Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Kramer Obamanı Bakıya qarşı sanksiyalara çağırır


D.Kramer
D.Kramer

.

"Dekabrın 18-də Dövlət katibinin yardımçısı Tom Malinowski AzadliqRadiosuna müsahibəsində Azərbaycan hakimiyyətinə xəbərdarlıq səsləndirdi ki, özünün ictimai sektora hücumları ilə ABŞ-Azərbaycan münasibətlərini təhlükə altına qoyur.

ABŞ-A MEYDAN OXUMAQ

Bundan 8 gün sonra prokurorluq və polis AzadliqRadiosunun Bakı ofisinə basqın edərək avadanlıq və sənədləri müsadirə etdi, ofisi möhürlədi, radio əməkdaşlarını isə həbs və sorğu-suala məruz qoydu.

Bu, ABŞ-a birbaşa meydan oxumaq idi, Obama administrasiyası İlham Əliyev rejiminə belə hərəkətlərin nəticəsiz qalmayacağını nümayiş etdirməlidir".

Bunu, WSJ-da "Quldur rejimi ABŞ-a meydan oxuyur" başlığı ilə dərc olunan şərhində Freedom House-un sabiq prezidenti, hazırda Vaşinqtondakı McCain institutunun baş direktoru David Kramer yazır.

"ÇİRKİN KAMPANİYA"

AzadlıqRadiosunun ABŞ Konqresi tərəfindən maliyyələşdirilən media qurumu olduğunu xatırladan müəllif radionun əməkdaşı Xədicə İsmayıl da daxil olmaqla Azərbaycanda hüquq müdafiəçiləri və ictimai fəalların saxta ittihamlarla həbsindən yazır. Ramiz Mehdiyev başda olmaqla getdikcə güclənən antiamerika ritorikasını qeyd edən müəllif prezident administrasiyanın şöbə müdiri Novruz Məmmədovdan sitat gətirir, onun ABŞ-ın ATƏT səfirinə qəzəbli cavabında ABŞ-ı “Korrupsiya və zorakılığın beşiyi” adlandırdığını yazır.

Kremerin fikrincə, Azərbaycanda baş verənlər ABŞa qarşı “çirkin kampaniyadır”.

Müəllif Leyla Yunusa, İlqar Nəsibova qarşı zorakılıq və insan haqlarının pozulmasında dair bir sıra başqa hallardan da yazaraq xatırladır ki, Azərbaycanda siyasi məhbusların sayı Rusiya və Belarusdakıların birgə sayından çoxdur.

Müxalifət fəllarının, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublunun əsassız ittihamlarla həbs olunmasını bildirən Kramer "bu siyasi məhbuslardan heç biri Prezident Əliyevin ötən il verdiyi illik amnistiyaya düşmədi," deyə əlavə edir.

İKİ VACİB ADDIM

Vətəndaş cəmiyyətinə qarşı hücumlar sırasında David Kramer bir neçə Amerika təşkilatının – İREX, Milli Demokratiya İnstitutu-nun ofislərinin bağlanmasının olduğunu da yazır.

"Niyə Əliyev rejimi düşünür ki, bu pozuntularını davam etdirə bilər?" - deyə Kramer soruşur və cavabın sadə olduğunu yazır: "Çünki indiyədək poza-poza gəlib".

Müəllifin fikrincə, Obama administrasiyası Prezident Əliyevə xəbərdarlıq kimi 2 vacib addımı atmalıdır.

Birinci təklif Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır. Kramer yazır ki, insan haqlarının pozulmasında iştirak edən Azərbaycanın vəzifəli şəxslərinə ABŞ vizası qadağası tətbiq olunmalı, onların ABŞ banklarındakı hesabları dondurulmalıdır.

"2011-ci ilin avqustunda verilmiş rəsmi fərmana görə ciddi insan haqları pozuntularına yol verən şəxslərə viza verilməsi qadağan olunur". Azərbaycan rəsmiləri bu qrupa daxildir" Kramer yazır.

BOYKOT

2-ci təklif isə Azərbaycanda keçiriləcək Avropa oyunlarının boykot edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi Olimpiadasında olduğu kimi açılış mərasimində iştirakdan imtina etməyə çağırmaqdır. Müəllifin fikrincə, belə bir addım bu oyunların Bakıda keçirilməsini “tarixi hadisə və böyük uğur” kimi qələmə verən cənab Əliyevin şöhrətpərəstlik hisslərini səngidərdi.

"Avropa Oyunların korporativ sponsorları – BP, Procter & Gamble və McDonald’s Əliyev rejiminin oyuncaq layihəsini dəstəkləmədən öncə düşünməlidirlər. Jurnalistlərə və vətəndaş cəmiyyətinə, eləcə də ABŞ-a hücumların davam etdiyi bir vaxtda Azərbaycanla əməkdaqşlıq həmişəki kimi davam edə bilməz," Kramer yazır.

"Rusiya və İran arasında yerləşən, Qafqaz və Orta Asiyanı Avropa və dünya bazarlarına birləşdirən Azərbaycan enerji və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Ancaq nə qədər ki, Əliyev rejimi əhalisi ilə pis davranır və ABŞ-a meydan oxuyur, ona başa salınmalıdır ki, bu hərəkətlər ona baha başa gələcək," David Kramer şərhini belə yekunlaşdırır.

XS
SM
MD
LG