Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:34

Milli Məclis: Kimsə qohumunu xaricə aparıb işə düzəldə bilməz


Milli Məclis
Milli Məclis

-

Bu gün-oktyabrın 17-də Milli Məclisin plenar iclası keçirilir.

AzadlıqRadiosunun parlament müxbiri iclası izləyir. Xəbərlər vaxtaşırı yenilənir. Məlumatlar ardıcıl, ən yeni xəbərlər yazının əvvəlində olmaqla yerləşdirilir.

--------------------------------------------------------------------------

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tərkibində hansısa dostluq qrupunun yaradılması erməni propaqandasının növbəti təxribatıdır. Ermənipərəst deputatların həqiqəti özündə əks etdirməyən çıxışlarına öyrəşmişik. Lakin hamı bilməlidir ki, AŞPA-nın siyasi partiyaları və komitələrin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov bu fikirləri deyib.

Onun sözlərinə görə, ermənipərəst deputatların AŞPA- dakı fəaliyyətləri həmişə olub və yenə də olacaq:

“Çünki həm AŞPA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri müxtəlif bəhanələrlə Dağlıq Qarabağla bağlı Böyük Britaniyadan olan məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bu bəyanat Avropa Parlamentini çıxılmaz vəziyyətə salıb. Çünki Avropa Parlamenti məruzəçini özü təyin etdiyindən, erməni deputatların onunla işləməyəcəyini deməsi ermənilərin necə işğalçı ölkə olmasını bir daha sübut edir”.

Səməd Seyidov: "Bu gün AŞPA-da təmsil olunan nümayəndələrin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir"
Səməd Seyidov: "Bu gün AŞPA-da təmsil olunan nümayəndələrin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir"

S. Seyidov onu da qeyd edib ki, bu gün AŞPA-da təmsil olunan nümayəndələrin əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir:

“Çünki onlar Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə gücləndiyinini şahidi olublar. Prezident İlham Əliyevin xarici siyasəti dünyada qəbul olunan və məntiqlidir. Ermənipərəst deputatlar insan hüquqlarının pozulması ilə bağlı məsələlərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Təbii ki, bu da alınmayacaq, çünki insan haqlarından danışanlar obyektiv olmalıdır”.

“Bu gün Avropa Şurasının tərkibinə daxil olan ölkələrdə insan haqlarının necə pozulduğunun şahidi oluruq. İnsan haqlarının pozulmasından danışan ölkələr niyə Ermənistanın işğalçı siyasəti nəticəsində öz torpaqlarından didərgin düşən 1 milyondan çox məcburi köçkün və qaçqınlar haqqında deyil, məhz bir-iki nəfər haqqında danışırlar? Bir-iki nəfərin haqlarını müdafiə etmək ədalətsizlikdir. Digər tərəfdən isə insan haqlarının pozulmasını hansısa ölkəyə təsir aləti kimi istiadə etmək qəti qadağandır. Hər kəsə məlumdur ki, həmin çıxışçılar erməni lobbisini təsiri altında ölkəmizə qarşı təzyiq göstərir. Beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli çıxış etmələrinə baxmayaraq, Azərbaycanın uğurlu xarici siyasəti bu kimi haqsızlıqların qarşısını almağa qadirdir”- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

BUNDAN SONRA NİGAHA GİRƏNLƏR TİBBİ YOXLAMADAN KEÇƏCƏKLƏR

Ailə məcəlləsinə edilən dəyişikliklərdən sonra nigaha daxil olmazdan öncə sağlamlıq haqda həkim arayışı təqdim olunmaldır.

Hadı Rəcəbli
Hadı Rəcəbli

Dəyişikliklər haqda layihəni təqdim edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, genetik xəstəliklər hesabına Azərbaycanda 20 min uşaq əlilikdən əziyyət çəkir və müavinat alır. Eləcə də ildə 300 talasemiya xəstəsi olan uşaq dünyaya gəlir. Bu və bənzər porblemləri həll etmək üçün nigaha daxil olan gənclər sağlamlıq haqqında arayışı, eləcədə həkim məsləhəti haqqında arayış əldə etməli olacaq.

Bu baxımdan Hadı Rəcəbli qanuna dəyişiklikləri olduqca əhəmiyyətli və zəruri qiymətləndirib.

Hadı Rəcəblinin təqdimatından sonra deputat Vahid Əhmədov nigaha daxil olan şəxslərin sağlamlıq arayışının həqiqiliyinə kimin zəmanət verəcəyi haqda sual verib:

“Xəstə olan şəxs də hansısa yollarla belə arayış əldə edə bilər. Pulunu verib, sağlam olmaları haqda arayış ala biləcəklər. Kim verilən arayışın doğruluğuna zəmanət verə bilər. Fikrimcə, biz qanunu qəbul edərkən belə halları da nəzərə almalıyıq”.

Ziyafət Əsgərov isə həkim arayışlarının tam pulsuz veriləcəyini bildirib.

Hadı Rəcəbli əlavə edib ki, nigaha daxil olmaq istəyənlərin hansı xəstəliklər üzrə yoxlanılacaqlarını Nazirlər Kabineti təsdiqləyəcək:

“Burada təxminən 6 xəstəlik üzrə yoxlamalardan söhbət gedir. QİCS, vərəm və bu kimi digər yoxlucu xəstəliklər yoxlanılacaq. Yoxlanışdan keçən xəstələrin hansı xəstəlikdən əziyyət çəkdikləri arayışda Bahar Muradova müzakirələrdə səslənən fikirləri ümumiləşdirib bütün təkliflərin qanun işlədikcə nəzərə alınacağını bildirib.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

ZİYAFƏT ƏSGƏROVA ETİRAZ- «BİZƏ DAMĞA VURMAYIN»

Bu gün Milli Məclisdə təsdiqlənməyə çıxarlımış bir sıra qanun layihələri deputatların narazılığına səbəb olub. “Məşğulluq haqqında”, “Reklam baqqında”, “Turizm haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlara edilən dəyişikliklərə iradların bildirməsi isə vitse-spiker Ziyafət Əsgərovu hövsələdən çıxardıb.

Parlament sədrinin birinci müavini deputatlara qanunları diqqətlə oxumağı, gündəliyə nəzər salmağı, hüquqi məsələləri araşdırmağı tövsiyə edib.

Lakin onun sözləri növbəti etirazlara səbəb olub. Fazil Mustafa hüquqşünas olduğunu xatırladaraq özünün barəsində “qanunları anlamırsınız, oxumursunuz” kimi ifadələrin səslənməsinə kəskin iradını bildirdi.

Eyni zamanda, Sabir Rüstəmxanlı da öz çıxışının populist adlandırılmasından narazılğını ifadə etdi:

“Mənə belə damğa vurulmasını qəbul etmirəm. Fikrimi əsaslandırıb demişəm. Mən vətəndaşların hüquqlarının məhdudlaşdırılmasından danışıram. Bunu populist adlandırmaq olmaz”.

Sabir Rüstəmxanlı da öz çıxışının populist adlandırılmasından narazılğını ifadə edib
Sabir Rüstəmxanlı da öz çıxışının populist adlandırılmasından narazılğını ifadə edib

S.Rüstəmxanlı təkliflərinin ciddiyə alınmamasından da gileylənib:

“Xahiş edirəm ki, millət vəkilərini qeydlərinə, təkliflərinə diqqətlə yanaşılsın. Söz deyirik, təkliflərin heç biri komitələrdə ciddi müzakirəyə çıxarılmır. Havadan danışmırıq ki...”

Ziyafət Əsgərov isə cavabında:

“Axı siz konkret təklif vermirsiniz ki, onu müzakirə edək. Siz iqtidarı ittiham edəndə, mən durub burda baxmalıyam? Deyirsiz ki, vətəndaşların başına oyun açılır. Nə ediriksə, vətəndaşların mənafeyi naminə edirik. Danışığınızın tonu elədir ki, gərək ittihamlara cavab verək”- dedi.

QOHUMUNU XARİCDƏ İŞƏ DÜZƏLTMƏK QADAĞAN OLUNDU

Milli Məclisdə “Məşğulluq haqqında” qanuna bir sıra dəyişikliklər edilib. 14-cü maddəyə edilən dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağan edilir. Yəni, bu işlə yalnız hüquqi şəxslər, firmalar məşğul ola bilər, kimsə tanışını, qohumunu xaricə aparıb işə düzəldə bilməz.

Bəzi deputatlar bu dəyişiklikləri qanuna zidd hesab etdiklərini bildirdilər. Qeyd olundu ki, bəzən Rusiyada, Türkiyədə və ya digər ölkələrdə yaşayan azərbaycanlılar öz tanışlarını, qohumlarını həmkəndlilərini ora aparıb işlə təmin edirlər. İndi bunun qadağan edilməsi xeyli adamın işsiz qalmasına səbəb olacaq.

Bakı, yeni yaşayış binası
Bakı, yeni yaşayış binası

O da qeyd olundu ki, Azərbaycanda ev tikintisi zamanı minlərlə insanlar aldadılıb. Və bu fırıldaqların hamısını hüquqi şəxslər edib. Ziyafət Əsgərov isə düzəlişlərin çox düzgün olduğunu bildirdi:

”Bizim yanımıza onlarla aldadılmış şəxslər gəlirlər. Deyirlər ki, aparıb işlədiblər, indi sosial müavinətimiz yoxdur, pensiyamız yoxdur. Fiziki şəxs olanda Rusiyadan Belorusiyaya, ordan da Ukraynana qaçır. Hüquqi şəxsi isə dövlət tanıyır, onun bankda hesabı var, hüquqi ünvanı var, axtarıb tapmaq olur”.

Millət vəkili Çingiz Qənizadə isə dəyişiklərin bu məsələyə düzən gətirəcəyini söylədi. “İnsan alveri qurbanlarının çoxunun həyat tərzini araşdırsaq, məlum olacaq ki, onları müəyyən şəxslər işə düzəltmək adıyla aparıb aldadıblar. Bu sahədə dələduzluq baş alıb gedir. Kimsə özünə ofis açır, ölən adamın pasportu ilə icarəyə götürür, yüzlərlə adamı aldadr, sonra da aradan çıxır, tapmaq da mümkün olmur. Ancaq hüquqi şəxs yaradanda həmin adam vergi də verir, onu tapmaq da olur. Hüquq şəxs yaratmaq isə adi haldır, 3 günə qeydyyatdan keçirmək mümkündür”.

ƏLİL TƏLƏBƏLƏR TƏHSİL HÜQUQUNDAN AZAD EDİLSİN

Parlamentin payız sessiyasının bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış və ali məktəblərdə ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad olunmasını təklif edib.

Qənirə Paşayeva,millət vəkili
Qənirə Paşayeva,millət vəkili

Dövlətin hər zaman əlillərə və sağlamlıq imkanları məhdud olanlara diqqət və qayğı göstərdiyini qeyd edən millət vəkili ali məktəblərə ödənişli əsaslarla daxil olan I və II qrup əlillərin təhsil haqqından azad edilmələrinin yaxşı addım ola biləcəyini deyib.

Millət vəkilinin fikrincə, bu addım ali təhsil müəssisələrinə üz tutan əlil gənclərin ödəniş problemini həll etməklə yanaşı, yüzlərlə əlil gəncin ali təhsilə meyilinin artmasına və deməli, gələcəyinin təminatına, inkişafına, həyata daha çox sarılmasına önəmli dərəcədə təsir edər.

AQRAR UNİVERSİTETİN TƏLƏBƏLƏRİNİN SAYI İLBƏİL AZALIR

İndiyə kimi Azərbaycan Aqrar Universitetində 60 min mütəxəssis yetişib, hazırda bu müəssisənin 5 min tələbəsi var. Amma onların sayı ildən-ilə azalır. Bu haqda narahatlığını deputat Asəf Hacıyev bölüşüb.

“Azərbaycan kənd təsərrüfatı ölıkəsidir. Lakin ildən-ilə bu ali məktəbə qəbul azalır. Tələbələr rayonlara gedib işləmək istəmirlər. Ona görə də kənd sakinləri üçün xüsusi imtiyazlar kvotası olmalıdır. Bu təqaüd formasında da olar. Bunu etsək, kənd təsərrüfatının inkişafına da yardım göstərimiş olardıq”.

MİLLİ MƏCLİS «TURİZM HAQQINDA» QANUNA DA DƏYİŞİKLİKLƏR EDİB

Yeni dəyişikliyə görə, Azərbaycana gəlmək üçün viza tələb olunduqda əcnəbilər və vətəndaşlığı olmayanlar turizm vizası almalıdırlar. Turizm vizası 30 günədək müəyyən edilir. Viza almaq istəyənlər müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Turistlərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

Fazil Mustafa bildirir ki, ölkəyə gələn turizmi inkişaf etdirmək üçün əngəllər aradan qaldırılmalıdır:

Şəki, Azərbaycan
Şəki, Azərbaycan

“Qoy Azərbaycana pul gəlsin. Bunu niyə məhdudlaşdırılmalıyıq? Maraqlıdır görəsən, “Turizm haqda qanun”u Gürcustan parlamenti qəbul edərdimi? Azərbaycanlıların pulları Batumidə, Gürcüstanın digər bölgələrindədir”.

Siyavuş Novruzov bildirdi ki, təhlükəsizlik sistemi ilə bağlı ölkəyə gələnlərdən vizaların tələb olunması normal haldır: “Burada fiziki şəxslərin hüquqlarının pozulmasından söhbət getmir. Əksər ölkələrdə bu tələblər mövcuddur. Bizim diplomatik pasportlarımız var. Ona görə bu cür problemlərlə rastlaşmırıq. Amma adi vətəndaşlar bu prosedurları keçirlər”.

«REKLAM HAQQINDA» QANUNUN YARATDIĞI NÖVBƏ

Oktyabrın 17-də parlamentdə “Reklam haqqında” qanununun 11-ci maddəsinə dəyişiklik edilib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu Miqrasiya Məcəlləsinə dəyişikliklərlə bağlıdır:

“Əlavə məlumat verim ki, “Reklam haqqında qanun”un qəbulu nəzərdə tutulub. Artıq bu layihə komitədə müzakirə edilib. Yeni layihəni Əli MəsimliVahid Əhmədov hazırlayıb”.

Qanuna dəyişikliklərlə bağlı deputatların çoxu çıxışa yazılıb. Ancaq vitse-spiker deyib ki, söhbət sadəcə 11-ci maddəyə əlavədən gedir:

“Əgər siz reklam problemi ilə bağlı danışmaq niyyətindəsinizsə, yaxın günlərdə bu qanun müzakirəyə çıxarılacaq, o zaman fikirlərinizi ifadə edərsiniz”.

“AQİL MÜƏLLİM, GƏRƏK SƏN DƏ LEYLA YUNUS OLASAN”

“Turizm haqqında” qanuna edilən dəyişikliyin müzakirəsi zamanı maraqlı açıqlamalar səsləndirlib. Deputat Aqil Abbas Fransa səfirliyindən və digər Avropa ölkələrinin səfirliklərində viza almağın çox çətin olduğundan şikayətlənib.

“Leyla Yunusa bir saata 5 illik viza açan Fransa səfirliyində biz 20 gün gözləməli oluruq. Necə olur ki, Azərbaycana gələn hər bir kəsə adicə otelə zəng etməklə imkan yaradırıq ki, gəlsinlər?”

Aqil Abbasın bu iradına vitse-spiker Ziyafət Əsgərov zarafatla cavab verdi:

“Fransa səfirliyindən 1 saata viza almaq üçün gərək Leyla Yunus olasan”.
Parlament sədrinin müavinini bu atmacası deputatlar tərəfindən gülüşlə qarşılandı.

ASƏF HACIYEV: «VİP-DƏN GƏLƏN QONAĞIN ƏŞYALARI NİYƏ YOXLANILIR?»

"Dünyanın heç bir ölkəsində hava limanında gələn vətəndaşın əşyaları monitorda yoxlanmadan keçirilmir. Özü də VİP ilə gələn əməkdaşların”.

Deputat Asəf Hacıyev bu vəziyyətlə bağlı fikrini Milli Məclisin iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, Bakıda keçirilən humanitar foruma gələn qonaqlardan biri belə yoxlamadan keçəndə buna çox qəribə reaksiya verib. A.Hacıyev bu məsləyə diqqət yetirilməsini istəyib.

Asəf Hacıyev həmçinin uzun illər Azərbaycandan kənarda işləyən dövlət məmurlarının xaricdə aldıqları daşınmaz əmlak üçün gömrükdə yüksək miqdarda rüsum ödəməsi ilə bağlı tələbin ləğvini istəyib. Onun fikrincə, dövlət xətti ilə xaricdə uzunmüddətli ezamiyyətdə olan şəxslər bu rüsumdan azad olunmalıdır:

“Bunun büdcəyə böyük zərbə vuracağını fikirləşmirəm. Əvəzində xeyli insana kömək etmiş olarıq”.

SİYAVUŞ NOVRUZOV: «NAXÇIVANLA BAĞLI QƏRAR QƏBUL ETMƏLİYİK»

Deputat Siyavuş Novruzov Naxçıvanın 90 illik yubileyi haqqında danışıb. O deyib ki, müstəqilliklə bağlı ilk addımlar Naxçıvandan başlayıb:

Siyavuş Novruzov:"Müstəqilliklə bağlı ilk addımlar Naxçıvandan başlayıb"
Siyavuş Novruzov:"Müstəqilliklə bağlı ilk addımlar Naxçıvandan başlayıb"

“Naxçıvan blokadadadır. Hər tərəfdən düşmənlə əhatə olunub. Yalnız Türkiyə ilə 11 kilometrlik sərhədi var. Ermənistanla ən çox sərhədi olan da Naxçıvandır. Blokadaya görə, Leninqrada “qəhrəman şəhər” adı verildi. Leninqrad cəmi 2 il blokadada qalıb, Naxçıvan isə 24 ildir ki, blokadada yaşayır. Bu il Naxçıvanın 90 illiyi, müstəqilliyimizin 24 illiyidir. Hesab edirəm ki, biz parlamentdə bu haqda düşünməli, Naxçıvanla bağlı qərar verməliyik. Bu Naxçıvanın düşmən qarşısında daha mətin olmasına da müsbət təsir göstərər”.

PULLAR İCTİMAİ AKSİYALARA YÖNƏLDİLİRDİ

"Bu yaxınlarda qrant ayrıan təşkilatlardan biri SOROS özü elan etdi ki, Gürcüstandakı qızıl gül inqilabının dəstəkçisi olub.

Sən ekologiyaya, tədris elan olunmusansa sənin inqilabla nə işin var? Bəli Bunlar Leyla Yunus kimilərə vəsait ayrırılar. Seçkilərin monitorinqi təşkilatı aldıqları pulları qeydiyyatda keçirmədən seçkiləri necə monitorinq edirdilər? Evdə oturub monitorinq edirdilər?
Bəli bu pullar ictimai aksiyalara yönəldilirdi. Bu qanun onları əyri yoldan çəkinib, düz yola qayıtmağa dəvət edir "

VAHİD ƏHMƏDOV: «MÜSTƏQİLLİK GÜNÜ QEYRİ-İŞ GÜNÜ ELAN OLUNMALIDIR»

Millət vəkili Vahid Əhmədov 18 Oktyabr Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb:

“Əgər 1918-ci ildə Azərbaycan 23 ay müddətində müstəqillik dövrünü yaşadısa, 1991-ci ildən sonrakı müstəqillik illərində Azərbaycan böyük iqtisadi inkişafı yolu keçib. Son 10 ildə bu işdə İlham Əliyev mühüm işlər görüb və bütün çıxışlarında dövlət müstəqilliyini önə çəkib. Müstəqillik Günü 18 oktyabrdır. Mən də vaxtı ilə bu zalda Heydər Əliyevlə birlikdə müstəqillik aktına səs verən şəxs olaraq bu şərəfli tarixin qeyri iş günü elan olunmasını və silsilə tədbirlərin görülməsini təklif edirəm”.

Deputat müstəqillik aktına səs verən sabiq deputatlar arasında xəstələrin olduğunu, onlara diqqət göstərilməsini bildirib.

GÖYÇƏ VƏ ZƏNGƏZURUN ERMƏNİLƏRƏ VERİLMƏSİ MİLLİ MƏCLİSDƏ QALDIRILIB

Deputat Fəzail Ağamalı 1918-ci il Batum müqaviləsi haqqında danışıb:

Fəzail Ağamalı:"İrəvanda Azərbaycan məktəbləri mövcud deyil"
Fəzail Ağamalı:"İrəvanda Azərbaycan məktəbləri mövcud deyil"

“Bu müqavilədə qoyulan öhdəliklər yerinə yetirilməyib. Ermənilər bir an belə dayanmayıblar. Bizə qarşı ərazi iddiaları irəli sürülüb, bu gün İrəvanda Azərbaycan məktəbləri mövcud deyil, ərazilərimizin 20 faizi işğal edilib. Və bu proses indi də davam edir”.

Deputat daha sonra SSRİ dövründə Zəngəzur və Göyçə mahalının Ermənistana verilməsindən danışıb. O həmin zaman da razılaşmanın şərtlərinin pozulduğunu, “erməni təcavüzü”nün davam etdiyini vurğulayıb: “Fikrimcə, biz bu məsələlər haqqında ciddi düşünməli, bunu qaldırmalı və ilk olaraq hüququ baza yaratmalıyıq. Təklif edirəm ki, XİN-də xüsusi qrup yaradılsın və bizim qaldırdığımız olan bu məsələ ilə bağlı addım atsın”.

------------

«XEYİR OLA, TÜRKİYƏ NİYƏ İRAQA TƏK GİRMƏLİDİR?»

Millət vəkili Zahid Oruc Türkiyənin İraqa qoşun yeritməsi ilə bağlı Qərb dairələrinin tələbinə etirazını bildirdi. Onun fikrincə, Türkiyə bu addıma getməməlidir:

Zahid Oruc, MM üzvü
Zahid Oruc, MM üzvü

“Xeyr ola, Türkiyə niyə ora daxil olmalıdır? Bu ölkədəki xaosun və vəhşətin başlıca səbəbi Türkiyə ilə əlaqəli deyil. Qərb dairələri əgər doğrudan da İslamı cihadçıların əlindən almaq istəyirlərsə, daha real addımlar atmalıdırlar, əvvəlcə özləri yeriməlidir. Türkiyə İraqa daxil olub İŞİD-çilərlə mübarizəyə başlasa, onda öldürən də müsəlman, ölən də müsəlman olacaq, onda daha bunların harası müsəlman olacaq?”

Z.Oruc hesab edir ki, bəzi ölkələr bu tələbi irəli sürməklə Türkiyənin əleyhinə məkrli planlarını həyata keçirirlər.

“Biz parlament olaraq Türkiyənin soyuqqanlı münasibətini qəbul etməliyik. Beynəlxalq qüvvələr olmadan Türkiyənin öz qoşunlarını ora yeritməsi bu ölkənin böyük bir bataqlığa düşməsi demək olardı”.

«ÖZÜMÜZ DƏ DAĞLIQ QARABAĞ KOMİTƏSİ YARATMALIYIQ»

“Dağlıq Qarabağ ermənilərinin dostları klubuna daxil olanların Azərbaycana gəlişi qadağan edilsin”.

Bu təkliflə Fazil Mustafa çıxış etdi. Müstəqillik günü ərəfəsində belə bir klubun yaradılmasını pisləyən deputat Azərbaycan parlamentinin bu məsələ ilə bağlı xüsusi bir müraciət qəbul etməsini istədi.

Fazil Mustafa:"Milli Məclisdə Dağlıq Qarabağ Komitəsini yaratmalıyıq"
Fazil Mustafa:"Milli Məclisdə Dağlıq Qarabağ Komitəsini yaratmalıyıq"

“Azərbaycan parlamenti Avropa Parlamentini bu addımdan çəkinməyə çağırsın, kim qərara dəstək olacaqsa, onların Azərbaycana gəlişi qadağan olunacaq. Əgər Avropa İttifaqı tərəfindən belə bir addım atılırsa, biz özümüz də Milli Məclisdə Dağlıq Qarabağ Komitəsini yaratmalıyıq. Çünki indiyə kimi AŞPA-da ən böyük uğurlarımızdan biri məhz Dağlıq Qarabağ icmasının nümayəndəsi kimi Rövşən Rzayevin iclaslarda çıxışı olub. Ona görə də qabaqlayıcı tədbirlər görməliyik”.

«QARABAĞDAN OYUNCAQ KİMİ İSTİFADƏ EDİRLƏR»

Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentində Dağlıq Qarabağ erməniləri dostları qrupu yaradılması haqqında təşəbbüsdən danışdı. Bildirdi ki, bu addım rəsmi səviyyədə atılmır:

“İndiyə kimi Milli Məclis Azərbaycanla bağlı qəbul edilən ədalətsiz qətnamələrin hamısına öz münasibətini bildirib. Rəsmi olmayan məsələlərdə diqqətli olmalıyıq. Amma bu dostluq qrupunun yaradılması haqqında məlumat yalnız erməni saytlarında çıxıb, Avropa mətbuatında bu barədə heç bir məlumat yoxdur. Ona görə də rəsmi qərar olmadan münasibət bildirməyək”.

Millıi Məclis sədri Oqtay Əsədov Dağlıq Qarabağ icmasını daha aktiv olmağa, fəaliyyətini gücləndirməyə çağırdı. Spiker onu da xatırlatdı ki, bu günlərdə Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində qəbul edilən sənəddə işğala məruz qalan ölkələr sırasında yalnız Gürcüstan və Moldovanın adının olmasının qarşısı ədliyyə naziri Fikrət Məmmədov alıb. Əsədov nazirin səyi nəticəsində Azərbaycanın adının o sənədə salınmasını xatırlatdı: “Bu uğurlarımızdan da danışmaq lazımdır”.

HƏRBİ XİDMƏTDƏ OLANLAR ÖLKƏDƏN GETMƏK ÜÇÜN İCAZƏ ALACAQ

Bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilib. Qanun layihəsi barədə məlumat verən vitse-spiker, Milli Məclisin Təhlükəszlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, dəyişikliyə əsasən bundan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və

Ziyafət Əsgərov: "Hərbi xidmətdə olanlar ölkədən getmək üçün icazə alacaq"
Ziyafət Əsgərov: "Hərbi xidmətdə olanlar ölkədən getmək üçün icazə alacaq"

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycandan gedə bilərlər.

Onun sözlərinə görə, bu qayda həmçinin Azərbaycan hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara da şamil olunur.

XS
SM
MD
LG