Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:23

Natiq Cəfərli: «Onsuz da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işini ASAN görürdü»


Natiq Cəfərli
Natiq Cəfərli

-

«Görünən odur ki, hökumət, gec də olsa, idarəetmənin optimallaşdırması üçün bəzi addımları atmaq istəyir, əsasən də, bir-birlərinin işini təkrarlayan strukturlar ləğv olunur».

Prezident sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsini AzadlıqRadiosuna şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli belə deyir. Onun fikrincə, bu komitənin işinin böyük bir hissəsini ASAN Xidməti görürdü.

Bir müddətdir ki, dövlət strukturlarında islahatlar aparılmasının vacibliyi vurğulanır. Demək olarmı ki, artıq hökumət bu islahatlara başlayıb? Natiq Cəfərli hesab edir ki, hələlik bu barədə konkret söz demək çətindir:

«İslahat tək bağlamaq deyil, həm də yeni fürsətlərin açılmasıdır. Yəni, islahat anlayışı kompleks yanaşma tələb edir. Gələcəkdə atılacaq addımları gözləmək lazımdır ki, bu haqda daha dolğun təsəvvür yaransın».

«PARALEL STRUKTURLARIN QALMASI EFFEKTİV DEYİL»

Natiq Cəfərlinin fikrincə, bəzi dövlət strukturlarının yenidən qurulmasına və ya ləğvinə ehtiyac var:

«Məncə, ilk olaraq ASAN xidmətinin işini təkrarlayan qurumlarda ixtisarlar və ləğvetmələr olacaq. Bu, doğru addımdır. Paralel strukturların qalması effektiv deyil».

İqtisadçı-ekspert bildirir ki, köklü islahatlar üçün üç vacib şərt yerinə yetirilməlidir:

«Azad və ədalətli məhkəmə sistemi – bunsuz heç bir islahat effekt verməz. Rəqabətli mühit, inhisarçılığın və korrupsiyanın ləğvi və ya, heç olmasa, ciddi azaldılması lazımdır. Azad fikir ortamına, diskussiyaya şərait yaradılmalıdır. Səhvləri tənqid edib düzəltmək mümkün olsun, dialoq ortamı yaransın».

Vahid Əhmədov
Vahid Əhmədov

«STRUKTUR DƏYİŞİKLİYİNƏ EHTİYACI OLAN QURUMLAR KİFAYƏT QƏDƏRDİR»

«Dövlət strukturlarının təkmilləşdirilməsinə ehtiyac var». Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvini müsbət addım sayıb:

«Çünki hazırda özəlləşdirilməyən torpaqlar qalmayıb. Torpağın üzərindəki müəyyən problemlə Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məşğul olur. Belə addımları davam etdirmək lazımdır».

O, bəzi dövlət qurumlarının ləğvinə və ya birləşdirilməsinə ciddi ehtiyac görür:

«Məsələn, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, demək olar, eyni funksiyaları yerinə yetirir. Bu, təbii ki, dövlət başçısının səlahiyyətində olan məsələdir. Vergilər Nazirliyi faktiki olaraq vergiyə cavabdeh olan bir təşkilatdır. O cümlədən, dövlət büdcəsinə nəzarət mexanizmini həyata keçirən qurum Maliyyə Nazirliyidir. Eyni zamanda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi. Düşünürəm ki, bu sistemə də baxmaq olar. Ümumiyyətlə, struktur dəyişikliyinə ehtiyacı olan qurumlar kifayət qədərdir. Bu məsələlərin həyata keçirilməsi isə ölkənin iqtisadi vəziyyətindən asılıdır».

Prezidenti İlham Əliyev fevralın 6-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Komitənin funksiyaları isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

XS
SM
MD
LG