Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Xəcalət çəkmək əvəzinə gülənlər


Seymur Baycan
Seymur Baycan

-

Hərəsinin öz həyat fəlsəfəsi var. Evlənmisən? Yox cavabı alanda başlayırlar. Yox, yox lazımdı. Ailə adama lazımdı...

Guya belə çox yaxşı ailələri var. Belə çox yaxşı övlad böyütməkdədirlər. Heç nə, özlərinə oxşamayanları özlərinə oxşatmasalar, əl çəkməzlər. Öz riyakar oyunlarının iştirakçısı etmək istəyirlər səni...

Seymur Baycan

XƏCALƏT ÇƏKMƏK ƏVƏZİNƏ GÜLƏNLƏR

İki adam cütləşir, nəticədə sənətdən, incəsənətdən, dünyada baş verənlərdən xəbəri olmayan iki adam dayandıqları yerdə status qazanırlar. Biri olur qaynata, biri də olur qaynana.

Özü də bu cütləşdirmə əməliyyatı müxtəlif hadisələrlə müşahidə olunur. Elçilik, nişan, ad günləri, 8 mart, Novruz bayramı, Ramazan bayramı, xınayaxdı, toy, üçgünlük, beşgünlük, yüz günlük, min günlük, milyon günlük milyard günlük ...

Bir-iki il keçir, rəssamlıqdan, ədəbiyyatdan, musiqidən bir qram da anlayışı olmayan bu adamlar daha bir status qazanırlar. Biri olur baba, biri də olur nənə. Bu adamlar bəlkə də başqa status qazanmağın nə qədər çətin olduğunu anlayırlar. Ona görə də, ərə getməyənlər, uşaq doğmaq istəməyənlər və yaxud müxtəlif səbəblərdən uşaq sahibi ola bilməyənlər ciddi təziqə məruz qalırlar.

Ya bekarçılıqdandı, ya da onlar heç bir əziyyət çəkmədən baba və nənə olmaq istəyirlər. Onlara bu statusu qazandırmaq istəməyənlərə dözmək istəmirlər. Ya doğurdan da, onlar baba və nənə olmaq, bu hissləri yaşamaq istəyirlər.

Onları diqqətlə müşahidə edirəm . Onlar evcik-evcik oynayan uşaqlara bənzəyirlər. Ələlxüsus da lap əvvəldən tanıdıqlarını müşahidə etmək lap gülməlidir. Onlar qadağalar qoyurlar, onlardan qorxurlar, onlar məsləhətlər verirlər, onlar xatırlayırlar, yasa gedirlər, toya gedirlər... Nə bilim, gülməli görünür.

Axı mən onları tanıyıram. Bu adam öz övladına nə öyrədə bilər? Nə ötürə bilər? Bunlar hələ sovetin vaxtında, az-çox təhsilə önəm verilən vaxtlarda kitaba, incəsənətə tam laqeyd adamlar idi, indi gör nə vəziyyətdədirlər. Cəhalət hər tərəfdən onları mühasirəyə alıb. Mövhumat öz çiçəklənmə dövrünü yaşayır.Belə yaşamaqonlar üçün rahatdı.

Vətəndaş kimi heç bir məsuliyət daşımırsan, sanki turistsən. Bəlkə də, bu elə həyatın özüdü. Beləcə sənətdən, incəsənətdən xəbəri olmayan adamlar şəraitə daha çox uyğunlaşaraq artırlar. Beş əsr əvvəl də belə idi. İndi də belədi. Bu beş əsrdə dünyada nə qədər hadisələr baş verib. Nə qədər inqilablar baş verib. Nə qədər üsyanlar olub. Neçə-neçə qiymətli sənət inciləri yaranıb. Nə qədər şedevr romanlar yazılıb. Mədəniyyət dünyasında nə qədər cərəyanlar yaranıb. Bizim ətrafdakıların çoxu bu hadisələrdən xəbərdar deyillər.

Ümumiyyətlə, son vaxtlar bu qərara gəlmişəm ki, şərq insanı tam olaraq dünya tarixində baş verən hadisələrdən xəbərsizdi. Bəziləri qiymət almaq üçün rəqəmləri əzbərləyiblər. Məsələn, filan ildə inqilab olmuşdur. Niyə olmuşdur, necə olmuşdur, kimlər etmişlər, necə etmişlər bu işlərdən xəbərsizdirlər. Mədəniyyətin nə qədər ciddi bir şey olduğunu günü-gündən daha çox dərk etdiyim bu günlərdə bir fakt məni dəhşətə gətitir.

Yüzminlərlə insan dünya ədəbiyyatının ən şedevr nümunələrini oxumadan, ən məşhur rəsm əsərlərindən xəbərdar olmadan yeyib-içib gəzirlər. Evlənirlər. Ata-ana, nənə-baba olurlar. Məsləhətlər verirlər. Qadağalar qoyurlar. Onlar bizim qohumlarımızdı, onlar bizim qonşularımızdı, onlar bizim yol yoldaşlarımızdı. Bu adamlar öz çatışmayan cəhətlərinə görə xəcalət çəkmək əvəzinə bəşəri dəyərlərə, sənətə gülürlər. Gözdən salmağa çalışırlar. Bayağılıq hər addımdadı.

Bir dəfə rayonda bir dostumla gəzirdim. Yanımızdan bir maşın keçdi. Maşını sürən elə bir düşük mahnıya qulaq asırdı ki, daha nə dillə deyiləsidi nə də qələmlə yazılası. Belə bir düşük mahnıya qulaq asmağı bir yana,adam mahnıya o qədər yüksək səslə qulaq asırdı ki, salondan səs dörd bir tərəfə yayılırdı. Yəni zorla bizi də öz bayağılığına şərik edirdi. Dostum dedi:- minlərlə mahnının içindən tapıb qulaq asdığına bax...

Sənət dünyasından xəbərdar olmayan yüz minlərlə insanın arasında yaşamaq asan deyil. Hamı ətdən, qandan, sümükdən ibarətdi. Sifətə ifadə verən ruhdur. Ruhsuz sifət sifət deyil, ət parçasıdı. Ruhu isə sənət formalaşdırır. Hissləri həssaslaşdırır. Dünyanı tanımaq üçün əlavə pəncərələr açır. Başqalarının həyatını öyrədir. Həyatdakı boşluğu doldurmağa çalışır. Hadisələrə məna verir.

Yüzminlərlə insan bu dünyadan xəbərsiz bir şəkildə yaşamaqdadırlar. Yeyirlər, içirlər, gəzirlər, artırlar. O əməlləri ki, şüursuz canlılar da bacarırlar. Lap tutaq ki, onlar öz övladlarını çox sevirlər. Başqa canlılar da öz balalarını sevirlər. Hətta öz balalarına görə güclü düşmənlə qeyri-bərabər döyüşə də girirlər .

Şəxsən bunun şahidi olmuşam. Zamin Hacı da orda idi. Bir quş öz balalarını qorumaq üçün pişiyin üstünə hücum çəkmişdi. Aləmi dağıdırdı. Elə çığırdı ki, hamının diqqətini çəkdi. Necə qəzəbli idi. Balaca bir quşun sifətində nə qədər dəhşətli bir qəzəb, həyəcan vardı. Bir quş üzünə nə qədər məna sığışarmış. İstər-istəməz öz həyatımdan bəzi məqamlarıxatırladım.

Pişik təbiətin gücünü hiss edib geriyə çəkildi. Bu əsl təbiət hadisəsi idi. Zamin sonra dedi ki, o, ata quş idi. Mənim də quşlardan başım çıxmır, erkəyi ilə dişisini bir-birindən ayıra bilmirəm. Ona görə bilmədim pişiyin üstünə hücum çəkən ata quş idi, yoxsa ana quş.

Yəni sevgini çox da gözə soxmasınlar, sevgi hələ hər şey demək deyil. Bunu başqa canlılar da bacarırlar. Bəzən hətta insanlardan daha yaxşı bacarırlar. Məsələn, dünən oxudum ki, sən demə dəniz tısbağaları üç gün dayanmadan sevgi ilə məşğul ola bilirmişlər.

Hitler də alman xalqını çox sevirdi. Almanlar da Hitleri çox sevirdilər. Axırı necə oldu, necə qurtardı, məlum məsələdi. Bu sevgi nəticəsində sovet əsgərləri nə qədər qadın zorladılar. Sevgi hələ hər şey demək deyil. Məsələ düzgün yaşmaqdadı.

Bəlkə də bu yüzminlərlə insan sənət dünyasından xəbərsiz olduqlarına görə belə ifadəsizdirlər. Vaxtdan əziyyət çəkirlər. Darıxırlar. Tikirlər, sökürlər. Sökürlər, tikirlər. Halbuki, bir az sənətlə maraqlansalar, bəlkə də həyatlarına bir az məna qata bilərlər. Hobbiləri yoxdu. Sənət dünyasına ikrahla baxırlar. Orda heç bir fayda, mənfəət görmürlər. Çünki tacir təfəkkürü ilə hadisələrə münasibət bildirirlər. Bir şey-mirşey çıxır? Bu onların sevimli suallarından biridi.

Özü də bu sualı çox rahatlıqla verirlər. Sanki elə belə də olmalıdı. Sənətdən, ədəbiyyatdan xəbəri olmayan bu adamlar heç bir xəcalət çəkmədən dünya haqqında danışırlar. Hərəsinin öz həyat fəlsəfəsi var. Evlənmisən? Yox cavabı alanda başlayırlar. Yox, yox lazımdı. Ailə adama lazımdı... Guya belə çox yaxşı ailələri var. Belə çox yaxşı övlad böyütməkdədirlər. Heç nə, özlərinə oxşamayanları özlərinə oxşatmasalar, əl çəkməzlər. Öz riyakar oyunlarının iştirakçısı etmək istəyirlər səni.

Onlar özlərinə oxşamayanı sevmirlər . Bəla burasındadır ki, sənətdən, ədəbiyyatdan xəbəri olmayan adamlar bəzən partiya sədri olurlar, sayt rəhbəri olurlar, deputat olurlar, nə bilim hansısa bir mövqe ələ keçirir və əlavə imtiyazlar qazanırlar. Bu zaman haqlı olduqlarına onlarda əminlik yaranır. Bayağılıq baş alıb, gedir. Adamlar artıq danışa bilmirlər. Öz hisslərini səslərlə ifadə edirlər. Küçədə gəzərkən bəzən çox qəribə səslər eşidilir. Düşünürsən,görəsən bu nə səsidir. Hansı canlıdan gəlir bu səs. Adamın ağlına min fikir girir. Çevrilib baxırsan və görürsən ki, bu səsi çıxaran insandı.

Beləcə, yüz minlərlə insan dünya ədəbiyyatının ən şedevr nümunələrini oxumadan, rəsm, musiqi dünyasından heç nə bilmədən yaşayırlar, evlənirlər, ata-ana olurlar. Yeyib-içib gəzirlər. Ölürlər. Təzədən doğulurlar. Bunlar hələ teatrla sirkin fərqini bilmirler. Əyalət teatrında çalışan bir aktyor deyirdi ki, küçədə adamlar bizi görəndə soruşurlar: Bir də ne vaxt sirk göstərəssiniz.Düzdür, bəzi dostlar yazını oxuya-oxuya bir suala cavab tapmağa çalışacaqlar. Axıelələrivar ki, onlar ədəbiyyatdan, sənətdən xəbərdardılar, amma bu onların pis adam olmasına mane olmur.

Ivan Turgenev
Ivan Turgenev

Düzdü, belə adamlar var. Hətta onlar sənətdən, ədəbiyyatdan xəbərdar ola-ola cinayət də törədirdilər. Bir fakt yazım, dostlarrahat olsunlar. Məsələn, qırğın düşərgələrində gündüzlər adamları sobalarda yandıranlar, qazla boğanlar axşamlar klassik musiqiyə qulaq asırdılar.

Düşərgədə hətta teatr da fəalliyyət göstərirdi. Bunun bizim söhbətə heç bir dəxli yoxdur. Bu cür misallar məsuliyyətdən qaçmaq üçün səbəbola bilməz. Açıq-aşkar cığallıqdı. Özü də o qədər düşük cığallıqdır ki, hətta cavab verməyə dəyməz. İnsan deyilən bir varlıq sənət dünyasından xəbərdar olmalıdı.

Yazinin sonunda Turgenyevin “Sərçə” hekayəsini tirajlamaq keçdi ürəyimdən.

"Sərçə"

Mən ovdan qayıdır, bağın xiyabanı ilə gedirdim. İt qabaqda qaçırdı.

Birdən o, addımlarını yavaşladı və quş duymuş kimi yerə yatıb gizlincə irəli yeriməyə başladı.

Xiyabanı diqqətlə süzüb, dimdiyinin yanında sarılıq və başında pərqu olan körpə bir sərçə gördüm. Yuvadan düşmüşdü (külək xiyabanın toz ağaclarını bərk yırğalayırdı), təzəcə çıxan qanadlarını aciz halda açaraq hərəkətsiz oturmuşdu.

İtim yavaş-yavaş ona yaxınlaşırdı. Birdən qara döşlü qoca sərçə yaxındakı ağacdan daş kimi qopub düz itin qabağına düşdü və tükləri pırtlaşmış, eybəcərləşmiş bir halda, ümidsizcəsinə və yazıq-yazıq civildəyə-civildəyə iki dəfə itin iri dişli açıq ağzına tərəf atıldı.

O xilas etməyə cummuşdu, o, öz bədəni ilə körpəsini qoruyurdu... Lakin xırdaca vücudu büsbütün dəhşətdən titrəyir, səsi cırlaşıb xırıldayırdı. O taqətdən düşür, özünü fəda verirdi!

İt ona necə nəhəng bir heyvan kimi görünürdü, yəqin! Buna baxmayaraq, o, öz uca təhlükəsiz budağında otura bilməmişdi... İradəsindən qüdrətli olan bir qüvvə onu budaqdan qoparıb yerə atmışdı.

Trezorumdayandı, geri çəkildi... Görünür, bu qüvvəni o da duymuşdu...

Çaşmış iti çağırdım və böyük ehtiram hissilə oradan uzaqlaşdım.

Bəli, gülməyin. Mən o kiçik, qəhrəman quşa, onunməhəbbət coşqunluğuna pərəstiş edirdim.

Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür, - deyə mən fikirləşirdim. Həyat yalnız sevgi ilə ucalır və ondan qüvvət alır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

MeydanTV

XS
SM
MD
LG