Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:46

Bacısı məhbus qardaşının ölümündə işgəncə izi görür


Foto: Arxiv
Foto: Arxiv

-

Gözlə

No media source currently available

0:00 0:04:21 0:00
Direct-ə keçid

(Diqqət, ürəyi zəiflərə və azyaşlılara münasib olmayan foto var.)

Dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Məlumatlarda etiraza səbəb kimi 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsi göstərilirdi.

​Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən CÇM-də insident baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobudca pozmasını göstərmişdilər.

AzadlıqRadiosu iddialara aydınlıq gətirmək üçün mərhum Elşad Babayevin ailəsi ilə əlaqə saxlayıb. Mərhumun bacısı Simuzər Babayeva da qardaşının CÇM-də işgəncə ilə öldürüldüyünü deyir. O, buna sübut kimi mərhumun meyitinin üzərindəki işgəncə izlərini göstərir.

«MÜSTƏNTİQ DƏ DEYİR Kİ, ELŞADI İŞGƏNCƏ İLƏ ÖLDÜRÜBLƏR»

Simuzər Babayeva deyir ki, qardaşının ölüm xəbərini telefonuna gələn zənglə öyrənib. O bildirir ki, özünü təqdim etməyən bir nəfər telefonda Elşadın meyitinin Lökbatan qəsəbəsindəki meyitxanada olduğunu deyib. Simuzər Babayeva deyir ki, meyitxanada qardaşının cəsədinin üzərindəki işgəncə izlərini görəndə, dəhşətə gəlib:

«Bizə də məlumat çatıb ki, Elşadkarserdə öldürülüb. Ölüm işini araşdıran müstəntiq də bizə dedi ki, onu işgəncə verərək öldürüblər. Müstəntiq dedi ki, tibbi ekspertiza da götürülüb. Ancaq nəticə haqda bizə məlumat vermədi. Mən dəqiq bilmirəm bu işdə kimin əli var. Kim səbəb olubsa, kim edibsə, cəzalandırılmasını istəyirik. Bir məhbusun günlərlə davam edən işgəncə ilə öldürülməsi bir vəhşilikdir. Mən başa düşə bilmirəm, qardaşım necə hərəkət edib ki, cəzalanıb. Bu məhbus işi deyil, çünki müəssisənin hər tərəfi kameradır, hamı izlənilir. Əliqandallı məhbus nə edə bilər ki, ona qarşı belə aqressiv davranıblar?».

«QARDAŞIM XASİYYƏTCƏ ÇOX MÜLAYİM ADAM İDİ...»

Bacısı deyir ki, narkotik istifadəçisi kimi 1 il iki ay həbs cəzasına məhkum olunan Elşad Babayev xasiyyətcə sakit adam olub:

«Qardaşım idmançı idi. Buna baxmayaraq, münaqişələrdən qaçan, çox mülayim adam idi. Pis vərdişləri də yox idi. Həbsinin də 8 ayını çəkmişdi».

Elşad Babayev
Elşad Babayev

«QARDAŞIMI ÖLDÜRƏNLƏRİN ƏN AĞIR CƏZA ALMASINI İSTƏYİRƏM»

Simuzər Babayeva deyir ki, qardaşının ölümünün araşdırılması üçün aidiyyəti orqanlara müraciət edəcəklər:

«Bizdən əvvəl dövlətimiz var. Dövlətimizə güvənirəm. Ümid edirəm ki, olar lazımi addımları atacaqlar. İstəmirik ki, hansısa məmurun xahişi ilə bu işi ört-basdır etsinlər. Deməsinlər ki, öz əcəli ilə öldü, yaxud intihar edib. Şəkilləri görən uşaq da başa düşər ki, işgəncəyə ilə öldürülüb bu adam. Qardaşımı öldürənlərin ən ağır cəzanı almasını istəyirəm, çünki mənim qardaşıma ən ağır cəzanı çəkdiriblər. Onu üzərində dəhşətli işgəncə izləri var. Bir bacı üçün bunu öz gözləri ilə görmək çox ağırdır. Mənim anam ağır xəstədir. Biz ondan işgəncə şəkillərini gizlətmişik».

ELŞAD BABAYEVİN ÖLÜMÜ ARAŞDIRILIR

Penitensiar Xidmət Elşad Babayevin işgəncə ilə öldürülməsi haqda yayılan məlumatları təkzib edir. Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Yaşat İsakov apa-ya bildirib ki, Elşad Babayevin ölümü prokurorluqda araşdırılır:

«Dekabrın 22-də baş verən hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. İctimaiyyətə bu haqda rəsmi məlumat veriləcək».

«ÖLÜMƏ GÖRƏ CÇM VƏ PENİTENSİAR XİDMƏT MƏSULİYYƏT DAŞIYIR»

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Turan-a bildirib ki, Elşad Babayevin ölümünə görə məsuliyyəti həbsxana və Penitensiar Xidmət daşıyır:

«Elşad Babayevin bədənində çoxsaylı işgəncə izləri olması haqqında bəyanat narahatlıq doğurur. Biz kənarda qala və susa bilmərik. Gəncin ölümü qapalı müəssisədə baş verib və buna görə cəzaçəkmə müəssisəsinin və Penitensiar Xidmətin rəhbərliyi məsuliyyət daşıyır. Bir insan cinayət törədibsə, azadlıqdan məhrumetmə artıq cəzadır. Heç kim məhbusu zorakılığa və işgəncələrə məruz qoymaq hüququna malik deyil. Ehtimal edirəm ki, Penitensiar Xidmət ölüm işinin obyektiv araşdırılmasına mane olacaq».

XS
SM
MD
LG