Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

Seymur Həzinin atası: «Heç vaxt düzgün mövqeyinə qarşı olmamışam»


Seymur Həzi
Seymur Həzi

-

Jurnalist Seymur Həzinin həbsxanadan həmkarlarına salamı var. Fevralın 4-də oğlu ilə Kürdəxanı həbsxanasında görüşən Məşgül Həziyev AzadlıqRadiosuna müsahibəsində belə deyib.

- Məşgül müəllim, Seymurun həbsi sizin üçün gözlənilən idi?

- Mən həbs olunacağını gözləyirdim. Özü də xəbərdarlıq etmişdi ki, məni izləyirlər, tutmaq istəyirlər. Biz bilirdik. Yazılarına, gördüyü işə görə, məlum idi ki, onu tutmaq istəyirlər və tutdular da.

- Məhkəmənin qərarını necə qarşıladınız?

Kimdir Seymur Həzi

KİMDİR SEYMUR HƏZİ

1982-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 1999-cu ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi alıb. AMEA-nın Fəlsəfə İnstitutunun aspirantıdır. 2000-ci ildən AXCP-nin üzvü, 2005-ci ildən partiyanın Gənclər Təşkilatının sədridir. «Azadlıq» qəzeti və Türkiyədən yayımlanan «Azərbaycan saatı» televiziya proqramının əməkdaşıdır.

Bundan öncə də haqqında məhkəmə qərarları olub, etiraz aksiyalarında iştirakına görə 10 sutkadan artıq həbs olunub.

2014-cü il avqustun 29-da yenidən saxlanıb, xuliqanlıqda ittiham olunub, məhkəmə haqqında 5 il həbs qərarı verib.

- Mən «məhkəmə» deməzdim. Hakimin özü ittihamçı kimi oturmuşdu orda. Vəkillərin verdiyi heç bir vəsatəti təmin etmədi. Hər dəfə fasiləyə gedib nə tapşırıq aldısa, gəlib onu icra etdi. Mənim gördüyüm məhkəmə sistemi ancaq bu oldu, başqa heç nə. Bizim üçün hər şey onsuz da aydın idi. Bu, bir siyasi sifariş idi və siyasi sifarişin də məhkəməsi elə belə olmalı idi.

- Qayıdaq bir qədər əvvələ. Seymur illər öncə ilk dəfə siyasi baxışını ortaya qoyanda, ailədə təpki ilə qarşılandımı?

- Siyasi deyəndə ki, Seymurun düz danışmasına ailəsi necə sərt təpki verə bilərdi ki?! Biz onu düz danışmaqdan yayındıra bilməzdik. Bu, onun iradəsidir və ailədə ona qarşı heç bir təbliğat getməyib. Heç vaxt onun düzgün mövqeyinə qarşı olmamışam, heç olmaram da.

- Hazırda ölkədə baş verən həbslərə, – söhbət təbii ki, fəalların, siyasi mövqeyi olanların həbsindən gedir, – bəzi təşkilatların möhürlənməsinə münasibətiniz necədir?

- Bunlar hamısı gözlənilən hallardır. Məqsəd də birdir – düz danışanı susdurmaq. Bütün bunlara münasibətim təbii ki, pisdir.

- Seymurla bağlı ən çox nəyin xiffətini çəkirsiniz?

- Seymurun gözəl xüsusiyyətləri çoxdur. Amma, düzü, hələ ki, bütün bunlar məni o qədər də darıxdırmır, çünki bunlar həyatda olan şeylərdir. Düzdür, çətinlik çəkirik, amma o dərəcədə də sıxılmıram, çünki gözlədiyim hal idi.

- Seymurla görüşdən çıxmısınız. Bir mesajı, şikayəti oldumu?

- Yox xüsusi mesajı yoxdur, hamıya salam deyir. Saxlanma şəraitindən razıdır. Əhval-ruhiyyəsi də çox yaxşıdır.

Seymur Həzi ilə yanaşı, hazırda həbsdə 12 jurnalist və bloqqer var. Müdafiə tərəfi bu həbslərin siyasi sifariş olduğunu desə də, hakimiyyət nümayəndələri bu iddianı rədd edir, həbslərin şəxslərin peşə fəaliyyəti ilə bağlı olmadığını deyirlər.

XS
SM
MD
LG