Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:45

Prezidentə açıq məktub yazmış şair qınaqlara cavab verdi- [Müsahibə]


Elçin Aslangil
Elçin Aslangil

-

"Əmin oldum ki, bizim cəmiyyət açıq sözə hələ hazır deyil.

Düşünənlər oldu, danışanlar oldu, yazanlar oldu – Bu görəsən niyə ağlaşma qurur? Prezidentdən nə istəyir? Ev istəyir? Maşın istəyir? İş istəyir?"

Prezident İlham Əliyevə açıq məktubu sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olmuş gənc şair Elçin Aslangillə müsahibə

- Elçin, bu müraciətdən sonra həyatında nəsə dəyişdimi?

- Doğrusu, mən hansısa dəyişiklik üçün yazmamışam bu məktubu. Yəni şəxsi umacağım yoxdur.

Məktubun mətni ilə tanışsınız. Bir ədəbiyyat adamı kimi, öz dilimdən, hamının problemlərini çatdırmağı düşündüm. Bu cür əks-səda doğuracağını gözləyirdim. Dərdləşdim prezidentlə, öz adımdan hamını düşünərək.

140 manat maaş alasan 145 manata kostyum satılan ölkədə, bu nə qədər ədalətlidir?

Məhz elə bu səbəbdən 140 manatlıq əməkhaqqı ilə, 145 manatlıq kostyum təzadına toxunmuşam məktubda. 140 manat maaş alasan 145 manata kostyum satılan ölkədə, bu nə qədər ədalətlidir? Buna diqqət çəkmək istədim.

Bir də, əmin oldum ki, bizim cəmiyyət açıq sözə hələ hazır deyil. Düşünənlər oldu, danışanlar oldu, yazanlar oldu – Bu görəsən niyə ağlaşma qurur? Prezidentdən nə istəyir? Ev istəyir? Maşın istəyir? İş istəyir? Heç nə istəmirəm, cənablar.

İstəyirəm ki, qaşı düyünlü məmurların qaşının düyünü açılsın. İstəyirəm ki, ölkə təhsili inkişaf etsin, gənc alimlər yetişsin. Elmi laboratoriyalar, məktəblərdə texnoloji yeniliklər olsun. İnsanlarımız boş, xəyalpərəst, baş qatan şoubiznes tirayakisi olmasınlar.

Elçin Aslangil
Elçin Aslangil

Tibb sahəsində ən son yeniliklərin şahidi olmaq istəyirəm. Lap elə Elmlər Akademiyasından hansısa fizik, ədəbiyyatşünas, tarixçi və ya digər alimlərin məktəblərdə telekörpü ilə yayınlanan muhazirələri baş tutsun.

İstəyirəm milli kimliyimizi dərk edək. Təbrizi, Borçalını, Dərbəndi, İrəvanı unutmayaq.

Bir də istəyirəm ki, siqareti tərgidim. Ümumiyətlə, çox şey istəyirəm. – Şəhid anaları üçün, kimsəsizlər üçün, qocalar üçün, müəllimlər üçün, həkimlər üçün, evsiz gənclər üçün, Qarabağlılar üçün, qızımın gələcəyi üçün.

- Prezident çıxışları zamanı dəfələrlə ölkədə hər şeydən xəbəri olduğunu deyib. Düşünürsən ki, onun ədəbiyyat və mədəniyyət adamlarının məhrumiyyətli həyatından xəbəri olmaya bilər?

- Məsələyə yenə sosial rifahın çətinliyindən baxmaq lazımdır. Yaxşı olacaq. O zaman ki, insanlar yüksək məvaciblər, gəlirlər əldə edəcək, bax onda mədəniyyət də, ədəbiyyat da, öz yerini tapacaq. Mədəniyyət də, ədəbiyyat da, mənəvi qidadır. İlk öncə maddi çətinlikləri aşmaq lazımdır ki, ruhla, vücudla mənəvi qidaları mənimsəyə bilək.

- Əyalətdə yaşayan ədəbiyyatçı dövlətdən özünə nə kimi dəstək gözləyir?

- Rayonumuzda çox gözəl Gənclər Mərkəzi tikilir, sağ olsunlar. Məsələn o mərkəzdə, rayon gəncləri üçün yaxşı mühazirələr səsləndirə bilərəm, məvacib versələr. Gəncləri, arındıracaq, aydınlandıracaq mühazirələr. Dostoyevskidən, Kafkadan, Daodan, Freyddən, Karl Yunqdan, bir sözlə ədəbi və fəlsəfi biliklərimdən. Bunun nəyi pisdir?

Elçin Aslangil
Elçin Aslangil

​Mən dövlətdən bir ədəbiyyatçı kimi bizlərdən mədəniyyət və mənəviyyat maşını olaraq istifadə etməsini gözləyirəm. Elə bir mərkəz yaradılmalıdır ki, istedadlı, yaradıcı əyalət və şəhər gəncləri o mərkəzdə toplana bilsinlər.

Elçin Aslangil
Elçin Aslangil

Və bu mərkəz sözdə mərkəz olmasın. Birlikdə düşünək, ölkəmizi dünyaya necə tanıda bilərik? Hansı yenilikləri edə bilərik? Elmə marağı necə artıraq? Gələcək dövlətçiliyimiz yenilənən dünyada, bir az da azğınlaşan dünyada necə olmalı, hansı mövqeni sərgiləməlidir?

- Səncə, hökumətin şairlər və yazarlara ehtiyacı nə qədərdir? Onların dəstəklənməsi nə dərəcədə lazımlı bir işdir?

- Hökumətin şairlərə və yazarlara daim ehtiyacı olacaq və olmalıdır da. Sənin, mənim yazdıqlarımı bir neçə nəfər oxuyur. Biz o bir neçə nəfərdə müəyyən mənada aşkar da, olmasa bizə lazım olan fikri formalaşdıra bilirik. Sən, mən, biz çoxuq. Onlarla yazar və şair var. Və bizim hər birimizin öz oxucusu var. Onlar yüzlərlədi. Bir bu qədər kütlədə fikir formalaşdıra biliriksə, deməli hökumətin bizə ehtiyacı olmalıdır.

Sən elə bir misra yaza bilərsən ki, o misra oxucunu gecə vaxtı yuxudan oyada bilər. Və o oxucu, sənin misran vasitəsi ilə, əmrinə müntəzir əsgər olar.

- Müraciətini birbaşa Azərbaycan Yazıçılar Birliyinə ünvanlamağın daha doğru olmazdımı, axı ölkədə bu sahəylə AYB məşğul olur. AYB-nin rayon şöbələri ilə əlaqə saxlamısanmı? Tez-tez AYB-nin yazarlara dəstək verməsinin şahidi oluruq. Məsəlçün, bu yaxınlarda kommunal vəziyyəti yaxşı olmayan yazar Ayxan Ayvaza AYB tərəfindən 25 min manat verildi.

- AYB 140 manatlıq məvacib məsələsini həll edə bilər? Və digər problemlərə çarə tapa bilərmi? Düşünmürəm. Yazdığım mətnə mətinaltı yanaşmaq lazımdır. Doğrudur, mənim sosial problemlərim var və bu təkcə məndə belə deyil axı.

- Bilirik ki, sən həm də, “Gənc yazarlar ədəbiyyatı” adlı elektron dərgi yaradıbsan və ədəbiyyatın inkişafı üçün çalışırsan. Sən hansı köklü dəyişikliklərin ədəbi mühitin inkişafına təkan verəcəyini düşünürsən?

- “Gənc yazarlar ədəbiyyatı” səhifəsini yaratdım. Səbəbi isə, bir çox gənclərin yazılarını yayınlamaq və yeni istedadlı gəncləri üzə çıxartmaq istəyi oldu. Bəli, çalışıram. Əlimə keçən mətnləri, həmin səhifədə paylaşıram. Bu işdə mənə canla-başla kömək olan, Tural Adışirinə və Aqşin Evrənə də öz minnətdarlığımı bildirirəm. Ədəbiyyat özü ümid verəndir. Ədəbiyyatın gələcəyi insanların mənəviyyatının gələcək zənginliyidir.

XS
SM
MD
LG