Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Leyla Yunus MTN-nin İstintaq Təcridxanasına köçürülüb


“Azərbaycan hakimiyyəti Yunusları azadlığa buraxmalı, onlara qarşı ittihamları ləğv etməlidir” HRW
“Azərbaycan hakimiyyəti Yunusları azadlığa buraxmalı, onlara qarşı ittihamları ləğv etməlidir” HRW

-

“Leyla Yunusun Milli Təhlükəsizlik Təcridxanasına köçürülməsi haqda xəbər bizim üçün də gözlənilməzdir. Bu qərardan vəkilləri də xəbərsizdir. Biz də bu haqda mətbuatdan xəbər tutmuşuq”.

Sülh və Demokratiya İnstitutunun həbsdəki direktoru Leyla Yunusun vəkili Əlayıf Həsənov AzadlıqRadiosuna müsahibəsində bildirib.

Penitensiar Xidmətdən AzadlıqRadiosuna Leyla Yunusun saxlanma yeri haqda məlumat verə bilməyəcəklərini, qanunun bunu qadağan etdiyini bildiriblər.

Əlayıf Həsənov deyir ki, MTN-in istintaq təcridxanası və eləcə də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin istintaq təcridxanaları qanunla nəzərdə tutulmamış qurumlardır.

“Yəni qanunla Aəzrbaycanda saxlanılan şəxslər bir qayda olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan istintaq təcridxanalarında saxlanmalıdırlar. Amma istənilən halda saxlanılan şəxsin bir təcridxanadan başqasına köçürülməsi məsələsi varsa, bunun üçün qərar olmalıdır. İkincisi, buna təqdimat verən orqan – Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair istintaq idarəsi buna aydınlıq gətirilməlidir. Yəni bunu zərurui edən səbəb açıqlanmalıdır”.

Əlayıf Həsənov Leyla Yunusun niyə köçürülməsi haqda heç bir fikri olmadığını deyir:

“Onsuz da təcrid olunmuş vəziyyətdədir. Daha nədən təcrid etmək istəyirlər, aydın deyil”.

***

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Kürdəxanı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

SDİ-nin eksperti Azad İsazadə Turan-a bildirib ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama vermək üçün Kürdəxanı İstintaq Təcridxanasına gedib, lakin administrasiya onun MTN təcridxanasına köçürüldüyünü deyib.

L.Yunus Kürdəxanı İstintaq Təcridxanasında 2,5 ay qalıb və müntəzəm olaraq özünə qarşı psixoloji və fiziki təzyiqlərdən şikayətlənib.

***

Bu həftə hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılacaq. Leyla Yunus iyulun 30-da, həyat yoldaşı Arif Yunus isə avqustun 5-də, hər ikisi siyasi motivlərlə saxlanıb.

“Azərbaycan hakimiyyəti Yunusları azadlığa buraxmalı, onlara qarşı ittihamları ləğv etməlidir,” bu fikirləri Human Rights Watch hüquq-müdafiə təşkilatı oktyabrın 18-də yaydığı bəyanatda bildirib.

“Hökumət Leyla Yunusun təcridxanada təzyiqlərə məruz qalmasına dair iddiaları da araşdırmalı və buna görə məsuliyyət daşıyanları cəzalandırmalıdır”, bəyanatda qeyd olunur.

“Leyla və Arif Yunusların qanunsuz saxlanması parodiyadır və açıq-aşkar Azərbaycan hökumətinin onları saxta ittihamlarla susdurmaq cəhdidir. Hökumət onları dərhal azad etməli, ittihamları ləğv etməlidir,” qurumun Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber fikrini bildirib.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Azərbaycanda siyasi məhbuslar, evlərin qanunsuz sökülməsi, qadınlara qarşı zorakılıq, korrupsiya ilə mübarizə məsələləri ilə məşğul olub. O, Ermənistanla xalq demokratiyası layihəsinin fəal iştirakçısı olub. Leyla Yunus və ərinə qarşı casusluq və digər ittihamlar irəli sürülüb.

Leyla Yunus Avropa Parlamentinin Sakharov mükafatına 3 namizəddən biridir. Mükafatın qalibinin – oktyabrın 21-də açıqlanacağı gözlənir.

XS
SM
MD
LG