Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Bolşeviklər İranda (Azərbaycan dilində ilk dəfə)


Miryaqub Mirmehdiyev
Miryaqub Mirmehdiyev

-

“Təbriz Tehrandan çox Tiflisə bağlı, Ənzəli və Rəşt tam Bakının təsirində idi”

"Çar hökumətinin imperialist siyasətini vaxtilə sözdə kəskin tənqidə tutmuş bolşeviklər əməldə qat-qat pis davranır və imperializmin ən pis növünə əl ataraq, iqtisadi imperializm siyasəti yeridirlər..."

Doktor Mir Yaqub​

BOLŞEVİKLƏR İRANDA

1887-ci ildə doğulan Miryaqub Mirmehdiyevin ölüm tarixi dəqiq bəlli deyil.

O, Azərbaycan Cümhuriyyətinin Versal Sülh Konfransına qatılan nümayəndə heyəti üzvlərindən biri olub. Cümhuriyyət parlamentində təmsil edilib, eyni zamanda Müsavat Partiyası publisistlərindən biri kimi tanınıb.

1920-1935-ci illərdə mühacirətdə rus və fransızdilli mətbuatda ardıcıl çıxış edib. “Qafqazın problemləri” kitabının, “ABŞ xarici siyasətinin təkamülü”, “Beynəlxalq vəziyyət və Sovet İttifaqında milli problem”, “Qafqaz Konfederasiyası ideyasının tarixinə dair”, “Sovet İttifaqı və Millətlər Liqası” və bir çox başqa məqalənin müəllifidir.

Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev və Əlimərdan bəy Topçubaşov
Məhəmməd Məhərrəmov, Miryaqub Mehdiyev və Əlimərdan bəy Topçubaşov

“Bolşeviklər İranda” məqaləsi Vilayət Quliyevin elmi redaktorluğuyla Polşada rus dilində nəşr olunmuş “Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən (XX əsrin 30-cu illəri)” adlı kitabdan götürülüb. Azərbaycan dilində ilk dəfə diqqətə yetirilir.

“TƏBRİZ TEHRANDAN ÇOX...”

Hələ Böyük Müharibəyədək (Birinci Dünya Savaşı nəzərdə tutulur – tərc.) İranın Rusiya ilə iqtisadi əlaqələri danılmaz fakt olub və beynəlxalq xarakterli bir sıra müqavilədə təsdiqlənib.

İranın bütün məhsulları – Bakı və Tiflis vasitəsilə daşınan pambıq, yun, düyü və meyvə qurusunun bir hissəsi Rusiyada satılır, qalanı Avropa bazarına çıxarılırdı. Təbii ki, bu iqtisadi əlaqədə ilk rolları Zaqafqaziya və Zakaspi diyarı oynayırdı.

Təbriz Tehrandan çox Tiflisə bağlı, Ənzəli və Rəşt tamamilə Bakının təsirində idi və bütün Gilan vilayəti öz məhsulunu Bakıya daşıyırdı. Xorasan vilayəti Aşqabatla daimi əlaqədə idi və daha sonra Əfqanıstan və Hindistandan gətirilən mallar Xorasan vasitəsilə Zakaspi diyarına aparılırdı.

Gilanda Azərbaycan tacirlərinin alış-veriş məntəqələri, Tiflis və Bakıda İran tacirlərinin iri dövriyyəsi olan ticarət evləri vardı. Başlanğıc nöqtəsi Xəzər dənizi və təbii ki, Bakı limanı olduğundan, Bakıda İran tacirlərinin sayı bir neçə minə çatırdı.

İranın əsas məhsulları – pambıq və düyü Xəzər dəniziylə daşınırdı. Pambıq rus toxuculuq fabriklərinin ehtiyacını ödəyir, düyü isə təmizlənmədən gətirildiyi üçün Bakıda düyüarıtlama müəssisələrində emal edilib, daha sonra Mərkəzi Rusiyaya və ya xaricə göndərilirdi.

“BOLŞEVİKLƏR BAXIŞLARINI İRANA YÖNƏLTDİLƏR...”

Tehran bazarı
Tehran bazarı

Bir sözlə, Şimali İranın Rusiya ilə ticarət əlaqələri çiçəklənir və İranın bir çox taciri bu əlaqələrdən böyük sərvət toplayırdı. Böyük Müharibə dövründə (Birinci Dünya Savaşı gedərkən – tərc.) həmin əlaqələr xüsusən sıxlaşmışdı.

Bolşeviklərin hakimiyyətə gəlişi bu mənzərəni tamamilə dəyişdirdi. Onlar təkcə bütün rus iqtisadiyyatını çökdürüb məhv etmədilər, İran tacirlərinə də hissedilən zərbə vurdular.

Amma indi – bolşeviklər möhkəmlənib Rusiyadan kənarda da fəaliyyət imkanını görüb-duyandan sonra, - onlar baxışlarını ilk növbədə İrana yönəltdilər və burada öz siyasi təsirlərini yaymaqla bərabər, həm də iqtisadi güc toplamağa can atdılar.

Bir marksist kimi, bolşeviklər iqtisadi başlanğıca ilkin önəm verdilər, axı müasir mədəni dövlətlərin siyasi qüdrəti məhz iqtisadi təmələ söykənir. Onlar bu məqsədlə İranın bütün iri mərkəzlərində banklar açdılar.

Məqsəd - İranın təkcə Rusiya ilə deyil, Avropayla da bütün ticarətini tək əldə cəmləşdirmək idi.

“RUSİYAYA GETMƏK İSTƏYƏN İRAN TACİRLƏRİ...”

Bu banklar İrana yalnız xarici valyutaya satılan malları daşıyır. Mal almaqdan ötrü Rusiyaya getmək istəyən İran tacirləri isə həmin banklardan rəsmi məzənnəylə - təxminən 125 franka rus çervonu almağa məhkum və məcburdurlar.

Halbuki sərbəst bazarda bu çervon 40-45 frank dəyərindədir. Bu banklardan başqa bolşeviklər bir sıra Sovet-İran müəssisəsi qurublar. Həmin müəssisələr yalnız sözdə “Sovet-İran” qurumlarıdır; əslində, İran vətəndaşları oraya görüntü xatirinə götürülüb və onların gerçək sahibləri bolşeviklərdir.

Iranda xalça sexi
Iranda xalça sexi

Bu müəssisələr bütün Şimali İranı əlinə keçirib və mallar hamıdan və çox vaxt hətta maya dəyərindən də ucuz satılır. Bu zaman bir tərəfdən Avropa və İran tacirlərinin rəqabətini tam heçə endirmək, o biri tərəfdən də Moskvaya çox gərəkli valyuta əldə etmək məqsədləri güdülür.

Beləliklə, bolşeviklər vəziyyətin ağasına çevrilərək, Şimali İranın bütün iri mərkəzlərində bazar qiymətlərini müəyyənləşdirirlər.

İRAN TACİRİNİN İKİ SEÇİMİ

Bunu da gözdən qaçırmaq olmaz ki, Rusiyada özəl ticarət mövcud deyil.

Xarici ticarət dövlətin tam inhisarında olduğundan bolşeviklər İrana apardıqları və oradan daşıdıqları mallara kefləri istəyən qiyməti qoyurlar.

İrana ən qısa və ən əlverişli yolun Rusiyadan keçdiyini diqqətə alsaq, durum lap durular. Bu üzdən müstəqil alış-veriş aparmaq istəyən İran taciri ya malını şəxsən Rusiyaya aparmalı, ya da Rusiyadan vaz keçərək Avropaya çıxarmalıdır. Birinci halda o, tam aciz duruma düşəcək, axı Rusiyada ticarət inhisara alındığından, yeganə alıcısı var – ticarət komissarlığı.

Qiyməti bu komissarlıq diqtə edəcək. Bu, hələ hamısı deyil. İran taciri mala sata bilsə, alqı-satqı çervonla aparılacaq, yəni rəsmi məzənnəylə - əsl dəyərindən 70 dollar aşağı.

İşdir, Avropayla bağlantı qurmaq istəsə, o halda ya Rusiyadan yan ötərək və yer kürəsinin az qala yarısını dolaşaraq malını daşımalı, ya da Rusiya ərazisindən tranzit kimi faydalanmalıdır.

İran və bir sıra Avropa ölkəsinin SSRİ ilə ticarət müqavilələri olsa da, bu halda da ya mallar it-bata düşür, ya da bolşeviklərin süründürməçiliyindən iş o qədər uzanır ki, mallar xarab olur. Beləcə, duruma bolşeviklər hakim olduqlarından, Şimali İran, əslində, Sovet Rusiyasının “hinterland”ına – xidməti əlavəsinəçevrilməklə qalmayıb, demək olar, onun şıltaqlarından asılıdır. İran hökumətinin gücü yoxdur ki, duruma əl gəzdirsin.

Ölkə ictimai rəyi bundan rahatsızdır və sovetləri sevmir. Bolşevik təsirində olmayan İran qəzetlərində Moskva əleyhinə kəskin məqalələr çıxır.

BOLŞEVİKLƏR İQTİSADİ İMPERİALİZMƏ ƏL ATDILAR...

Müharibəyədək Çar Rusiyasının Şimali İranda öz təsirini yaymaq istəyi sırf siyasi xarakter daşıyırdı. Bu zaman Rusiya ilə İran arasında malmübadiləsi məsələlərinə qarışılmırdı və sərbəst alış-veriş vardı.

Çar hökumətinin imperialist siyasətini vaxtilə sözdə kəskin tənqidə tutmuş bolşeviklər əməldə qat-qat pis davranır və imperializmin ən pis növünə əl ataraq, iqtisadi imperializm siyasəti yeridirlər.

Bunun nəticəsində Şimali İran olan-qalan gücünü də itirir və iqtisadi baxımdan çökür. Bolşeviklərin siyasi fəaliyyətinə gəlincə, sabiq çekist Ağabəyovun son vaxtlar “Последние новости”də çıxan ifşaedici açıqlamalarına üz tutmaq yetərlidir.

(Ağabəyov Q. (və ya H.) – Vilayət Quliyevin məlumatına görə, 1896-cı-1937-ci illər arasında yaşayıb. “OQPU”-nun – Baş Siyasi İdarə Təşkilatının agenti, həmin təşkilatın Yaxın Şərq Bürosunun başçısı olub. 1930-cu ildə “OQPU” ilə əlaqələrini kəsərək, sovet təhlükəsizlik orqanlarına qarşı “ifşaedici bəyanatlar”la çıxış edib. Sovet xüsusi xidmət qurumlarının agentləri onu İspaniyada öldürüblər.

“Последние новости” (“Posledniye novosti”/ “Son xəbərlər”) – rus mühacirlərinin qəzeti olub və P.N. Milyukovun redaktorluğuyla 1921-1940-cı illərdə Parisdə nəşr edilib.- Tərc).

Onun bəyanatlarından İrandakı iri məmurların utanıb-qızarmadan necə ələ alınmaları və pozulmaları açıq-aydın görünür. Həmin bəyanatlarda xarici dövlətlərin diplomatik poçtunun necə açılmasından, İranın dövlət sirlərinin necə öyrənilməsindən, “QPU” agentləri və araqarışdıranların bütün İranı necə tora salmasından söhbət gedir.

İran xalqı öz minillik mədəniyyətini, ənənə və dövlətçilik dayaqlarını qorumaq istəyirsə, onu tutub boğmaq üçün şimaldan caynaqlarını uzadan bu dağıdıcı qüvvəylə çarpışmalıdır.

“Горцы Кавказа” («Qafqaz dağlıları»), 1930, nömrə 21-23, s.19-22.

XS
SM
MD
LG