməyəcək».

2006-CI İLDƏ VƏ İNDİ

İqtisadçı Natiq Cəfərli prezidentin «2006-cı ilə qayıtdıq» deməsi ilə bağlı yazır ki, «2006-cı ildə dövlət büdcəmizin gəlir hissəsi cəmi 3.8 mlrd. manat idi. Yasamalda 2-otaqlı ev 10-15 min idi, 5-6 ilin «Mercedes»i 6-7 min dollar idi, Bakıda, yaxşı yerdə 2-otaqlı mənzilin kirayə haqqı 50-60 dollar idi, restoranda 4 nəfər yeyib-içib 20 dollar hesab verirdi. Naxçıvana uçaq bileti 15 manat idi, bunlar da dönəcək? Yoxsa elə tək qazanclar o zamana dönəcək?

Natiq Cəfərli sual edir: «Bəs, ölkəyə gələn 150 mlrd. dollar nə oldu? 105 mlrd. investisiya nəyə dərman oldu? Bu 9 ildə hansı fundamental problemimiz həll olundu? Təhsilmi? Səhiyyəmi? Neftdən asılılıqmı? Tıxaclarmı? Kommunal xidmətlərmi? Mən hələ ən böyük dərdimiz - Qarabağı demirəm».

Əli Əhmədov
Əli Əhmədov

CİDDİ DƏYİŞİKLİK GÖZLƏNİLMİR

İqtisadçı Əli Əhmədov yazır ki, prezident İlham Əliyevin manatın ucuzlaşması ilə bağlı verdiyi açıqlamadan sonra məlum olub ki, Azərbaycanda dolların məzənnəsi ilə bağlı bundan sonra ciddi dəyişiklik gözlənilmir.

«Dövlət başçısının açıqlamasındakı bəzi məqamlar dolların məzənnəsinin bundan sonra aşağı düşməyəcəyini göstərir. Belə ki, əvvəla, prezident manatın «əslində əvvəlki səviyyəyə endiyini» bildirib: «İslahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat 1 dollara bərabərdir» deyə, İlham Əliyev bildirib.

İkincisi, prezident bildirib ki, manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki, daha çox vəsait sosial məsələlərə xərclənsin, büdcədə problem olmasın, ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtlı-vaxtında icra olunsun. Başqa sözlə, manat-dollar məzənnəsinin hazırkı vəziyyətinin dövlət üçün məqbul olduğu aydınlaşıb.

İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub - 24 fevral 2015
İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub - 24 fevral 2015

Nəhayət, prezident bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı «bütün qurumlara süni qiymət artımına yol verilməməsi barədə göstəriş verilib». Bu isə hökumətin artıq yaranmış vəziyyətdən çıxış etdiyini, tədbirlərin hazırkı məzənnəyə uyğunlaşdırıldığını göstərir». ​

«QƏRAR QƏBUL EDİLDİ Kİ, MANAT UCUZLAŞSIN»

Prezident İlham Əliyevin dediyinə görə, «əsas məsələ ondan ibarət idi ki, Azərbaycan xalqını mümkün olan risklərdən qoruyaq, Azərbaycanda sabitliyi möhkəmləndirək və xalqımızın seçimini müdafiə edək».

«Bir neçə gün əvvəl manatın məzənnəsində dəyişiklik edilmişdir. Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatları həyata keçirdik. 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatımız başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır. O vaxta qədər 1 dollar 5000 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 manat 1 dollar oldu. Və 10 il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq eyni zamanda qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl dünyada neftin qiymətinin kəskin aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdi ki, manat bir az ucuzlaşsın».

XS
SM
MD
LG