Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

Günel Mövlud. Manyaklıq


Günel Mövlud
Günel Mövlud

-

Bu qız sonuncu görüşdə məni sadəcə şoka saldı. Elə bir şoka saldı ki, elə bu sarsıntıya görə onunla bir daha görüşmək istəmədim...

Günel Mövlud

MANYAKLIQ

Təxminən beş il əvvəl rayonlardan birinə gedirdim. Yanımda bir gənc qız oturdu.

Təxminən 18-19 yaşı olardı. Tanış olduq. Adını məlum səbəblərdən yazmıram.

Əminəm ki, bu yazını oxuyacaq və onu anonim şəkildə ifşa elədiyimə görə mənə nifrət eləsə də, heç olmasa, adını yazmadığıma görə bir az da minnətdar olacaq.

Həm də qızı təhlükəyə atmağın adı yoxdur. Atası, qardaşı, əmioğlusu var. Təsadüfən yazını oxuyub, qızı öldürməsələr də, buna yaxın bir şey edə bilərlər. Odur ki, qızın həyatını məhv eləməyək.

Qız jurnalistika fakültəsində oxuyurdu, birinci kurs tələbəsi idi. Rayon qızı idi, öz biliyi ilə ali məktəbə qəbul olunmuşdu. Hiss olunurdu ki, iddialı, nəsə etmək istəyən qızdı. Fikirləşdim ki, ona nədəsə dəstək ola bilərəm. Uzun bir kitab siyahısı verdim. Əməkdaşlıq edə biləcəyi mətbu orqanlarının adını dedim, baş redaktorların əlaqələrini verdim. Bir-birimizin nömrəsini götürdük və sonra daha bir neçə dəfə də görüşdük.

Adını yazmadığım bu qız sonuncu görüşdə məni sadəcə şoka saldı. Elə bir şoka saldı ki, elə bu sarsıntıya görə onunla bir daha görüşmək istəmədim. Demirəm ki, ona münasibətim pisləşdi, ya nəsə belə bir şey, sadəcə belə bir arzum olmadı daha.

O mənə gələcək planlarından danışdı. Onun özü üçün təyin elədiyi, planlaşdırdığı həyat yolu belə idi:

- Mən otuz yaşıma qədər ərə getməyi fikirləşmirəm. İstəyirəm varlı, sözükeçən bir adam tapım. Məni televiziyada işə düzətsin. Mənim karyera qurmağıma, məşhurlaşmağıma kömək eləsin. Ev tutsun, dolandırsın məni. İndiki zamanda şəhərdə yaşamaq, qəşəng geyinə bilmək çox pul aparır. Kimsə bu xərci çəkməsə, mümkün deyil. Belə bir adam olsa, onunla münasibət quraram. Otuz yaşıma qədər həyatda öz yerimi tutaram. İşim, evim, maşınım, hörmətim olar. Sonra da ərə gedərəm. İşim, hörmətim, imkanım olandan sonra nə qədər adam olacaq ki, mənimlə evlənmək istəyəcək. Getməsəm də, heç vecimə də deyil. Bacıma deyərəm, bir uşaq doğub, verər mənə. Mən onun o biri uşaqlarına da baxaram, saxlayaram onları. Adama əsas ev, pul və qocalıqda sənə baxsın deyə, uşaq lazımdı.

Mən ona qulaq asırdım və dəhşətə gəlirdim. Ona görə dəhşətə gəlirdim ki, bu normal deyildi. Qadının qırx yaşı varsa, həyat onu o ki, var döyüb, romantikasını, arzularını, ali hisslərini məhv edibsə, o qadının belə düşünməyə, sponsor, ev, maşın, uşağın həyatda ən vacib şeylər olduğunu düşünməyə bəlkə də bir az haqqı var.

Amma 18-19 yaşlı bir qız belə düşünürsə, bu normal deyil. On doqquz yaşlı qız ən pis halda buludlardan gəlinlik donu arzulayar. Ağ atlı şahzadə gözləyər. Öz gəncliyini hansısa sənət adamına fəda etməyi düşünər. Sevgilisinə qoşulub, hamıdan, hər şeydən imtina edib, uzaqlara getmək kimi romantik, macəralı həyat düşünər.

Mən bu dəhşəti ikinci dəfə bugünlərdə, Bakıda peyda olmuş seksual manyak barədə kadrları görəndə yaşadım. Məni dəhşətə gətirən seksual manyakın 15 nəfər qızın həyatını qaraltması deyildi. Ona görə dəhşətə gəlirdim ki, on beş nəfər ev qızı o kişinin onlara göndərdiyi villa, bahalı maşın şəkillərini görüb, öz xoşları ilə bu adama qoşulub getmişdilər. On beş nəfər ev qızını sevgi, romantika, hisslərlə yox, çox maddi şeylərlə – villa ilə, maşınla yoldan çıxartmışdılar.

Hadisənin əksini tapdığı verilişdə hamı o kişini qınayır, lənətləyirdi. Qızlar və anaları ağlaşırdı. Amma bir nəfər də soruşmurdu ki, 15 nəfər qızın sadəcə villa, maşın şəkli görüb, bunlara şirnikib, tanımadığı kişiyə qoşulub, getməyi normaldırmı?

Bu hadisəni bir yana qoyaq, gəlin cəmiyyətimizə nəzər salaq.

Bizdə qız doğulan gündən ailə ona cehiz almağa başlayır. Məktəbinə, təhsilinə, kitablarına xərclənəcək pullar onun cehizinə xərclənir.

Hələ körpə yaşlarından onun şüuraltısına evlilik, ərin nə qədər vacib olduğu yeridilir. Qız həyatda ən böyük nailiyyətin ərə getmək olduğunu hiss edərək, görərək böyüyür. Bir az böyüyəndən sonra isə ana, qohumlar ona başa salmağa başlayırlar ki, ərə getmək öz yerində, amma varlı, imkanlı adama ərə getmək daha böyük nailiyyət, daha böyük uğurdur. Ər varlı, villalı, maşınlı olmalıdır, çoxlu pulu olmalıdır, səni daş-qaşlara qərq etməlidir.

Qız görür ki, bütün ailə onun varlı bir adama ərə getməyini arzulayır, gözləyir. Ən yaxşı, ən mədəni valideynlər belə, qızlarını oxutduran, təhsil verən ata-ana belə qıza hiss elətdirir ki, kitab, təhsil, diplom öz yerində, amma ən böyük nailiyyət ərə getməkdir. Ərə getmədinsə, lap beş universitet oxu, alim ol, mənası yoxdur. Ən yaxşı təhsil, ən yaxşı diplom varlı, imkanlı ər gətirəndi. Diplom sənə daha varlı, daha imkanlı ər tapamağa kömək etmirsə, heç bir dəyəri yoxdu.

Bu təlqinlə böyüdülən qız isə on beş yaşında qəfildən villalı, maşınlı bir kişi ilə tanış olduğunu düşünür. Düşünür ki, onsuz da ali təhsilin də, diplomun da, işləməyin də ərsiz bir mənası yoxdu, axırda mütləq ərə getməlidi. Və düşünür ki, daha məsələni uzatmağın nə mənası var? Villa, maşın hazır elə ayağına gəlib? Şansı, fürsəti əldən verməyin nə mənası var? Kim bilir, bir də belə adam qarşına çıxacaqmı?

Əlbəttə, qızdan alim olub, atom parçalamağı, yazıçı olub, Nobel almağı, bəstəkar olub, dünyanı fəth etməyi deyil, ərə getməyi, özü də mümkün qədər varlı, pullu adama ərə getməyini gözləsən, arada hansısa seksual manyaklar, fırıldaqçılar tapılıb, o qızlara villa şəklindən-zaddan göndərib, qızınızın ümidlərini, gələcəyini məhv edəcəklər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG