Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:24

Qiyamətə 3 dəqiqə qalır


NASA-nın yaydığı günəş fırtınası görüntüləri
NASA-nın yaydığı günəş fırtınası görüntüləri

-

Narahat olmayın, bu düşündüyünüz qədər də real deyil. Amma o qədər utopik də deyil. İnsan əməli səbəbindən dünyanın dağılması riskini ölçən «Məhşər Saatı»nda əqrəblər 11.57-ni göstərir. Bu isə qiyamətə cəmi 3 dəqiqənin qaldığı deməkdir. 1984-cü ildən bu yana Məhşər Saatında əqrəblər saat 12-yə bu qədər yaxın olmamışdı.

ƏQRƏB 2 DƏQİQƏ İRƏLİ ÇƏKİLİB

Bu saat rəmzi xarakter daşıyır. Alimlərdən və nüvə ekspertlərindən ibarət heyət tərəfindən, nüvə müharibəsi riski nəzərə alınmaqla, müəyyən olunub. Atom Alimləri Bülletenində dərc edilir. İlk dəfə 1947-ci ildə tətbiq ediləndən indiyə qədər ayrı-ayrı vaxtlarda dəqiqə əqrəbi qiyamət vaxtı sayılan saat 12-yə 17 dəqiqə qalmışdan 3 dəqiqə qalmışadək o tərəf-bu tərəfə çəkilib.

Bu dəfə mütəxəssislər iqlim dəyişikliyinin nəzarətdən çıxmasını, nüvə silahlarının modernləşdirilməsini və dünya üzrə nüvə arsenalının artmasını bəşəriyyətin mövcudluğuna fövqəltəhlükə sayıblar. Beləliklə də, əqrəbi qiyamət vaxtına daha 2 dəqiqə yaxınlaşdırdıqlarını elan ediblər.

NÜVƏ SİLAHI FAKTORU

Məhşər Saatını ilk dəfə nüvə fiziki Alexander Langsdorfun rəssam həyat yoldaşı Martyl Langsdorf 1947-ci ildə ərinin də daxil olduğu alimlər qrupunun dərgisinin üz qabığı üçün çəkib. Həmin rəsmdə saat 11.53-ü göstərirdi. Bundan iki il sonra əri SSRİ-nin nüvə sınağı ilə əlaqədar saatın əqrəbini 4 dəqiqə irəli çəkərək, onun 11.57-ni göstərən rəsmini dərc etdirib. O vaxtdan bülletenin alimlərdən ibarət redaksiya heyəti dünyanın varlığına təhlükə törədən problemlərə diqqət çəkmək üçün saatın əqrəbini irəli-geri dəyişirlər. Bu zaman onlar müstəsna olaraq, nüvə silahının əlçatanlığı və dövlətlərin ondan istifadə ehtimalı kimi faktorları nəzərə alırlar.

Məhşər Saatının göstəricisinin dəyişdirildiyi illər və başlıca səbəbləri bunlardır:

1947. Saat 11:53 – Jurnalın təsisçilərinin dünya ictimaiyyətinə və siyasi liderlərə nüvə təhlükəsinin ciddiliyini çatdırmaq istəyi.

1949. Saat 11:57 – SSRİ-nin nüvə sınağı.

1953. Saat 11:58 – ABŞ-ın ilk termonüvə qurğusunu sınaqdan keçirməsi. Bu, o vaxtdan indiyədək saatın qiyamət anına ən çox yaxınlaşdığı tarixdir.

1960. Saat 11:53 – ABŞ və SSRİ-nin ilk dəfə olaraq, regional münaqişələrdə birbaşa qarşıdurmadan çəkinməyə meyl göstərməsi.

1963. Saat 11:48 – ABŞ və SSRİ-nin atmosferdə nüvə sınağını qadağan edən müqavilə imzalaması.

1968: Saat 11:53 – Vyetnam müharibəsi. Fransa və Çinin nüvə silahına yiyələnməsi.

1969. Saat 11:50 – İsrail, Hindistan və Pakistan istisna olmaqla, böyük dövlətlərin Nüvə silahının yayılmamasına dair Müqavilə imzalaması.

1972. Saat 11:48 – ABŞ və SSRİ-nin Strateji silahların ixtisarı və Anti-ballistik raketlər haqqında müqavilələr imzalaması.

1974. Saat 11:51 – Hindistanın ilk nüvə sınağı.

1980. Saat 11:53 – Nüvə tərksilahı istiqamətində iki superdövlətin irəliyə doğru heç bir addım atmaması.

1981. Saat 11:56 – Rusiyanın Əfqanıstana hərbi müdaxiləsi. ABŞ-ın Moskvadakı Olimpiya oyunlarını boykot etməsi. Ronald Reyganın prezident seçilməsi.

1984. Saat 11:57 – ABŞ və SSRİ arasında diplomatik münasibətlərin olduqca soyuması.

1988. Saat 11:54 – Reyganla Qorbaçovun nüvə silahının xüsusi növünü qadağan edən müqavilə imzalaması.

1990. Saat 11:50 – Berlin divarının çökməsi. Polşa, Çexoslavakiya, Macarıstan və Rumıniyanın sovet nəzarətindən çıxması.

1991. Saat 11:43 – Soyuq Müharibənin sona çatması. Dünyanın qiyamətdən ən uzaq olduğu tarix.

1995. Saat 11:46 – Dünyada hələ də 40 mindən artıq nüvə silahının qalması.

1998. Saat 11:51 – Hindistan və Pakistanın nüvə sınağı keçirmələri.

2002. Saat 11:53 – ABŞ-ın Anti-ballastik raket Müqaviləsindən birtətəfli qaydada çıxması.

2007. Saat 11:55 – Şimali Koreyanın nüvə sınağı.

2010. Saat 11:54 – ABŞ və Rusiyanın Strateji silahların ixtisarı Müqaviləsini yeniləmək üzrə danışıqlar aparması.

2012. Saat 11:55 – Dünyanın nüvə silahları, nüvə enerjisi və qlobal istiləşmə kimi bir-birlə əlaqəli mürəkkəb problemin qarşısında aciz qalması.

2015. Saat 11:57 – Nüvə silahlarının modernləşdirilməsi, iqlim dəyişikliyi və nüvə arsenalının böyüklüyü

XS
SM
MD
LG