Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Hökumət xarici investisiyaların azalmasını gözləyirmiş


Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri Oqtay Haqverdiyev
Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri Oqtay Haqverdiyev
BMT-nin Ticarət və İnkişaf Konfransının oktyabrın 16-da yaydığı hesabatda deyilir ki, Azərbaycana birbaşa investisiyalar 2004-cü ildəki 3,6 milyard dollardan 2005-ci ildə 1,7 milyard dollara düşüb və bu azalma 2007-ci ildən sonra daha kəskin şəkil ala bilər.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Vitali Kramarenko isə «Azadlıq» radiosuna hesabatdakı fikirlərlə bağlı demişdi ki, Azərbaycana birbaşa investisiyaların 90 faizi neft sektoruna yönəlib. Bu sektorda «əsrin müqaviləsi» çərçivəsində gerçəkləşdirilən iri neft layihələri, neft və qaz yataqlarında investisiya tələb edən işlərin tamamlanması, BTC və Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərinin çəkilməsi və s. işlər artıq başa çatmaq üzrədir. İnvestisiyaların azalmasına da səbəb budur. Cənab Kramarenkonun fikrincə, 2007-ci ildə layihələrdə son işlər də tamamlanacağından və artıq istehsala keçiləcəyindən demək olar ki, Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi kəskin şəkildə aşağı düşəcək.


«Ötən il baş verən hadisələr göstərdi ki, Azərbaycanda iri biznes siyasi qruplardan asılıdır və bu qruplar arasında toqquşmalar olan zaman investisiyalar təhlükə altında olur. Ümumiyyətlə, Azərbaycanda mülkiyyət toxunulmazlığına zəmanət məsələsində ciddi problemlər var»
Sözügedən hesabat və cənab Kramarenkonun fikirləriylə Azərbaycan hökumətinin rəsmiləri də razılaşır. Məsələn, Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin müdiri Oqtay Haqverdiyev deyir ki, hökumət buna hazır idi və birbaşa investisyaların azalması heç də o demək deyil ki, bunun Azərbaycan iqtisadiyyatına ziyanı olacaq: «Biz azalmanı gözləyirdik, bunda faciə axtarmaq lazım deyil. Hətta gözləyirdik ki, bir müddətdən sonra daxili investisiyaların həcmi xarici investisiyalardan çox olacaq».

Demək olar ki, cənab Haqverdiyevin dediyi həmin an, artıq gəlib çatıb. Məsələn, oktyabrın 17-də rəsmi qəzetlərdə dərc edilən 2007-ci ilin büdcə layihəsində daxili investisiyalara təxminən 1,8 milyard dollar ayrılıb. Müqayisə üçün bu, ötən il Azərbaycana yatırılan 1,7 milyard dollarlıq xarici investisiyalardan çoxdur.


Oqtay Haqverdiyev: «Gələn il üçün daxili investisiyaya 1,8 milyard dollar vəsait ayırmışıq, amma 5-6 il əvvəl bu 30-40 milyon dollar idi».


İqtisadçı ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev də deyir ki, neft sektoruna qoyulan xarici investisiyaların azalmasıyla bağlı şərhlərində hökumət haqlıdır. Amma o, bu zaman qeyri-neft sektoruna qoyulan xarici investisiyaların da azalmasına diqqəti cəlb edir. İqtisadçının fikrincə, bu sektorda xarici investisiyaların azalmasında ölkədəki siyasi və investisiya mühiti və monopoliyalaşma önəmli rol oynayıb. Azər Mehtiyev ötən il parlament seçkiləri ərəfəsində bir sıra nazirlərin həbsinin, bəzi xarici investorlarla müqavilələrin ləğvinin və iş adamlarının həbsinin də bu məsələdə az rol oynamadığını düşünür: «Ötən il baş verən hadisələr göstərdi ki, Azərbaycanda iri biznes siyasi qruplardan asılıdır və bu qruplar arasında toqquşmalar olan zaman investisiyalar təhlükə altında olur. Ümumiyyətlə, Azərbaycanda mülkiyyət toxunulmazlığına zəmanət məsələsində ciddi problemlər var».


Azərbaycanda xarici investisiyaların, xüsusən də qeyri- neft sektoruna yatırılan investisiyaların azalmasının bir səbəbi kimi, ekspertlər iri neft layihlərini göstərirlər. Aralarında elə Azər Mehtiyevin də olduğu belə ekspertlərin fikrincə, iri neft pulları xarici valyutanın dəyərinin düşməsinə, üstəlik həm də əlavə inflyasiyaya səbəb olur. Bu isə, qeyri-neft sektoruna xarici valyuta ilə investisiya qoymaq istəyən qurumları çəkindirən əlavə amildir.


XS
SM
MD
LG