Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:42

«Biz Rusiya ilə ya müharibə etməli, ya da sanksiya qoymalıydıq...»


Jean-Claude Juncker
Jean-Claude Juncker

Təhlilçilərin fikrincə, Avropa İttifaqı ilk dəfədir ki, Rusiya ilə belə sərt danışır.

-

Rusiya şənbə günü Avropa İttifaqını Moskvaya qarşı sanksiyaları dayandırmağa çağırıb.

Rusiya rəhbərliyi bunun müqabilində Avropa İttifaqından ərzaq idxalına qoyulmuş əks-sanksiyaları dayandırcağını vəd edib.

Lakin Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə başlayan Avropa İttifaqı Rusiyanın bu ricasını kifayət qədər sərt şəkildə rədd edib.

Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı enerji, bank və müdafiə sektorları kimi mühüm sahələri əhatə edən sanksiyalarını Moskvanın Ukraynanın şərqində separatçı hərəkatlara dəstəyinə, habelə Krımın ilhaqına görə iyul ayından tətbiq etməyə başlayıb.

Rusiyanın “siyahı barteri”

Rusiyanın “İnterfax” xəbər agentliyi xarici işlər nazirinin müavini Alexei Meshkov-a istinadən bildirir ki, Moskvanın Avropadan etdiyi yeganə rica “bu mənasız sanksiyalar silsiləsinin dayandırılması və qara siyahıların ləğvidir”.

Cənab Meshkov deyib ki, Moskva bunun müqabilində özünün tərtib etdiyi “qara siyahını” ləğv etməyə hazırdır.

Mətbuat yazır ki, Moskvanın son müraciəti, Avropa İttifaqı noyabrın 2-də Ukraynanın şərqində qanunsuz seçkilərin keçirilməsini təşkil etmiş 13 separatçı ukraynalıya qarşı sanksiyalarını elan etdikdən sonra səslənib.

Separatçılıq edən bu 13 şəxsə qarşı mülkiyyətlərinin dondurulması və səfər qadağanı kimi sanksilayalar irəli sürülüb.

Juncker “müharibə” deyib...

Avropa Komissiyasının yeni rəhbəri Jean-Claude Juncker deyib ki, Rusiya mart ayında Ukraynanın Krım regionunu ilhaq etməklə Avropanı iki variant qarşısında qoyub: ya Rusiyaya qarşı müharibəyə başlamaq, ya da ona qarşı iqtisadi sansksiyalar tətbiq etmək.

“Əgər siz müharibə istəmirsinizsə, yeganə mümkün olan variant sanksiyalardır” – deyə Juncker Lüksemburqdakı RTL radiosu vasitəsilə Rusiyaya xitab edib.

Avropa Komissiyasının rəhbəri bildirib ki, Rusiya regionda həqiqətən də sülhün bərqərar olması istiqamətində hərəkət etmədikcə, bu sanskiyalar qüvvədə saxlanacaq.

Daha kəskin tədbirlər

Ekspertlər neft qiymətlərinin enməsi və Qərbin sanksiyaları nəticəsində Rusiyanın böhranlı vəziyyətə düşməkdə olduğunu qeyd edirlər.

Ötən həftənin əvvəllərində Rusiyanın maliyyə naziri Anton Siluanov demişdi ki, neft qiymətləri və sanksiyalar Rusiyanı ildə 130-140 milyard dollar zərərə salır.

Reuters xəbər verir ki, iyul ayı ilə müqayisədə avqustda Avropadan Rusiyaya ixracat 20 faiz azalıb.

Cənab Juncker deyib ki, Rusiyanı hər dəfə daha sərt sanksiyalarla hədələmək istəmir, lakin Moskva Ukraynanın şərqindəki vəziyyətin normallaşması üçün hərəkət etməzsə, ona qarşı daha kəskin tədbirlər görüləcək.

Avropanın “qara siyahısı” uzanır

Aİ rəsmiləri bildirirlər ki, Ukraynanın şərqində atəşkəsə dair əldə olunmuş saziş işləmir və bu regionda keçirilmiş qanunsuz seçkiləri Moskva dəstəkləyib.

Ukraynadakı Rusiya meylli sepatratçılar bildirirlər ki, noyabrın 2-də Luqansk və Donetskdəki keçirilmiş seçkilər bu regionun Ukraynadan ayrılıb müstəqil olması istiqamətində atdığı ilk addımdır.

Birləşmiş Ştatlar və Avropa İttifaqı bu seçkiləri “qanunsuz və qeyri-legitim” adlandırıb.

Avropa İttifaqı Ukraynanın şərqində keçirilmiş “seçkilər”ə rəhbərlik edən Sergey Kozyakovu, habelə qondarma Donetsk və Luqansk respublikalarının nazir və vəzifəli şəxslərini özünün “qara siyahı”sına daxil edib.

Ümumiyyətlə isə, Aİ-ninUkrayna böhranı ilə əlaqədar tərtib etdiyi fərdi sanksiyalar siyahısına indiyədək 119 şəxsin və 23 hüquqi şəxsin adları salınıb.

Çox bilib az danışmaq

Təhlilçilər bu həftəsonu Avropa İttifaqının Rusiya ilə kommunikasiyalarda daha sərt dilə keçdiyini vurğulayırlar.

Dekabrın 1-dən Avropa İttifaqının prezidenti postunda vəzifəsinə başlayacaq keçmiş Polşa baş naziri Donald Tusk “Financial Times” qəzetinə verdiyi müsahibədə Rusiyanı Avropanın “strateji problemi” adlandırıb.

Qəzet müxbirinin Vladimir Putinin Polşaya Ukraynanı bölüşdürmək təklifində bulunmasına dair keçmiş xarici işlər naziri Sikorskinin açıqlamalarının həqiqət olub-olmadığı barədə sualına Tusk Sikroski-dən gileylənməklə cavab verib.

“Mən o vaxt Sikorskiyə dedim ki, siyasətdə, diplomatiyada və həyatda çox bilib az danışmaq lazımdır...” – deyib Donald Tusk.

Rusiya strateji problemdir

Bununla belə, Tusk Sikorskinin haqlı olduğunu təsdiqləyib və deyib: “Putin və Rusiya üçün Aİ problemdir və biz də birdəfəlik bilməliyik iki, indi biz buna çox yaxınıq, Rusiya bizim strateji partnyorumuz deyil, Rusiya bizim strateji problemimizdir”.

Dövlətə bağlı Rusiya təhlilçiləri və mediası “Moskvanın Avropa İttifaqına yalvarmaq fikrində olmadığını” israrla təkrar edirlər.

Rusiya təhlilçiləri Moskvanın Avropa İttifaqına sadəcə “müraciət” etdiyini bildirirlər.

Qərb təhlilçiçləri isə bu qənaətdədirlər ki, burada “yalvarış”, “müraciət”, çağırış” və sair arasındakı fərq mühüm deyil. Mühüm olanı odur ki, sanksiyalar Rusiyanı əməlli-başlı divara söykəyib.

XS
SM
MD
LG